Rusiya əngəl olmağa çalışır

İkitərəfli danışıqlar formatı ən optimal variantdır

“Azərbaycanla Ermənistan rəsmiləri arasında təmasların intensivləşməsi sülh danışıqları üçün ikitərəfli formatın daha səmərəli olduğunu göstərir”.

 Bu barədə “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, təcrübə göstərir ki, üçüncü tərəf, əsas etibarilə Rusiya danışıqlar prosesinə bu və ya digər formada müdaxilə edəndə, proses bir qayda olaraq həmişə dalana dirənir: 

“Odur ki, hazırkı mərhələ üçün ikitərəfli danışıqlar formatı hesab edirəm ki, ən optimal formatdır. Rəsmi Bakının təklif etdiyi 5 bənddən ibarət sülh prinsipləri əsasında təmaslar davam etdirilərsə və həm sərhədlərin delimitasiyası, həm də sülh sazişinin hazırlanması üçün işçi qrupun, ikitərəfli komissiyanın əməli fəaliyyətinə tezliklə start verilərsə, lap yaxın gələcəkdə ilkin müsbət nəticələrin əldə edilməsi mümkündür. 

Hazırda bu proses üçün kifayət qədər əlverişli şərait mövcuddur. Ermənistan müxalifətinin Paşinyan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirməsi və Rusiyanın sülh danışıqları prosesini öz monopoliyası altına almaq cəhdləri prosesi ləngitməyə hesablanıb. Lakin bütün hallarda proses davam etdirilməlidir”.