İllik hesabatı qənaətbəxş hesab etmək olar

Gender bərabərliyinin təmini üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir

"Atalara da analarla yanaşı məzuniyyət verilməli, həm də bu, ödənişli məzuniyyət olmalıdır"
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

   Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı təqdim olunub.  İllik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin dünən keçirilən iclasında açıqlayıb. Məlumat göstəriciləriylə diqqət çəkir. 

Burada 2020-ci il ərzində ölkə üzrə ailə-məişət məsələləri fonunda baş vermiş hadisələr, erkən nikah, 18 yaşa çatmamış analar, həmçinin rəsmi nikahsız anaların dünyaya gətirdiyi körpələrlə bağlı statistik göstəricilər qeyd edilib. Məlumata nəzər yetirdikdə ötən illərlə müqayisədə gender problemləri, ailə, demoqrafiya məsələləri ilə bağlı göstəricilərdə müsbətə doğru dəyişiklik olduğu görünür. 

Bu da əlbəttə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı məqsədyönlü fəaliyyətin nəticəsi hesab edilməlidir. Məlumatı açıqlayan komitə sədri Bahar Muradova 18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikasını təqdim edib. B.Muradova qeyd edib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. 

Onlardan Aran iqtisadi rayonu üzrə 698 nəfər, Gəncə-Qazax iqtisadi rayonu üzrə 325 nəfər, Lənkəran iqtisadi rayonu üzrə 306 nəfər və Dağlıq Şirvan iqtisadi rayonu üzrə 109 nəfər qeydə alınıb. Ən az göstərici isə Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 40 nəfər olmaqla qeydə alınıb. Ötən il 165 nəfər 15 yaşınadək qızın nikahı qeydə alınıb. B.Muradova  qeyd edib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər, 2019-cu ildə isə 2320 olub. Ötən il qısqanclıq, ailə münaqişəsi və s. məişət problemləri zəmnində 973 cinayət hadisəsi baş verib. Bu rəqəmlər də Milli Məclisdə dünən müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapır. 2020-ci ildə ölkə üzrə qadınlara qarşı 5 176, o cümlədən zorakılıqla müşayiət olunan 2 067 cinayət qeydə alınıb. Həmin cinayətləri törətmiş 2 414 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub. Ötən il Azərbaycanda nikahları rəsmi qeydə alınmamış analar tərəfindən doğulan uşaqların sayı da açıqlanır.  

Məlumata əsasən 2020-ci ildə ümumilikdə 126 571 uşaq doğulub. Onlardan 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qızdır. Bu uşaqlardan 108 857 nəfəri (58 219 oğlan, 50 638 qız) rəsmi nikahlardan, 17 714 nəfəri isə (9 188 oğlan, 8 526 qız) qeyri-rəsmi nikahlardan doğulub. Statistik göstəricilərdən əlavə illik hesabatda maraqlı təklif də irəli sürülüb. Təklif həyat yoldaşının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olmasından ibarətdir. “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur. Bundan əlavə, seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün də müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi təklifi də var. 

İllik hesabatı qənaətbəxş hesab edən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında gender bərabərliyinin təmini üçün qanunvericiliyə dəyişiklik edilməsinin zəruri olduğunu dedi: 

- İllik məlumatda gender və ailədaxili problemlərlə bağlı məlumatlar əksini tapır. Bu məlumatlara əsasən ölkədə ailə-məişət və gender məsələlərində hansı problemlərin mövcud oduğunu görə bilirik. Dövlət Komitəsinin üzərinə böyük yük düşür. Xüsusilə də erkən nikahların qarşısının mümkün qədər alınması, məişət problemlərinin yerində həll edilməsi. Sizə bildirim  ki, bu məsələlərdə qeyri-hökumət təşkilatları, ictimai institutlar da fəallıq göstərir. Lakin dövlətin əlində daha təsirli vasitələr var. Bu məsələlərdə dövlət orqanlarının ictimai institutlarla birgə əməkdaşlığı vacibdir. 

K.Ağazadə qeyd etdi ki, həyat yoldaşının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olmasıyla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklifini dəstəkləyir: 

- Biz gender bərabərliyinin təmin edilməsinə çalışırıqsa, atalara da analarla yanaşı məzuniyyət verilməli, həm də bu, ödənişli məzuniyyət olmalıdır. Uşaq təkcə anaya aid deyil, həm də ataya aiddir.  Əvvəllər belə məsələlər ərazi üzrə poliklinikalar tərəfindən verilən xəstəlik barədə arayışlar (bülleten) vasitəsilə həll edilirdi. Həyat yoldaşı körpə dünyaya gətirən kişilər – atalar müəyyən müddətə işə getmir və məhz bu arayışlar əsasında əmək haqqı, səhv etmirəmsə 85 faiz ödənilirdi.  İndi bu məsələni qanunvericiliyə müvafiq dəyişikliklə həll etmək olar. 14 günlük müddəti 1-3 ayadək uzatmaq da mümkündür. Niyə qadın körpəyə təkbaşına qulluq etməlidir? Körpəyə həm ana, həm də ata qulluq edərsə, ailənin problemləri azalar. Ödənişli məzuniyyət hüququnun bərpasıyla dövlət də gənc valideynlərə dəstək olar. Həm zəruri maddi dəstək, həm də mənəvi dəstək. Artıq çoxdan sübut olunub ki, atayla ünsiyyət, atanı yanında hiss etmək körpəyə müsbət impulslar ötürülməsinə səbəb olur.  Bu, qadına – anaya da böyük dəstəkdir.  Mən bu təklifi alqışlayıram. Təki qəbul edilsin.