Tələbə-inşaat dəstələrinin yaradılmasını istəyiriksə, motivasiya olmalıdır

Birdən-birə 10 min tələbəni Qarabağa göndərmək düzgün deyil

Quruculuq işlərinə hər ali məktəbin tələbələrini deyil, mühəndis, inşaat, memarlıq və aqrar ixtisasların tələbələrini cəlb etmək olar

Qarabağda tələbə-inşaat dəstələri işləyəcək. Əgər millət vəkili Aqil Abbasın təklifi diqqətə alınıb qəbul edilərsə. 

Milli Məclisin dünənki toplantısında deputat Aqil Abbas tələbə-inşaat dəstələrinin yaradılması təklifiylə çıxış edib. Deputat deyib ki, Azərbaycan gəncləri gedib Qarabağda işləməlidirlər: 

"Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?". 

Millət vəkili qeyd edib ki, Ağdamda bu gün böyük işlər görülür, şəhər bərpa olunur. Bu işlər bütün Qarabağda görülür. Tələbə-gənclərin quruculuq işlərinə cəlb edilməsi bölgənin qısa zamanda dirçəldilməsinə dəstək olar. 

Tələbə-inşaat dəstələri ötən əsrin sovet idarəetmə sistemində mövcud idi. Adətən yay aylarında semestr imtahanları başa çatdıqdan sonra ali məktəblərin tələbələrindən ibarət inşaat dəstələri təşkil edilirdi. Bu dəstələr müxtəlif rayonlarda inşaat, tikinti işlərinə cəlb edilirdilər. Bu, sovetizmin müsbət ənənələrindən sayıla bilər

Baxmayaraq ki, tələb-inşaat dəstələri ucuz işçi qüvvəsi idi və yerli orqanlar onlardan yarımçıq qalmış işlərin başa çatdırılmasında sui-istifadə edirdi, yenə də müsbət tərəfləri yox sayılmırdı. Tələbə gənclər əmək fəaliyyəti ilə məşğul olurdu, ictimai işlərdə iştirak etməklə sosiallaşırdılar. Bu ənənəni bərpa etmək indi tələbələrə nə vəd edir? 

Təhsil eksperti,  Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov  “Şərq”ə açıqlamasında qeyd etdi ki, tələbə-inşaat dəstələrinin yaradılmasını istəyiriksə, motivasiya olmalıdır: 

- Dünya təcrübəsində tələbə həmişə ucuz işçi qüvvəsi hesab edilir. Hətta dünyanın ən reytinqli, məşhur ali təhsil müəssisələrində təhsil alan tələbələr də əlavə gəlir əldə etmək məqsədilə dərsdən kənar müddətdə haradasa işləməyə çalışırlar. Kafe, restoran, tikinti, idarələrdə kuryer, daşıyıcı, gözətçi və sair. Bunlar yüngül işlərdir, konkret iş saatı olmur deyə tələbələrə sərf edir. Dərsdən sonra əmək fəaliyyəti ilə məşğul olur, əvəzində əmək haqqı alır, müəyyən ehtiyaclarını qarşılayırlar. Bizdə də belədir. İşləyib əlavə gəlir əldə etmək istəyənlər iş axtarışına çıxır. Demək olmaz ki, hamı uyğun iş tapır, çünki iş yeri tapmaq da çətindir. Sovet vaxtı da tələbə-inşaat dəstələri vardı. Bütün SSRİ məkanında. Ölkəmizdə də həmçinin. Tələbə-inşaat dəstələrinin tərkibində bölgələrə gedirdilər və müəyyən işlərin icrasında yerli təşkilatlara kömək edirdilər. Onlara az da olsa, müəyyən ödənişlər edilirdi.  Amma düşünürəm ki, millət vəkili Aqil müəllimin dediyi kimi, Qarabağda tikinti, inşaat işlərində iştirak etmək istəyənlər bunun müqabilində muzd istəməyəcək. Çünki hazırda Azərbaycan xalqı Qarabağın tez bir zamanda bərpa edilməsini, soydaşlarımızın yurdlarına tezliklə qayıtmasını, Qarabağda həyatın axarıyla davam etməsini arzulayır. Bunun üçün gənclərimiz yardım göstərməyə də hazırdır. Tələbə-inşaat dəstələrinin yaradılması müsbət təklifdir. Amma burada mütləq motivasiya olmalıdır. Hətta tələbə-gənclər təmənnasız çalışmaq istədiklərini bildirsələr belə. Motivasiya nədən ibarət ola bilər, məsələn, inşaat dəstəsində çalışdıqları müddət tələbələrə əmək fəaliyyəti, iş stajı kimi qeyd edilməlidir. Yaxud da əgər tələbə-gənclər hansısa özəl şirkətin işçi qüvvəsi olacaqsa, onlara normal əmək haqqı ödənməlidir. Yay aylarında, semestr imtahanları başa çatdıqdan sonra belə dəstələr yaratmaq olar. Amma tədris ili müddətində bunu həyata keçirmək çətin olacaq. Birincisi, tələbələr tədris proqramını mənimsəməli, tapşırıqları yerinə yetirməlidirlər. İki iş birlikdə mümkün olmaz. O zaman mümkün olar ki, ali məktəb Qarabağda olsun və tələbə asudə vaxtında əmək fəaliyyəti ilə məşğul olsun. Ali təhsil müəssisələrinin işğaldan azad edilmiş bölgələrdə tezliklə fəaliyyətə başlaması vacibdir. Bu həm bölgənin inkişafına kömək edər, həm də məskunlaşmaya dəstək olar. Bakıda məskunlaşma niyə fantastik həddə çatıb? Çünki ali məktəblər var və tələbələr təhsil almağa paytaxta gəlir. Bölgələrdə də ali məktəblər var. Amma mərkəz Bakıdır. Əgər işğaldan azad edilmiş bölgələrdə ali təhsil müəssisələri, həmçinin regional bölmələr, filiallar fəaliyyətə başlasa, həmin bölgədən olan tələbələr o təhsil müəssisələrində təhsil alar, bununla həm regionda məskunlaşma sürətlənər, həm də quruculuq işlərinin sürətli aparılması üçün əlavə işçi qüvvəsi əldə etmiş olarlar. 

K.Əsədov qeyd etdi ki, tələbə-inşaat dəstələri yaradılarsa, bura hər ali məktəbin tələbələri deyil, mühəndis, inşaat, memarlıq və aqrar ixtisaslar üzrə tələbələr cəlb edilməlidir:  

- Bu, nəzəri biliklərə yiyələnən tələbə üçün təcrübə meydanı olacaq. Nəzəri biliklərini tətbiq edə biləcəklər. Birdən-birə 10 min  tələbəni Qarabağa göndərmək də düzgün olmaz. Bunun təhlükəsizlik, nəzarət, idarəetmə, yerləşdirmə, təminat məsələsi də var.