Bütün dini icmalara maliyyə yardımı ayrıldı

Azərbaycanda yaşayan digər dinlərin nümayəndələri də hər zaman dövlətin qayğısı ilə əhatə olunub

Prezident İlham Əliyev “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat vəsait ayrılıb. Həmçinin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna da maliyyə yardımı göstərilib. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. 

Millət vəkili Ceyhun Məmmədov deyib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, burada yaşayan digər dinlərin nümayəndələri də hər zaman dövlətin qayğısı ilə əhatə olunublar. Deputatın sözlərinə görə, sərəncama əsasən, Qafqaz Müsəlmanları ilə yanaşı digər dinlərin nümayəndələrinə də yardımın ayrılması bu fikri bir daha təsdiqləyir: 

“Azərbaycan azsaylı ölkələrdəndir ki, burada dövlət siyasətində dini icmalar arasında heç zaman ayrı-seçkiliyə yol verilmir. Eyni zamanda Azərbaycan nadir ölkələrdəndir ki, dini ibadət yerlərini dövlət özü inşa, təmir və bərpa edir. Dövlətin ölkəmizdə fəaliyyət göstərən icmalara eyni münasibəti göstərməsi Azərbaycandakı müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasına ciddi töhfələr verir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.