Şuşada hərbi avtomo



bilin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB + VİDEO


Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. 

O bildirib ki, məlum hadisə ilə əlaqədar Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib:

“Müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.

11:18

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında şəhid olan əsgər Vüsal Vüqar oğlu Kazımovun dəfn olunacağı məkan məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, şəhid V.kazımov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Şəhid vida mərasimindən sonra torpağa tapşırılacaq.

11:02

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

“Report”un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb.

10:38

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil verilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımov vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da, sonradan ailəsinin qərarı dəyişib.

Onun yaxınları Bakı şəhərində yaşadıqları üçün vida və dəfn mərasimi də paytaxtda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmağa 3 ayı qalmışdı. O evin tək oğlu olub, bir bacısı var.

09:52

Azərbaycan ordusunun əsgəri avtomobil qəzasında həlak olub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.