İntiharlar  niyə artır?! - “Pandemiya insanlarda psixoloji həssaslığı artırdı”  

Son zamanlar düyada intihar hallarının artması müşahidə olunur. COVID-19 bəlası isə insanların psixologiyasına ağır zərbə vurdu. Psixologiyası zərər görən insanlar çıxış yolunu yanlış da olsa, intiharda görməyə başladılar. Ölkəmizdə də intihar edənlərin sayı artıb. Nazirlər Kabineti hesabatında 2021-ci ildəki intihar statistikasını paylaşıb. Hesabata görə,  ötən il ölkəmizdə  612 özünü öldürmə hadisəsi qeydə alınıb. Baş verən intihar hadisəsindən 438-i kişi, 147-si isə qadın tərəfindən törədilib. 
Onlardan 313-ü evli, 299-u isə subay olub.

İntiharlara səbəb olan amilləri "Sherg.az"a açıqlayan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, intihar etmək insanların ruh halı ilə bağlıdır:

“Özünü təsdiq edə bilməyən, natamamlıq yaşayan, karyerasında, həyatında məqsədlərini tapa bilməyən insanlar özlərini öldürməyə meyilli olurlar. Bunlar da zamanla özünə inam əskikliyinə gətirib çıxarır. 

Bir müddət sonra empatiya bacarığı da aşağı düşür. Daha sonra aqressiyadan əziyyət çəkməyə başlayırlar. Cəmiyyət tərəfindən təsdiq edilməmə qorxusunun da buna təsiri böyükdür. Kişilərin üzərinə böyük məsuliyyətlər qoyulduğu üçün psixoloji problemlərdən daha çox əziyyət çəkirlər. Amma hər insanın fərqli intihar səbəbi olur. Ona görə də intihar hadisələri individual şəkildə araşdırılmalıdır”.

Psixoloqun fikrincə, pandemiya insanlarda psixoloji problemlər yaratdı:

“İnsanlıq yaranandan bəri ən böyük cəza həbsdir. Pandemiya səbəbindən də insanlar evlərinə həbs olundu. Bu da onların assosial olmalarına səbəb oldu. Cəmiyyətdən təcrid olunma psixologiyaya mənfi təsir göstərir. Həmçinin pandemiya səbəbindən insanlarda ölüm qorxusu yarandı. Ölməkdən, xəstələnməkdən qorxmaq daxili və xarici aqressiyaya gətirib çıxarır. Kimsə öskürən kimi həssaslaşırdıq ki, xəstələnərik. Bu da psixoloji həssaslığı artırdı. İnsanlarda travmaya səbəb oldu”.

Xanlar ƏLİBƏY