Qəbələdə Aytacı dəhşətli şəkildə qətlə yetirən qadın həbs edildi - YENİLƏNİB + TƏFƏRRÜAT


Qəbələdə qadının qətlinə görə daha bir şəxs tutulub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, 5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.

İstintaqla 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın zərərçəkmiş Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olduğunu, sonuncunun boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq sözünə əməl etməyib.

Buna görə Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədi ilə evi tərk etməsi görüntüsü yaratmaq üçün R.Nəbiyeva rəfiqəsi Kemale Maksumbekova və sonuncunun 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə cinayət əlaqəsinə girib zərərçəkmiş şəxsin yaşadığı evə gələrək onu oğurlamağa cəhd edib. Daha sonra Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12:04

Qəbələdə 23 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən Kemale Maksumbekovanın barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu.Az-ın məlumatına görə, məhkəmənin qərarı ilə K.Maksumbekovanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 5-də Aytac Əliyevanın meyitinin rayon ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.