Nənəsi yaşında qadınla evləndi 


4 milyon dollarlıq mirasa əl qoydu

“Bəxtiyar” filmində Hüseynova bacılarının ifa etdiyi mahnı  yadınızdadı; “…baban, evlənir? - Babam evlənir. - 90 yaşında?!.” Bənzər hadisə Türkiyədə baş verib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, 2014-cü ildə 31 yaşlı Harun Erikçi 83 yaşlı Hatice Nuran Temizəllə evlənib. Onların tanışlığı isə 2005-ci ildə başlayıb. Harun Erikçi özündən 52 yaş böyük – yəni nənəsi yaşında biriylə eyni evdə yaşayıb. H.Erikçinin dediyinə görə, bir neçə il sonra nənə “nəvəyə” onunla evlənməyi təklif edib. Səbəb isə H.Erikçinin dediyinə görə, Haticənin mirasını bacısının övladlığa götürdüyü uşaqlara nəsib olmamasıymış. H.Erikçi də dəli deyil ki, razılaşmasın. Razılaşıb və onlar rəsmi qaydada evləniblər. 3 il sonra nənə rəhmətə gedib. Mirası isə Erikçiyə qalıb. Əsas hadisələr bundan sonra cərəyan etməyə başlayıb. Haticənin bacısı bu evliliyin ləğv edilməsi iddiasıyla məhkəməyə müraciət edib. Məhkəmə edilən müraciəti əsas götürərək mirasdan istifadəni məhkəmə qərarı açıqlananadək dayandırıb. Haticənin bacısı H.Erikçinin bacısıyla yalnız miras əldə etmək məqsədiylə evləndiyini iddia edir. Məhkəməyə təqdim edilən sənədlərdə Haticənin psixoloji problemləri olduğu, ağıl sərrastlığını itirdiyi qeyd edilir. Zatən, H.Erikçi də Haticəylə eşq-filan yaşadığını iddia etmir: “Biz sevərək evlənmədik. Onunla tanış olduğumda yaşadığı binada zibilləri toplayırdı. Həmin binada ona məxsus mənzillər vardı. Kirayə vermişdi, pulunu alırdı. Amma onu aldadırdılar. Pulunu vermirdilər. Mən ona kömək etdim.  Birlikdə yaşamağa başladıq. O özü mənə evlilik təklif etdi. Dedi ki, mirasının bacısının övladlığa götürdüyü uşaqlarına qalmasını istəmir. Mənimlə olmasa, başqa biriylə evlənəcəyini dedi. Mən də razılaşdım. Evliliyimiz 5 il sürdü. Evliliyimizin 4-cü ilində bacısı bu evliliyin ləğvi üçün məhkəmə iddiası qaldırdı. Mirasdan istifadə yasaqlandı. Ovaxtadək mirasdan istifadə haqqım olsa da, istifadə etməmişdim”. H.Erikçi deyib ki, Haticə ilə bacısının münasibətləri soyuq olub, 45 il görüşməyiblər. Haticə rəhmətə gedəndə isə ortaya çıxıb miras davası “döyürlər”. Maraqlıdır ki, məhkəmə qərarında cütlüklər arasında yarım əsrlik – 52 yaş fərqi olması “həyatın normal axınına uyğunsuzluq” kimi dəyərləndirilir, həmçinin evləndiyi zaman Haticə Nuran Təmizəlin yataq xəstəsi və əldən düşmüş olması səbəbiylə doğru qərarlar vermək iqtidarında olmadığı qeyd edilir. Haticənin bacısı da “31 yaşlı bir gənc 83 yaşlı qocayla niyə evlənir? Əlbəttə ki, miras üçün. Bunun maddi gəlir əldə etməkdən başqa açıqlaması ola bilməz” deyib. Hətta H.Erikçiyə qarşı Haticə Nuranı öldürməsi ehtimalı ilə də cinayət işi açılıb.