Olmadı, cənablar! "Gədə", "düdük" kəlmələri sizə heç yaraşmadı


Keçmiş baş nazirlə, siyasi analitikin canlı yayımda əlbəyaxa davası müzakirələrə səbəb oldu

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynlə siyasi analitik, teleaparıcı Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar. Hadisə “Yeni Müsavat”ın efirində yayımlanan “Dərin Təhlil” verilişində baş verib. Proqramda “bəy”, “müəllim” xitablarının yaratdığı söz duelinin əlbəyaxa davaya çevrilməsinə səbəb tərəflərin bir-birinə qarşı “gədə”, “düdük” kimi qeyri-etik ifadələr işlətməsi olub. Baş verənlər daha sonra sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb. Eks baş nazir hadisədən bir neçə saat sonra canlı yayıma çıxaraq açıqlama verib: 

“Əvvəla hövsələsizlik oldu və mən hesab etmirəm ki, haqlı idim. Mübahisə, Tofiq müəllimin (Tofiq Qasımov - Azərbaycanın sabiq xarici işlər naziri - red) Türkiyəyə 32 dəfə, Moskvaya bir dəfə getməsi replikasından başladı. Mən də bu məsələyə reaksiya verdim”. Partiya rəhbəri qeyd edib ki, hər kəsin öz fikrinə sahib olmaq, özünü ifadə etmək hüququ var: “Gərək verilişdə belə şeylər olmasın. Demirəm ki, xüsusi peşmançılıq var. Lakin hesab edirəm ki, gərək belə olmayaydı. Hər halda yaşımız da o yaş deyil”. Tofiq Abbasov isə insidentin qəfildən baş verdiyini deyib: “Məsələnin böyüməsini istəmirəm. Hər hansı fərziyyələrə, uydurmalara da heç bir lüzum görmürəm. Bəzən emosiyalar insanları belə vəziyyətə gətirib çıxarır”.
Yazıçı-publisist, jurnalist Kərim Kərimli sabiq baş nazir Pənah Hüseyn və politoloq Tofiq Abbasov arasında baş vermiş hadisəyə təəssüf etdiyini deyib. K.Kərimli bildirib ki, ölkəmizin həyatında olduqca vacib hadisələrin cərəyan etdiyi tarixi dönəmdə, taleyimizin həll olunduğu bir ərəfədə bu cür hərəkətlər adamın ürəyini ağrıdır. Onun sözlərinə görə, “bəy” məsələsinə hər kəs özünün ürəyi və şəxsiyyətinin yol verdiyi, qəbul etdiyi səviyyədə yanaşmalıdır: “Bununla bağlı bir xatirəmi bölüşmək istəyirəm. 9 dekabr 1988-ci il idi. Azərbaycan SSR Elmlər Akademiyasının dəyirmi salonunda ümumrespublika müşavirəsi keçirilirdi. Mən də Şuşadan gələn nümayəndə heyətinin üzvlərindən biri kimi salonda əyləşmişdim. Çıxış edən cənablardan vəzifəli şəxsləri sadalayanda təxminən belə bir söz işlətdi: “...yoldaş Vəzirov, yoldaş Polyaniçko...”

...və zalda ildırım çaxdı. Qışqır-bağır başladı: - “Sən Polyaniçkoya yoldaş deyirsən?! Aləm dəydi bir-birinə və heç kim zalı sakitləşdirə bilmədi. Tamerlan Qarayev (sabiq vitse-spiker, diplomat - red) çıxdı səhnəyə, yaxınlaşdı tribunadakı mikrofona və dedi: “Qardaşlar, bacılar, dostlar, bəylər və xanımlar! Xahiş edirəm, bir dəqiqə sakit olun! Axı bu kişi Polyaniçkoya nə desin? “Polyaniçko bəy!” - desin? “Polyaniçko bəy” demək olarmı? Polyaniçko yoldaşdır də... Yoldaşa da yoldaş deyərlər də, bəy deməzlər ki!.. Bu dəfə salon başladı Tamerlan bəyi alqışlamağa. Bununla da münaqişə həll olundu və sakitlik yarandı. T.Qarayev yerinə keçdi, natiq də öz nitqinə davam elədi. Pənah bəylə Tofiq müəllimin davasına baxandan sonra ürəyim ağrıdı. Düşündüm ki, yazıq millət, sənin üzdə olan ziyalıların hələ 1988-ci ilin 9 dekabr müzakirəsinin üstündədirlər. Qardaşlar, bu məsələni buraxın hərənin öz öhdəsinə. Kim özünü necə hesab edir, elə də olsun. “Bəy-müəllim” üstündə bir-birimizi hələ də 33 il 3 ay bundan qabaqkı kimi qırmayaq. Nə bilim”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da gərginliyə görə təəssüfləndiyini söyləyib. Amma MŞ sədri insidenti müəyyən mənada təbii qarşıladığını da deyib: “Belə səhnələri nəinki ölkəmizdə, hətta qonşularımızda – Rusiya və Türkiyədə daha çox müşahidə etmişik. Dünyanın digər müxtəlif ölkələrində də analoji hallar yaşanıb və heç kəs təminat verə bilməz ki, yaşanmayacaq. Bəri başdan bildirim, belə situasiyalarda məsuliyyət birbaşa verilişə dəvətlilərin üzərinə düşür. Bu deyimim heç də “Dərin təhlil”dəki tərəflərdən hansınısa ittiham etmək məqsədi daşımır. Yəni günahkar axtarmayacam. Diqqət yetirmək istədiyim iki başlıca məqam var. Birincisi, cəmiyyətdə siyasi mədəniyyətin mövcudluğu son dərəcə vacibdir. Vaxtilə biz bu mədəniyyətin olmamasının acı nəticələrini görmüşük. Qütbləşmələr, ziddiyyətlər, ittihamlar, qurşaqdan aşağı sayılacaq ritorika, siyasi partiya və təşkilatların nümayəndələrinin bir-birinə əks fikirlərinin media orqanlarının fəaliyyətinə də təsir göstərməsi, medianın siyasi rupor rolunda çıxış etməsi. Bütün bunları keçilmiş yol saymaq mümkündür. Amma mütləq mənada demək olmaz ki, bu yol keçilib. Siyasi xarakterli verilişlərdə haqqında söz açılmış hadisə və proseslərin təbiətindən, eləcə də opponentlərin emosional durumundan asılı olaraq əldə edilmiş dediyimiz müsbət nəticələrin bir anda puç olma mənzərəsi ilə üzləşə bilərik. Amma məsələyə skeptik yanaşmıram. Çünki siyasi mədəniyyət tam şəkildə qazanıla bilən dəyər deyildir. Həm də ona görə ki, istənilən cəmiyyət siyasi mədəniyyətin ən üst səviyyələrinin  axtarışındadır”. 

Ə.Amaşov vurğulayıb ki, ideya cəhətdən bir-birinə zidd tərəflərin ən yüksək çinli nümayəndələrini siyasi mədəniyyətin daşıyıcısı qismində görmək önəmli dividenddir:

 “Müşahidə etdiyim qədər Rauf Arifoğlunun “Dərin təhlil”i məhz bu missiya üçün yola çıxıb. Buna görə qısa zaman ərzində böyük populyarlıq qazanıb. Həm də o səbəbdən populyarlıq qazanıb ki, orada ənənəvi klişelərdən uzaqlaşma, yeni format təqdim olunur. Adından da göründüyü kimi, hadisə və proseslərə dərindən yanaşılır. Cəmiyyətə çatdırılmalı olan baxış və fikirlərin sərhəddi geniş götürülür. Bu yanaşmanı jurnalistika prinsiplərinin ümumi maraq və mənafelər naminə daha işlək duruma gətirilməsi niyyəti kimi də vurğulamaq yerinə düşər. Belə yanaşma nəticəsində gərginliyin artması müəyyən mənada labüddür. Publika gərginliyi, konfrantasiyaları görmək və duymaqda maraqlıdır. Hətta müəyyən kəsim üçün maraqlı olan yalnız budur, başqa heç nə. Ancaq “Dərin təhlil”in kökləndiyi məqsəd var. Həqiqətlərin, deyilməli olanların dərinliyinə varmaq. Elə bir dərinliyə ki, haqqında söz açdığım siyasi mədəniyyət eyni zamanda dözüm və tolerantlıq işinə çevrilməklə diqqət çəksin, insanlarda rəğbət formalaşdırsın. Rəğbət formalaşdıranın hansı tərəfi təmsil etdiyinin fərqi yoxdur. Kim ideya və siyasi cəhətdən daha hazırlıqlıdırsa, qoy ictimaiyyət onu dəstəkləsin”.