İran şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edə bilərlər.
“Report” xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında, Komissiyaın İran tərəfdən həmsədri, qonşu ölkənin yol və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.
"Biz son bir ayda Azərbaycana 2 dəfə səfər etmişik və həmçinin azad edilmiş ərazilərdə də olmuşuq", - nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla İran bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq edə bilər.
“Bu gün Prezident İlham Əliyevlə görüşdük və gördük ki, onun bütün məsələlər haqqında ətraflı məlumatı var. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 30 % artıb. Amma bizim ölkədə mövcud rəqəmlərdən razı deyillər və tapşırılıb ki, ikitərəfli ticarət həcmi artırılsın. Son 4 ayda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə 4 dəfə görüşüm olub. Biz kənd təsərrüfatı sahəsində çox yaxşı əməkdaşlıq edə bilərik. Bu gün enerji sahəsində əməkdaşlığımız var. Elektrik enejisinin İran ərazisindən tranzit keçməklə ixracı mümkündür. Regionda gedən proseslər Şimal-Cənub dəhlizinin inkişafına dəstək verəcək”, - deyə o, qeyd edib.