"Kim nəzarətsiz qalırsa, oğurlamağa başlayır"

Fazil Mustafa: "Mütləq cəmiyyətdə cəzasızlığın olmadığını göstərən addımlar atılmalıdır"

2021-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 mln manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.

Həmin qurumların siyahısında XİN, ƏƏSMN, Mədəniyyət Nazirliyi və 3 icra hakimiyyəti orqanının da adı var.

Dövlət qurumlarında üzə çıxan maliyyə pozuntuları ilə bağlı “Şərq”ə danışan millət vəkili Fazil Mustafa qeyd edib ki, kim bir az nəzarətsiz qalırsa, oğurlamağa başlayır. 

“Dövlət büdcəsindən oğurlayır və müxtəlif üsullarla bu prosesi davam etdirir. Pozuntular aşkara çıxarılır, ancaq ictimai nəzarətin güclü effekti yoxdur. Ona görə də idarəetmə mexanizmini dəyişmək lazımdır. Vəsaitlərin xəzinəyə daxil olması və dövlət büdcəsinin talan edilməməsi üçün işlər görülməlidir. Müxtəlif mexanizmlər düzgün işləməli, inhisarçılıq ortadan qalxmalıdır. Əks halda heç kimə nəzarət etmək mümkün olmayacaq.

 Ayrı-ayrı imtiyazlı şəxslər üçün oğurlamaq adi hala çevrilir və buna qarşı immunitet yaratmaq mümkün olmur. Mədəniyyət Nazirliyində və Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərinin fəaliyyəti ilə bağlı görün nələr baş verir. Bunlar hamısı ciddi məsələlərdir. Mütləq cəmiyyətdə cəzasızlığın olmadığını göstərən addımlar atılmalıdır. Bu olmadıqca belə halların hər zaman yaşandığını görürük.  Bu qanunsuzluqlar çox ciddi şəkildə araşdırılmalı və münasibət bildirilməlidir”.

Sənan İsmayıl