Sülhün başqa alternativi yoxdur

Rusiya normallaşma prosesinin qarşısını ala bilməyəcək

“Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane ola bilər, amma qarşısını ala bilməz”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Qərblə Rusiya arasında siyasi konfontrasiya fonunda Brüssel iki ölkə arasında vasitəçilik missiyasını məhz Cənubi Qafqazda Rusiyanın çıxarılması kimi görür: “Nikol Paşınyanın Moskvaya səfərində V.Putinin Qarabağ məsələsini qabartması göstərir ki, Kreml iki ölkə arasında sülhün əldə olunmasına qarşıdır. Məhz Putinin “Qarabağda problemlər var” deməsi buna əsaslanır. 

Rusiya 30 il ərzində işğalın davam etməsinə dəstək verib. Geopolitik düzənin dəyişməsi Azərbaycana imkan verdi ki, öz ərazilərini işğaldan azad etsin. Xüsusilə Rusiyanın ən güclü olan vaxtında Azərbaycan bunu etdi. Hazırda Avropa İttifaqı və ABŞ Minsk qrupunun fiaskosunu qəbul edib.

 Ermənistan rəhbərliyi də Azərbaycanın 5 bəndlik təkliflərini məqbul sayıb. Ona görə də Rusiya iki ölkə arasında başlayan normallaşma prosesinin qarşısını ala bilməyəcək. Rusiya rəhbərliyi “sülhməramlı” qüvvələrini Qarabağdan çıxarmağı düşünməlidir, nəinki problemləri “həll etməyi”. 

Yaxşı olardı ki, Putin Ukraynada düşdüyü problemdən çıxmaq yollarını tapsın. 
Azərbaycan uzaq olmayan perspektivdə Ermənistanı sülhə məcbur edəcək. Qərb də  bunun alternativinin olmadığının fərqindədir”.