Səsini çıxaran yoxdur

Murdar heyvanların satışı bələdiyyələrin, ictimai fəalların, həkimlərin gözləri qarşısında baş verir

İstifadəyə yararsız 4 ton at və mal əti satışını həyata keçirən mütəşəkkil dəstənin üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Tədbir zamanı Xaçmaz rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. 

Toplanmış materiallar əsasında müəyyən edilib ki, Xaçmaz rayon sakini Azik Babayev başçılıq etdiyi dəstənin üzvləri Hatəm Bayramov və Yalçın Babalıyevlə birgə ölmüş at və iri buynuzlu heyvanların ətinin toplanması, tədarükü və satışı ilə məşğul olublar. Bu məqsədlə Azik Babayev Xaçmaz və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus Xaçmaz rayonunda yerləşən fermalarda toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Azik Babayev tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları tərəfindən Azik Babayevə məxsus fermalara və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 tondan artıq mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib. Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Dəstə başçısı Azik Babayev və Hatəm Bayramov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilmələri istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Azərbaycanda yararsız ət satışı problemi illərdir mövcuddur və bu fəaliyyət şəbəkələşmiş formada bu gün də davam etdirilir.

 Məsələ ilə bağlı “Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dövlət qurumları bu məsələyə etinasız yanaşır.

“20 ildən artıqdır ki, bu işlə məşğul olanları təqib edirik. Ölmüş heyvanların, at və eşşək əti satanların vizit kartları, telefonları var. Biz dəfələrlə bunları ifşa etmək üçün işlər aparmışıq. Hətta mən 15 il öncə onların Bakıda mərkəzləşmiş yerini müəyyən edərək dövlət qurumlarına müraciət etdim. Ancaq yalnız Daxili İşlər Nazirliyindən bildirdilər ki, biz sizin təhlükəsizliyinizi təmin edə bilərik. Digər qurumlar, nazirliklər heç biri bu məsələyə yaxın durmadı. 

Bu sahədə ən uğurlu işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Çünki onlar cərimə yazıb buraxmır, həbs edir. Ancaq nədənsə məhkəmələr bir müddət sonra bu adamlara bəraət verərək buraxır. 

Nəticədə belə bir şəraitdə, cəzasızlıq mühitində bu işlər davam etdirilir. Qanunvericiliyə görə qeyri-ənənəvi heyvanların ətinin satılması qadağan deyil. Lakin ölmüş, murdar heyvanların ətinin satılması qadağandır və təhlükəlidir. 
Məsələn, Sabirabadın Xəlfəli kəndində belə bir hal var idi. DİN orada bu problemə son qoydu. Təəssüf ki, bu məsələlər hamısı bələdiyyələrin, ictimai fəalların, həkimlərin gözü önündə baş verir. 

Bu cəmiyyətin zəif müdafiə olunmasından qaynaqlanır. Ciddi cəza tədbirləri görülməli və buna son qoyulmalıdır”. 
Ekspert qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyinin də bu sahədə fəaliyyəti zəifdir:

“Onların bütün regionlarda şəbəkələri var, ancaq bu imkandan yaxşı istifadə etmirlər. İndi agentlik heyvanların identifikasiyası məsələsini həyata keçirmək istəyir. Heyvanların dünyaya gələndən ölənə qədər izlənməsi sistemi tətbiq olunandan sonra məsələyə son qoyulacaqdır. Amma hazırda ölkədə identifikasiya heç 1 faiz də yerinə yetirilməyib. Düşünürəm ki, bu məsələ yaxın 7 ildə həll olunacaq və bu biabırçılıq Azərbaycan tarixindən silinəcək”. 

Sənan İsmayıl