Tağıyevin xidmətlərini saymaqla bitməz

"O, Azərbaycanda qızların təhsilinin önünü açmış bir şəxsdir"

“Prezident İlham Əliyevin tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını etməsi dövlət başçısının Azərbaycan tarixinə, mədəniyyətinə, tarixi şəxsiyyətlərə verdiyi diqqət və qayğının növbəti göstəricisidir”.

Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat vurğulayıb ki, Prezident Azərbaycan xalqı üçün önəmli və əhəmiyyətli olan hər məsələyə, hər məqama xüsusi diqqət nümayiş etdirir: 

“Hacı Zeynalabdin Tağıyevin Azərbaycan tarixində özünəməxsus yeri var. O, Azərbaycanda maariflənmə prosesinə, xalqın savadlanmasına öz töhfəsini vermiş mühüm şəxslərdən biridir. Tağıyev həm də Azərbaycanda qızların təhsilinin önünü açmış bir şəxsdir. İlk dəfə Azərbaycanda qızlar məktəbinin yaradılmasında onun müstəsna rolu olub. Həmin dövrdə buna çox ciddi müqavimət olsa da, Hacı Zeynalabdin Tağıyev Vətənini, millətini sevən insan kimi iradə ortaya qoyaraq məktəbin açılmasını reallaşdırıb. Qeyd edim ki, abidə Bakının mərkəzində, şəhərin ən gözəl yerində qoyulub. Heykəlin açılışında cənab Prezidentin iştirakı və nitqi isə xüsusi önəm daşıyır”.

İsmayıl