Onlar heç bir vərdişləri, dəyərləri, ailəyə bağlılığı olmayan aqressiv vətəndaş kimi formalaşırlar
Son illər ölkənin ailə institutunda ciddi gərginlik müşahidə olunur. Ölkə ictimaiyyəti də hesab edir ki, mövcud gərginliyin aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Əks halda gənclər rəsmi nikahın məsuliyyətindən çəkinir və nəticədə vətəndaş nikahında yaşayan qadın və kişilərimizin sayı artır. Rəsmi nikahı məcburiyyət kimi qəbul edən bu insanları isə sonradan dünyaya gələn körpələrin taleyi, demək olar ki, maraqlandırmır.
Qeyri-rəsmi nikahların sayının artmasından dolayı öz narahatlığını dilə gətirən insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva belə ailələrdə doğulan uşaqların taleyinin sonradan risk altında olduğunu bəyan edib.
Bu da səbəbsiz deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmadan ailə quran və ya birgəyaşayış münasibətlərində olan şəxslərin sayının artması, habelə nikahdankənar və tibb müəssisəsindən kənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi belə uşaqların hüquqlarının və qanuni maraqlarının yetərli səviyyədə müdafiəsinə imkan vermir.
Odur ki, insanlar övlad sahibi olmazdan əvvəl sadəcə özlərini deyil, özündən sonra gələn nəsli, xüsusilə qorunmağa çox böyük ehtiyacı olan uşaqların taleyini düşünməlidirlər.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə "Şərq"ə açıqlamasında deyib ki, nikahda olmadan dünyaya gələn uşağın hüquq və vəzifələri məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada, atalıq müəyyən olunduqda, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır. Amma doğulan uşağı ata qəbul etmirsə, o, ananın və ya qəyyumunun adında qalırsa, ata uşağına xoşluqla sahib çıxmaq istəmirsə, bunun məhkəmə yolu ilə həll edilmə üsulları var. Uşaq nikahdan kənar doğulsa da, onun digər uşaqlar kimi hüquqları var:
"Təəssüflər olsun ki, hər il qeyri-rəsmi nikahlardan doğulan uşaqların artımı müşahidə olunur. Qeyri-rəsmi nikah dedikdə, daha çox molla kəbini yada düşür, amma bir çox hallarda nikahsız uşaq dünyaya gətirənlərin heç molla kəbini də olmur.
Təsadüfi əlaqələrdən dünyaya gələn uşaqlar problemi var. Bu cür körpələrin arasında bəlkə də 30-40 faizi təsadüfi əlaqələrdən, çox qısa müddətdə birlikdə yaşamaqdan doğulur. Öz təcrübəmizdən deyim ki, əgər hər il 170-200 uşağın yolu müxtəlif problemlərlə bağlı bizim mərkəzdən keçirsə, həmin uşaqların 90 faizinin rəsmi sənədləri olmayan uşaqlar olur.
Hətta 6-7 yaşında uşaqların belə doğum haqqında şəhadətnaməsinin olmadığı üzə çıxır. Soruşanda, analar deyir ki, valideyni məni qoyub gedib. Atalığı müəyyən edə bilməmişik. Burda səhlənkarlıq halları da olur. Çox acınacaqlı statistika ilə qarşılaşmış oluruq”.
K.Ağazadənin sözlərinə görə, tək anaların uşaq böyütməyi, əslində özü bir sosial problemdir. Atalıq müəyyən edilsə də əksər hallarda aliment ödənilmir. İllərlə alimentin arxasınca düşməyinə baxmayaraq, yenə də onu əldə edə bilməyən valideynlər və ortada bundan əziyyət çəkən uşaqlar böyüyür. Uşağı ya dayənin, ya tanımadıqları insanların himayəsində qoymağa məcbur olurlar.
Uşaqlar zorakılığa məruz qala bilir. Nəticədə vətəndaş deyil, uşaqlığını yaşaya bilməyən bir insanla qarşı-qarşıya gəlirik. Onun heç bir vərdişləri, dəyərləri, ailəyə bağlılığı olmur. Aqressiv formalaşırlar".