Bələdiyyələrin birləşməsi yaxın vaxtlarda həllini tapacaq

Təkliflər nəzərə alınsa özünüidarəetmə qurumlarının fəaliyyətində ciddi dönüş olacaq

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Demokratik ənənələrə sadiq qalan Azərbaycan dövləti yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə də xüsusi diqqət ayırır. Rəsmi təsisatlarla yanaşı, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatlarının ölkədə sərbəst fəaliyyəti təmin edilir. Bələdiyyə orqanları da bunlardan biridir. Hazırda ölkə ərazisində 1600-dən artıq bələdiyyə orqanı fəaliyyət göstərir. Bu fakt Milli Məclisin iclasında səsləndirilib, bələdiyyələrin fəaliyyəti müzakirə olunub. 

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov qeyd edib ki, post-konflikt dövründə həyata keçirilən ardıcıl tədbirlərdə Azərbaycan bələdiyyələri də yaxından iştirak ediblər, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində məqsədyönlü işlər görülüb. Bələdiyyələr tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə guşələri yaradılıb, bulaqlar istifadəyə verilib, şəhidlərin anım mərasimlərinin təşkilində fəal iştirak edilib. Eyni zamanda şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müxtəlif yardımlar olunub, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılıb, evləri təmir olunub. Vilayət Zahirov deyib ki, 2021-ci ildə respublikamızda aparılan hərtərəfli islahatlar çərçivəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər görülüb, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət dəstəyi göstərilib.

 Ədliyyə Nazirliyinin təklifləri və ya məhkəmə iddiaları əsasında bütövlükdə 9.096 ha torpaq sahəsinin, o cümlədən 6.848 ha örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. İl ərzində uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə təxminən 3,5 milyon manat çox vəsait daxil olub. O cümlədən, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım təxminən 2,5 milyon manat təşkil edib. Həmçinin torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların təqribən 2 milyon manatdan çox hissəsinin yerli büdcələrə ödənilməsi təmin edilib. Ümumilikdə, 2021-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.

Müzakirə olunan məsələlərə münasibət bildirən millət vəkili Fatma Yıldırım “Şərq”ə açıqlamasında hər bir idarəetmə orqanının qanunvericiliyin tələbləri çərçivəsində fəaliyyət göstərməli olduğunu bildirdi:  

- Cənab Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq Azərbaycanda bələdiyyələrin normal fəaliyyəti və inkişafı üçün hüquqi, maliyyə və iqtisadi təminatlar yaradılıb, dövlət həmişə yerli özünüidarəetmə orqanlarına dəstək olub və hazırda da bu proses davam etməkdədir. Milli Məclisə təqdim olunan illik məruzədən də göründüyü kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı müəyyən tədbirlər həyata keçirilib, qanunvericiliyin düzgün tətbiq olunması istiqamətində xeyli təkliflər verilib. Məhz görülmüş işlərə görə mən də illik məruzə ilə bağlı qərar layihəsinin lehinə səs verəcəyəm. Lakin qeyd etmək istərdim ki, bu gün bələdiyyələrin rastlaşdıqları cox ciddi problemlər var. 

Və istərdim ki, bu çətinliklər tezliklə öz həllini tapsın. Millət vəkili kimi mütəmadi olaraq mənə seçicilərimi narahat edən müxtəlif problemlərlə bağlı müraciətlər daxil olur və həmin müraciətlər aidiyyəti olaraq rayonda fəaliyyət göstərən bələdiyyələrə ünvanlanır. Təəssüflər olsun ki, bələdiyyələr tərəfindən vətəndaşların istəkləri heç də həmişə yerinə yetirilmir. Hər hansı məsələ ilə kənd bələdiyyələrinə müraciət etdikdə vəsaitin olmadığından və bu səbəbdən problemlərin həllinə köməklik göstərə bilməyəcəkləri bildirilir. Rayon icra hakimiyyətinə kənd camaatının müəyyən problemini bildirdikdə isə əsasən “bu, bələdiyələrin işidir, onlarin səlahiyətindədir”, cavabını alırıq. Nəticə etibarilə, qaldırılan məsələlər açıq qalaraq vətəndaşlarda narazılıq yaradır. 

F.Yıldırım bələdiyyələrin əsas problemlərindən birinin maliyyə ilə bağlı olduğunu deyib: 

- Bir çox kənd bələdiyyələrinin dövlət büdcəsindən verilən 1700 və ya 1800 manat həcmində dotasiyadan başqa gəlirləri olmur. Rayonda fəaliyyət göstərən bələdiyyələrin mütləq əksəriyyəti nəinki yerli problemləri həll edə, hətta orada çalışan bir-iki işçinin əmək haqlarını belə ödəyə bilmirlər. Hesab edirəm ki, bu problemlərin əsaslı həlli üçün geniş müzakirələrin aparılması və ciddi tədbirlərin görülməsi vacibdir. Təklif edirəm bu məqsədlə, Milli Məclisin Regional məsələlər Komitəsi və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi birgə komissiyası yaradılsın və komissiyanın işinə aidiyyəti dövlət qurumları cəlb olunsun. Fikrimcə, qeyd olunan problemlərin həlli yollarından biri kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə onların kadr və maliyyə potensialının gücləndirilməsi və beləliklə də birləşmə nəticəsində yaranan nisbətən böyük bələdiyyənin normal fəaliyyətinin təmin edilməsi ola bilər. Beynəlxalq təcrübədə də qeyd etdiyim metodlardan geniş istifadə olunur. Qardaş Türkiyə Respublikasında Bələdiyyə Qanununa əsasən əhalisi 5000 nəfərdən az olan ərazilərdə bələdiyyələrin yaradılması qadağan edilir. Əksər Avropa dövlətlərində əhalinin sayına aşağı məhdudlaşdırıcı say tətbiq etməklə şəhər və rayonlarda əsas inzibati vahidliklərdə az sayda güclü bələdiyyələr yaradılır və onların fəaliyyətləri əsasən qənaətbəxşdir. Zənnimcə, yaxın gələcəkdə Azərbaycanda da minimum əhali sayı tətbiq etmək və ya inzibati ərazilər üzrə islahatlarla bələdiyyələrin birləşməsi məsələsini müzakirə etmək olar. İnanıram ki,  müzakirələrdə söylənilən təkliflər yaxın vaxtlarda öz həllini tapacaq və yerli özünüidarəetmə qurumlarının fəaliyyətində ciddi dönüş olacaqdır.