İməclik bütün şəhəri əhatələməlidir

Bakının hər küçəsi, hər məhəlləsi tər-təmiz olmalıdır

Ölkəmizə gələn turistlər, Bakının qonaqları təkcə İçərişəhəri, Fəvvarələr meydanını, bulvarı... gəzmir

"Əsas problem şəhərətrafı qəsəbələr, kənar məhəllələrdir. Onların təmizliyinə ciddi ehtiyac var"

   Yaz mövsümü ilə əlaqədar bu gün - mayın 21-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməciliyi keçiriləcək. Daxili iməciliyin keçirilməsiylə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qərar verib. Daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək. 

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırıb, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştiraka dəvət edib. Daxili iməcilik paytaxtımızın daha da gözəlləşməsi, təmizliyi üçün vacibdir. Amma daxili iməcilik yenə də yalnız mərkəzi küçə və prospektlərdə, park və bağlarda aparılacaqsa, bu, ümumşəhər iməciliyi deyil, lokal iməcilik olacaq. Bakının gözdən uzaq, könüldən iraq elə əraziləri var ki, orda nəinki ildə bir dəfə, bəlkə də illərdir ki, təmizlik aparılmır. Bakıətrafı qəsəbələr də bu “qara siyahıya” daxildir. Şəhərin kənar məhəllərində zibilliklər aşıb-daşır. Bəzən mərkəz hesab edilən küçələrdə yığın-yığın zibillərə, natəmizliyə rast gəlinir. 

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli də bu fikirdədir ki, ümumşəhər daxili iməciliyi bütün Bakını və şəhərətrafı qəsəbələri əhatə etməlidir:  

- Bu, ümumşəhər daxili iməciliyidirsə, bütün şəhəri əhatə etməlidir. Yalnız mərkəzi hissələri, konkret hansısa əraziləri deyil. Şəhərdə hərəkət edərkən bir çoxumuz küçələrdə, metrostansiyaların qarşısında natəmizliyin şahidi oluruq. Kənar məhəllələrə, qəsəbələrə də ciddi diqqət yetirilmir. Belə olmamalıdır. Paytaxt şəhər kimi Bakının hər küçəsi, hər məhəlləsi tər-təmiz olmalıdır. Ölkəmizə gələn turistlər, Bakının qonaqları təkcə İçərişəhəri, Fəvvarələr meydanını, bulvarı... gəzmir. Turistə deyə bilməzsən ki, bura getmə, ora get. İstədiyi yerə gedəcək. Şəhərin hansısa yerində yığın-yığın qalanmış zibilləri görən əcnəbi haqqımızda nə düşünər?! Əcnəbiləri bir kənara qoyaq, təmizlik ilk növbədə özümüzə lazımdır. 

V.Tofiqli qeyd etdi ki, yerli bələdiyyələr bu işdə fəal olmalıdır: 

- Ərazi üzrə bələdiyyələr harada daha artıq təmizliyə, abadlığa ehtiyac var, bilir. Və bilməlidir. İməcilikdə iştirak edən qüvvələr də bu ərazilərə daha çox cəlb edilməlidir. Şəhərin mərkəzi hissələri onsuz da təmizdir, abaddır. Hər gün, gün ərzində bir neçə dəfə küçələr təmizlənir, abadlığa diqqət edilir. Əsas problem şəhərətrafı qəsəbələr, kənar məhəllələrdir. Onların təmizliyinə ciddi ehtiyac var.