Ölkənin aparıcı siması şou-biznes adamları ola bilməz

Metroda təbrikləri alim, sənətkar, qəhrəmanımız, hətta generalımız da səsləndirə bilərdi

Cəmiyyətin aparıcı qüvvəsi kimi önə çəkilməsi halı uzun müddətdir davam edir

Bir sərnişinin alimdən, həkimdən, pedaqoqdan təbrik eşitməsi bu ixtisaslara hörməti və marağı artırar.  Gənclər də görər ki, bu ölkədə elm adamlarına hörmət qoyulur, onlar da elm ardınca gedər

   Bakı metropoliteni maraqlı layihə həyata keçirir. Adət etdiyimizin əksinə, stansiyaların adlarını, növbəti dayanacaq haqqında məlumatı tanınan şəxslər səsləndirir. Eyni zamanda həmin şəxslər sərnişinləri Dünya Azərbaycanlılarının həmrəylik Günü və Yeni İl münasibətiylə də təbrik edirlər. Onların səsi, demək olar tanışdır.  Metronun uğultusu bir qədər mane olur, amma ümumən səsləri tanımaq çətin deyil. Həm də bu şəxslər özlərini də təqdim edir. Səhv etmirəmsə, ötən il də bu “təbrik çarxı” fırlanırdı. Bu il də eyni səs yazılarıdır. 

Layihə, dediyim kimi maraqlıdır. Lakin həm də düşündürücüdür.  Nə barədə? Hər stansiyada sərnişinləri məlumatlandıran və təbrik edənlər incəsənət və şou-biznes sahəsinə aid olanlardır: Bəhram Bağırzadə, Murad Dadaşov, dicey Fateh, Aqil M.Quliyev, Tural Əsədov, Oleq Əmirbəyov, Nərgiz Cəlilova, Miri Yusif... Mənzil başına çatanadək səsini eşitdiyim bu şəxslərdir. Bəlkə başqa şəxslər də təbriklərdə iştirak edir. Lakin eşitdiyim qədər 1 nəfərin səsinin 2 dəfə təkrarlanması halı da var. Ola bilsin, daha uyğununu tapa bilməyiblər, ondandır. Burada kiminsə şəxsiyyətinə yönəlik qərəz axtarmağa dəyməz. Bu insanlar incəsənət, musiqi, aparıcılıq, şou-biznes sahəsində tanınırlar. Amma niyə məhz şou-biznes, incəsənət adamları? Bu ölkədə başqa peşə sahibləri arasında tanınan, məşhur olan insanlar yoxdurmu? Nədənsə, həmişə şou-biznes adamları önə çıxarılır.  Metro müxtəlif ixtisas, peşə sahiblərinin, uşağından qocasına qədər müxtəlif yaş qruplarının daim istifadə etdiyi nəqliyyatdır. Yaşlı insan üçün dicey Fateh, yaxud Aqil M.Quliyev, ya da Miri Yusif nə qədər maraqlı personadır? Məncə, Yeni il təbriki, xüsusilə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü şou motivli hadisə, şou motivli əlamətdar gün sayılmaz. Hər iki bayram şənlik, şuxluq, sevinclə bərabər həm də ciddi mesajların verilməsi gərəkən tarixlərdir. Bu adamlar onsuz da efirin daimi qonaqlarıdır. Murad Dadaşov isə artıq tele-şirkət rəhbəridir.  Metro kimi insanların kütləvi istifadə etdiyi nəqliyyatda təbrikləri səsləndirmək üçün şou-biznesə aid olmayan tanınmış şəxsləri də seçmək olar. Məsələn, ölkə üçün faydalı iş görmüş bir alim, həkim, hakim, pedaqoq, mühəndis... Təbrikləri səsləndirənlərdən biri niyə də  Vətən müharibəsinin iştirakçısı, qəhrəman əsgər, zabit, hətta general olmasın?!. Ya da sıravi bir polis əməkdaşı. Məgər ictimai asayişin keşiyində dayanan polis əməkdaşı müğənnidən, diceydən daha az gərəklidir? Metroda səslənən təbriklər insanda belə təəssürat yaradır ki, ölkənin tanınmış və təbrik etməyə layiq şəxsləri ancaq aktyorlar, müğənnilərdir, ölkənin siması da diceylər, ya da prodüserlərdir. Deyəcəksiz, alimi kim tanıyır? Deməli, tanıtmaq lazımdır. Məhz belə layihələr çərçivəsində. Əyləncə də mənalı və məqsədə yönəlik olmalıdır. 

Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, bəzən üzərində dayanmağa lüzum görülməyən məsələlər əslində ciddi xarakter daşıyır: 

- Ola bilsin, kiməsə bu məsələ lazımsız görünsün və  “təbrikdir, cəmiyyətdə tanınan adamlar təbrik səsləndirir, burada hansı mənfi hal var?” deyilsin. Amma etirazlarda da ciddi həqiqət var. Müğənnilərin, incəsənət adamlarının, şou-biznes nümayəndələrinin cəmiyyətin aparıcı qüvvəsi kimi önə çəkilməsi halı uzun müddətdir davam edir. Elə bir vəziyyət yaranıb, sanki cəmiyyətin siması bu adamlardır. Hesab edirəm ki, bu, təhlükəli tendensiyadır. Cəmiyyətin aparıcı qüvvəsi ilk növbədə elm adamları, insanların ehtiyac duyduğu, cəmiyyəti idarə edən şəxslər olmalıdır. Düşünmürəm ki, hansısa elm adamı təbrik səsləndirməyə razılıq verməsin. Yenə də məhz elm adamlarını, müxtəlif peşə sahiblərini önə çəkmək lazımdır. Bir sərnişinin alimdən, həkimdən, pedaqoqdan təbrik eşitməsi bu ixtisaslara hörməti və marağı artırar.  Gənclər də görər ki, bu ölkədə elm adamlarına hörmət qoyulur, onlar da elm ardınca gedər. Şou-biznes önə çəkildikcə, cəmiyyət də şouya meyillənir. Müxtəlif peşə sahibləri önə çəkilmirsə, cəmiyyətin sanbalı da görünmür. Cəmiyyətin sanbalı, çəkisi yalnız incəsənət adamları və şou-bizneslə ölçülməməlidir. Sosial-fəlsəfi yanaşma səhv olduqda mənəvi dəyərlərə ziyan vurur.  Cəmiyyətimiz özünü sanballı təqdim etməlidir. Bunun üçün yalnız şou-biznes nümayəndələrindən istifadə etmək, onları önə çəkmək yanlışdır. 

Bakı Metropoliteni QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə “Şərq”ə açıqlamasında sözügedən layihənin 2019-cu ildə hazırlandığını dedi:

- Məqsəd bayram öncəsi və bayran günlərində sərnişinlərin ovqatını yüksəltmək, bayram əhval-ruhiyyəsi yaratmaq idi. Layihədə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvləri də iştirak edir. Əslində, bu layihə ilə bağlı planlarımız vardı. Tanıtmalı olduğumuz  insanların layihəyə cəlb edilməsini planlaşdırırdıq. Lakin ötən il pandemiya səbəbindən metronun fəaliyyətində də bir sıra məhdudiyyətlər oldu və biz bu layihəni genişləndirə bilmədik. Ona görə bu il də 2019-cu ildə hazırlanmış layihə təkrar icra olundu. Bu, metropolitenin öz təşəbbüsüdür. Yəqin ki, növbəti ildə layihədə yeniliklər olacaq.