“Vikipediya”dakı səhv düzəldildi:“Məhsəti Gəncəvi fars yox, türk şairidir”




Bütün dünyada onlayn ensiklopediya platforması kimi fəaliyyət göstərən “Vikipediya” özündə müxtəlif məlumat və faktları cəmləşdirir. Bu baxımdan, getdikcə rəqəmsallaşan dünyada bu platformadan istifadə günü-gündən genişlənir.  Bu gün dünyada İnternetə çıxışı olan hər həs “Vikipediya”dan istənilən məlumatı oxuya və ya məqalə yarada bilər. 2004-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən platforma ölkədə və dünyada yarandığı gündən İnternetin ən böyük mənbə və məlumat bazasıdır.

Lakin bütün bu müsbət cəhətlərlə yanaşı, bu platformada paylaşılan yanlış məlumatalara da rast gəlmək mümkündür. Belə məlumatlardan biri Azərbaycan ədəbiyyatında xüsusi yeri və dəyəri olan Məhsəti Gəncəvi haqqındadır. Belə ki, ilk məşhur Azərbaycan şairəsi kimi ədəbiyyat tariximizdə yer alan Məhsəti Gəncəvi “Vikipediya”da fars şair kimi təqdim olunub. 

Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, adıçəkilən məqalədə artıq düzəliş olunub:

“ “Vikipediya”da məqalələr mənbələr əsasında yaradılır. Hər bir fikrin sonunda mütləq mənbə göstərilməlidir. Həmin mənbə arxivləşdilir. Üstəlik, “Vikipediya” bizə yanlışları düzəltməyə imkan verir. “Vikipediya” həm də sərbəst ensiklopedik plaftorma olduğu üçün hər kəs qaydalar çərçivəsində öz töhfəsini verə bilər. Bunlar “Vikipediya”nın bizə verdiyi üstünlüklərdir.

Azərbaycanın böyük şairəsi Məhsəti Gəncəvinin fars şairi kimi təqdim edilməsi ilə bağlı paylaşımları görmüşəm. Məqalədə düzəliş olunub. Onun Azərbaycan türkü olduğu yazılıb”.

E.Eltürk hesab edir ki,  mütəxəssislərin xarici müəlliflərlə birgə araşdırmalar aparması daha effektiv olur:

“Məncə, burada şairənin yaradıcılığının hansı dildə yazması əsas götürülüb. Çünki Məhsəti Gəncəvinin doğma dilimizdə əsərləri olmadığı üçün, bu amil onun hansı millətə mənsubluğu ilə bağlı xarici mütəxəssislər arasında da fikir ayrılığı yaradır.  Təbii ki, Məhsəti Gəncəvi Azərbaycan türküdür və qədim Gəncədə yaşayıb-yaradıb. Bunun özü ciddi faktdır. O zaman oranın yerli əhalisi türklər olublar. “Vikipediya” könüllüləri, idarəçilər mənbələrlə işləyirlər. Ortada ciddi, əsaslandırılmış və elmi mənbələr olduqdan sonra bu cür fikirlər irəli sürülə bilməz. Bu məsələdə filoloqlarımız, əsasən şairənin yaradıcılığını araşdıran mütəxəssislər xarici müəlliflərlə birgə araşdırmalar aparsalar, iş daha effektiv olur.

Əsas odur ki, bu istiqaməti akademik və elmi əsaslarla ortaya qoymaq lazımdır. Bu fakt “Vikipediya”nın xarici dil bölmələrinə aiddir. Mənbələr nə qədər çox etibarlı  olarsa, könüllülərin işləmək imkanları artar”.

Çimnaz Şahlar