"Qəhrəmanların adlarını yaşatmaq mənəvi borcdur"

“Memorial. Vətən müharibəsi şəhidləri” kitabı mənəvi məsuliyyətdən doğur

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi 

“Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar... Çünki doğrudan da, şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə, bəlkə də, misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər”.

 Bu sözlər “Memorial. Vətən müharibəsi şəhidləri” (l hissə - 957 qəhrəmanın bioqrafiyası) kitabındandır, müəllifi isə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Kitabın tərtibçiləri cənab Prezidentin çıxışından bu kiçik, lakin dərin mənalı, gənclərimizin milli-vətənpərvərlik ruhunu dəqiq bir şəkildə izah edən hissəni verməklə, kitabın mahiyyətini açıqlayıblar. 
“Memorial. Vətən müharibəsi şəhidləri” kitabının təqdimat mərasimi isə “LIBRAFF Park Akademiya” kitab mağazasında keçirilib. Tədbirdə Milli Məclisin deputatları, yazıçılar, mədəniyyət və incəsənət xadimləri, “YAŞAT” Fondunun nümayəndələri, şəhid ailələrinin üzvləri, media nümayəndələri iştirak ediblər. Mərasimdə kitab haqqında məlumat verilərək bildirilib ki, bu, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr edilən üç cilddən ibarət “Vətən müharibəsi şəhidləri” memorial kitabının I cildidir. TEAS Press nəşriyyat evinin çapa hazırladığı kitabı Vətən müharibəsi şəhidləri haqqında ensiklopediya da adlandırmaq olar. Kitaba Vətən müharibəsində (27.09.2020 – 10.11.2020), həmçinin azad edilmiş torpaqlarda Azərbaycan Ordusunun mövqelərinin möhkəmləndirilməsi prosesinin davam etdiyi 2021-ci il dekabrın 31-dək şəhid olmuş qəhrəmanlarımız barədə məlumatlar daxil edilib. Kitab çapa hazırlanarkən müxtəlif mənbələrdəki (internet və çap mediasındakı, bəzən ayrı-ayrı kitablardakı) məlumatlarda rast gəlinən qeyri-dəqiqlik hallarının, məlumatların bir-biri ilə uyğun gəlməməsinin, şəhidlər barədə səthi hazırlanmış yazıların və bioqrafik məlumatların gələcək tədqiqatçılar və digər müəlliflər üçün çətinlik yaradacaq bir məqam olduğu nəzərə alınıb. Ona görə də bu məsələyə ilk dəfə fərqli yanaşılıb – hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda əlaqə saxlanılaraq bütün faktlar və bioqrafik məlumatlar həmin ailələrin bilavasitə özləri ilə dəqiqləşdirilib. Kitabda soyadları əlifba sırası ilə A, B, C, Ç, D, E, Ə, F, G hərfləri ilə başlayan 957 nəfər Zəfər savaşı qəhrəmanı haqqında məlumatlar yer alır. Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son rəsmi məlumatları əsasında tərtib olunub. “Təltifləri” bölməsində hər bir şəhidə verilmiş orden və medalların siyahısı istisnasız olaraq yalnız Prezidentin müvafiq sərəncamlarına istinadla bir-bir dəqiqləşdirilib. Kitabın ikinci və üçüncü cildləri də çapa hazırlanır, onlar da tezliklə işıq üzü görəcək. Bu kitabın ərsəyə gəlməsində göstərdiyi informasiya dəstəyinə görə “YAŞAT” Fonduna, müvafiq rayonların icra hakimiyyətlərinin müvafiq strukturlarına və fəal vətəndaşlarımıza xüsusi minnətdarlıq ifadə olundu. Qeyd edildi ki, TEAS Press nəşriyyat evinin müqəddəs şəhidlərimizin ruhu qarşısında az da olsa, öz mənəvi borcunu ödəmək məqsədilə çapa hazırladığı bu kitab hər şəhid ailəsinə bir nüsxə olmaqla “YAŞAT” Fondu vasitəsilə onlara hədiyyə ediləcək. Yerdə qalan nüsxələrin satışından əldə edilən gəlir isə “YAŞAT” Fonduna ianə olunacaq. Müqəddəs şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq! Onların ruhunu sonsuz ehtiramla anır, hər birinə Allahdan rəhmət diləyirik. Təqdimat mərasimində iştirak edən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxışı zamanı Vətən müharibəsi şəhidlərini hörmətlə yad edib. "YAŞAT" Fondunun fəaliyyətinə toxunan Xalq yazıçısı qeyd edib ki, Vətən müharibəsi qazilərinin müalicəsi fondun dəstəyi ilə davam etdirilir: “121 qazi "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyəyə müalicəyə aparılıb və artıq Vətənə qayıdıblar”. Nəşr edilmiş bu kitablar bütün şəhid ailələrinə göndərilib. Gənc qəhrəmanlarımız torpaqları, vətənləri üçün şəhid oldular. Klassiklər demişkən, “kişilər ancaq öz torpaqları və sevimli qadınları üçün döyüşürlər”. Şəhid analarımız haqlı olaraq oğulları ilə fəxr edirlər. Biz onları heç vaxt unutmayacağıq!  Xalq şairi Ramiz Rövşən isə bildirib ki, qəhrəmanların adlarını yaşatmaq mənəvi borcdur: “44 gün bizi güzgü şəklində həm özümüzə, həm də dünyaya tanıtdı. Qəhrəman əsgərlərimiz bizim arzularımızdan da sürətli, çevik oldu. O qəhrəman adları əbədiyyən yaşatmaq həm bizim borcumuzdur, həm də məsuliyyətimizdir”. Kitabın redaktoru Kərim Kərimli isə qeyd edib ki, şəhidlərin həyatını araşdırarkən mediada gedən məlumatlarda bir xeyli yanlış və təhriflərə şahid olublar: “Bu kitabın sosial şəbəkələrdə, saytlarda və digər nəşrlərdə yayımlanan məlumatlardan əsas fərqi odur ki, buradakı məlumatlar bir-bir incələnib və tam dəqiqləşdirilib. Hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda əlaqə saxlanılaraq bütün faktlar və bioqrafik məlumatlar həmin ailələrin bilavasitə özləri ilə təsdiqlədilib”. Şəhidlər haqqında bu formada ensiklopedik nəşrlərin əhəmiyyəti böyükdür. İlk növbədə xalqımız, eyni zamanda digər xalqlar da qəhrəman oğullarımızı tanıyacaq, onların Vətən uğrunda, Vətən torpaqlarını işğaldan azad etmək üçün canlarını fəda etdiklərini biləcəklər. Şəhidlərimiz haqqında müfəssəl məlumatların bir yerə toplanması qəhrəmanlarımız barədə dəqiq məlumatlar əldə olunmasına kömək edəcək, pərakəndəlik, yanlış məlumatlar ortadan qalxacaq. Kitabın nəşri həm də gənc nəslin milli mənlik ruhunun, vətənpərvərlik hisslərinin tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Yaxşı olar ki, bu kitab, eləcə də vətənpərvərlik ruhunda yazılan kitablar orta məktəblərə, ali təhsil müəssisələrinə də paylansın. Bu, gənclərin qəhrəmanlıq salnaməsiylə əyani tanışlığı üçün çox faydalıdır.