Dolana bilmirlər...

İnsanlar bankdan yox, deputatlardan kredit istəyirlər

Rayonlarda onlarla vətəndaş maaş, pensiya kartını sələmçiyə verib


   Dünən Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 6 məsələ olub. Öncə Milli Məclisin sədri Sahibə Qafarova komitə iclaslarının Şuşada keçirilməsindən danışıb. Spiker vurğulayıb ki, iclasların Şuşada keçirilməsinin qrafiki müəyyənləşib: “Mən ilin əvvəllərində komitə sədrlərinin diqqətinə çatdırmışdım ki, aprel ayından başlayaraq Milli Məclisin komitə iclaslarından biri Şuşa şəhərində keçirilsin”. Sədr bildirib ki, bu iclasın artıq biri baş tutub: “Milli Məclisin komitə iclaslarının Şuşada keçirilməsində məqsəd "Şuşa ili"nə töhfə verməkdir. 

Milli Məclisin komitə sədrlərinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq müəyyən olunub və komitə sədrlərinə təqdim ediləcək”. Deputatlar cari məsələlərlə bağlı çıxışlar ediblər. İlk olaraq “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Elman Rüstəmov AMB-nin İdarə heyətinin üzvlüyündən azad olunmaqla həm də sədrlikdən azad olunacaq. Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub. 

“Azərbaycanda insan psixologiyasına təsir edən məhsullar var”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda insan psixologiyasına təsir edən məhsullar var. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat vurğulayıb ki, geni dəyişdirilmiş məhsullar əsas problemlərdir: “Hətta artıq Azərbaycana geni dəyişdirilmiş bu meyvələrin özü yox, toxumları gətirilir. Soyuqda bitməsi nəzərdə tutulan və daha çox məhsul verən bitkini gətirib Azərbaycanda əkirlər, onun məhsullarının da insana psixoloji təsiri başqa cür olur. Bitkilərin müxtəlif vəhşi heyvanların genindən formalaşmış və çox məhsul verə biləcək toxumları hazırlanır. Bu toxumlardan alınan məhsullar da insanlarda aqressivliyin artmasına yol açır. Digər məsələ müxtəlif malların, məhsulların rayon yerlərində eyni yerdə satışının təşkil olunmasıdır. Geyim, yemək və digərləri bir yerdə satılır, bu da zəhərlənmə hallarının artmasına səbəb olur”.

"Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var"

Siyavuş Novruzov bəyan edib ki, Azərbaycan cəmiyyətində bank sistemində çox ciddi problemlər var. Onun sözlərinə görə, insanlar artıq bankdan yox, deputatdan kredit istəyir: “Prezident İlham Əliyevin apardığı uğurlu maliyyə siyasətinə baxmayaraq, ölkəmizdə vətəndaşlara verilən kredit faizləri digər ölkələrdən yüksəkdir. Bu faizlər heç olmasa birrəqəmli faizlərə salınsın. Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Vətəndaşların bu valyuta ehtiyatlarının müəyyən hissəsinə əlçatanlığı təmin edilməlidir”. Deputat bildirib ki, hazırda dünyada pul-maliyyə siyasəti dəyişib: “Digər ölkələrin milli valyutalarında olan problemlər Azərbaycandan da yan keçmir”. Spiker Sahibə Qafarova Siyavuş Novruzova cavabında qeyd edib ki, iclasda AMB İdarə Heyətinə üzvün seçilməsi məsələsi müzakirə olunur, ölkənin bank sistemindəki problemlərdən söhbət getmir.

“Akkord” onlarla fəhləni işlədib, pulunu verməyib”

Millət vəkili Fazil Mustafa əhalini narazı salan məmurlardan söz açıb:

 “Azərbaycan xalqını, Azərbaycan vətəndaşını dövlətdən narazı salan şəbəkəyə qalib gələ biləcəyik, yoxsa yox? Buna ümid çox azdır”. Deputat bildirib ki, artıq vətəndaşlar bankdan borc istəmir, deputatdan istəyir, məşğulluğa yox, deputata üz tuturlar: 

“Qarabağ savaşından sonra problemlərin bu qədər qabarıq olması insanların dövlətə inamını sarsıtmaq üzrədir: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC onlarla fəhləni işlədib, pulunu verməyib. 

Rayonlarda onlarla insan maaş, pensiya kartını sələmçiyə verib, çünki dolana bilmirlər. Bu qədər böyük qələbə qazanmış ölkənin Prezidentinin xalqa qaytardığı inamı bunlar yenidən zədələməsinlər. Bu bizim qarşımızda duran əsas məsələdir”.