"Prezidentin 1 aylıq görüşlərinə, qəbula, telefon zənglərinə baxsaq..."


Cavid Osmanov: "Konstruktiv, uğurlu və çoxşaxəli xarici siyasətinin şahidi olarıq"

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 

Dünyanın müxtəlif ölkələri ilə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Çoxsahəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı və NATO ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu siyasətin tərkib hissəsi olaraq aprelin 14-də Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Dövlət başçısı qeyd edib ki, səfər ikitərəfli əlaqələrimizə yeni təkan verəcək: “Biz ticarət dövriyyəmizin artırılması üzərində çalışmalıyıq. Rəqəm olduqca kiçikdir, lakin hesab edirəm ki, burada artım potensialı var və biz bunu bu gün müzakirə edəcəyik. Əlbəttə, enerji sektorunda əməkdaşlığımız haqqında da danışacağıq. Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib. Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür. Bu, əməkdaşlığımızın ən yaxşı sahələrindəndir ki, burada böyük artım potensialı var. Bizim nümayəndələrimiz enerji əməkdaşlığımız ilə bağlı daha geniş portfelə malik olmaq istiqamətində görüşlər keçirirlər. Buraya təbii qaz, tranzit, təchizat, elektrik enerjisi daxildir və bu, həqiqətən də bizim ikitərəfli gündəliyimizin əhəmiyyətli hissəsini təşkil edə bilər. Əminəm ki, hazırda danışıqlar mövzusu olan məsələlər yeni inkişafla nəticələnəcək. Aprelin 15-də Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib. Elə həmin gün dövlət başçısı Gürcüstanın baş nazirinin müavini, İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb. Dövlət başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğunu qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqların uğurla həyata keçirildiyini bildirib. Bu baxımdan ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin önəmini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında yükdaşımalarının həcminin, mövcud infrastrukturun buraxılış qabiliyyətinin artırılmasının zəruriliyini qeyd edib və bunun üçün yaxşı əsasın yaradıldığını bildirib. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsinin artımından məmnunluğunu ifadə edərək onun həcminin daha da çoxaldılması perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bütün sahələrdə, o cümlədən iqtisadi sferada əlaqələrin uğurla inkişaf etdiyini bildirib, ölkələrimiz arasında həyata keçirilən enerji və nəqliyyat layihələrinin həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib. Qonaq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması üçün də böyük potensialın mövcud olduğunu bildirib. Görüşdə kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafında vacib rolu qeyd edilib.

Dövlət başçısının uzaqgörən xarici siyasəti ilə bağlı “Şərq”ə danışan millət vəkili Cavid Osmanov deyib ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində hər zaman dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq prinsipinə üstünlük verib. Deputatın sözlərinə görə, ölkə başçısının aparıcı dövlətlərin rəhbərləri, nüfuzlu liderlər, eyni zamanda beynəlxalq qurumların sədrləri ilə əlaqələri çox yüksək səviyyədə olub: 

“Prezident İlham Əliyevin qlobal gərginlik mühitində düşünülmüş xarici siyasət yeritməsi, dünya və region ölkələri ilə sıx əməkdaşlıq qurması olduqca vacib və əhəmiyyətlidir. Dövlət başçısı bu siyasətlə ilk növbədə ölkəmizin inkişafına, tərəqqisinə nail olur. Biz bunun bəhrəsini daim görürük. Digər yandan qarşılıqlı əməkdaşlıq nəticəsində tərəflər arasında xoş münasibət formalaşır. Siyasi və iqtisadi baxımdan əlaqələr genişlənir. Bu da ölkəmizin regional təhlükəsizliyinə ciddi töhfə verən amillərdən biridir. Prezidentin son bir ay ərzində həyata keçirdiyi siyasətə nəzər salsaq, görüşlərə, qəbullara, telefon zənglərinə, məktublara baxsaq, Azərbaycan rəhbərliyinin konstruktiv, uğurlu və çoxşaxəli xarici siyasətinin şahidi olarıq. Digər ölkələrlə qurulan əlaqələrin, əməkdaşlığın əsas qayəsi Azərbaycan dövlətini daha da inkişaf etdirmək, xalqımızın firavan və təhlükəsiz yaşamını təmin etməkdir. Xarici dövlətlərlə əlaqələrin intensiv hal almasının digər səbəbi də 44 günlük müharibədən sonra Azərbaycanın nüfuzunun daha da artması, yeni reallıqlar yaratmasıdır”.