“Ramiz Mehdiyev getməlidir” - İşin öhdəsindən gələ bilmir!

“Fiziki cəhətdən akedemiyanın qarşısında duran tələbləri həyata keçirə bilmir”

“O, nə qədər tez gedəcəksə, öz hörmətini qorumuş olacaq. AMEA-ya böyük ehtiramını göstərmiş olacaq”


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin bir sıra görkəmli alim tərəfindən istefeya çağırılması son günlərdə aktual məsələsidir. Ramiz Mehdiyevin elmi ictimaiyyətə, tanınmış elm xadimlərinə müqavimət göstərərək tutduğu postdan istefa verməməsi ona qarşı çıxan alimlərin sırasını genişləndirir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov da bu şəxslər sırasındadır. O, AMEA prezidenti Ramiz Mehdiyevi istefa verməyə çağırıb. Onun sözlərinə görə, böhranın səbəbi AMEA-nın zamanın, cəmiyyətin və müasir elmin tələbləri ilə hesablaşmamasıdır:

 “AMEA bir elmi qurum olaraq müasir idarəetmə tələblərindən çox uzaqdır. Uzun illərdir ki, AMEA-da köklü islahatlara ehtiyac vardır. İlk növbədə, AMEA-nın idarə olunması, onun funksional təyinatı, missiyası üzrə ciddi işlər görülməli idi. Son illər müsbət istiqamətdə nəsə baş vermək əvəzinə, xüsusən Ramiz Mehdiyev AMEA-ya prezident olandan sonra mənfi, xoşagəlməz tendensiyalar baş alıb getdi”.

Eyni zamanda, bu gün sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor, AMEA-nın Riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov da  bu mövzuda düşüncələrini paylaşıb. O bildirib ki, əksəriyyət mövcud problemlərin həllində Ramiz Mehdiyevin bu vəzifədən getməsini yeganə çıxış yolu kimi görür. Sonda isə “biz də belə düşünürük”deyə əlavə edib.
Elm adamlarının böyük əksəriyyəti tərəfindən istefaya çağırılan R.Mehdiyevin istefa verməməsi haqqında “Sherg.az”a danışan tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Anar İsgəndərov bidirib ki, AMEA prezidenti istefa verməlidir:

“Dünyada hər hansı bir insanın xalq qarşısında, dövlət qarşısında xidməti ola bilər və olmalıdır. Amma o xidmət əbədi və sonsuz deyil. Hər bir insan öz enerjisini və ona olan münasibəti hesablamalıdır. Ramiz Mehdiyev də uzun müddət Ümummilli lider Heydər Əliyevlə işləyib.

 Tarixin sonrakı məqamlarında Azərbaycanın hazırkı prezidenti İlham Əliyev cənabları ilə çalışıb. Amma bu gün AMEA-nın rəhbəri kimi işin öhdəsindən gələ bilmir. Ən gözəli və səmimisi istefa verməsidir. Buna da istefa mədəniyyəti deyilir. Bu, çoxlarına da nümunə olur. 

Əgər akademiklərin böyük əksəriyyəti  R.Mehdiyevə  “Siz dövrün tələblərinə cavab vermirsiniz deyə sizinlə işləyə bilmirik” deyirsə, mən belə düşünürəm ki, Ramiz müəllim də xalqına, dövlətinə, vəzifəsinə, ən əsası da AMEA-ya hörmət əlaməti olaraq bu vəzifədən getməlidir. Ramiz Mehdiyev bu vəzifədən getməklə Azərbaycançılıqdan çıxmır ki, Azərbaycandan getmir ki,  Azərbaycana xəyanətlə suçlanmır ki...?!”
Deputat hesab edir ki, R.Mehdiyev yaşı ilə əlaqədar olaraq, fiziki cəhətdən akedemiyanın qarşısında duran tələbləri həyata keçirə bilmir:

“Elələri var tələb edir, bəlkə də, təhqir edir...Mən bunlara qarşıyam. Bir daha deyirəm, bu günə qədər Ramiz Mehdiyev uzun müddət dövlət işlərində çalışan bir insan kimi bütün bunları görməli, sivil yolla da getməlidir. 

Burada qeyri-adi bir şey yoxdur. O, nə qədər tez gedəcəksə, öz hörmətini qorumuş olacaq. AMEA-ya böyük ehtiramını göstərmiş olacaq.  Fikirləşirəm ki, bu məsələ tezliklə həll yolunu tapmalıdır”.

Çimnaz Şahlar