Ehtiyatlı olun, hər yerdə ilan sürünür

Həkim insanları ayıq-sayıq olmağa çağırır

Zədələnən yerdə - ilan dişi batan hissədə iki iri qırmızı nöqtə görünürsə, bu, zəhər dişlərinin yeridir və sancmış ilanın zəhərli olduğunu göstərir

 Son bir ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 20 nəfər müraciət edib. Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, onlardan 7-nin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Müraciət edənlər arasında ölüm halı qeydə alınmasa da, Mərkəz bütün hallarda əhalini diqqətli olmağa çağırıb. Qeyd olunub ki, hazırda ilan sancmalarının daha çox müşahidə olunduğu dövrün başlanğıcıdır: 

"Havaların isinməsi, əhalinin istirahət üçün yaşıllıq və meşəlik ərazilərə üz tutması belə halların artmasına səbəb olur. Bu səbəbdən də belə ünvanlarda mütləq ərazini diqqətlə gözdən keçirmək məsləhət olunur". Ötən aylarla müqayisədə ilan sancmalarının artdığını bildirən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, ilan sancması zamanı insanların yanlış müdaxilə etməsi zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər:

 “İlan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələri sürtmək qətiyyən olmaz. Əlavə müdaxilələr edildikdə həmin hissə yaraya çevrilə bilər ki, onun da sağalması uzun müddət tələb edir. İlan sancması halı baş verərsə, mütləq ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalıdır və yod məhlulu ilə dezinfeksiya edilməlidir. Xəsarət almış şəxsə ilkin tibbi yardım göstərildikdən sonra yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Xəstəxanada isə həkim nəzarəti ilə müəyyən prosedurlar həyata keçirilməlidir”. A.Maqsudov ilan sancması zamanı müşahidə olunan ilkin əlamətlər barədə də məlumat verib: 

“İlan dişlədikdən sonra ilk olaraq ağrı hiss edilir, daha sonra qızartı və şiş əmələ gəlir. Vaxt keçdikcə əmələ gələn şiş yuxarı ətraflara doğru artmağa başlayır. Təcrübədə müşahidə edilir ki, ilan aşağı ətrafdan dişləyərkən şiş insanın boynuna qədər qalxır. Yaranan şiş isə bədənin bütün funksiyalarını poza və xoşagəlməz halların yaşanmasına gətirib çıxara bilər. Bu səbəbdən də ilan sancması zamanı ilkin yardımı düzgün etməli, sonra isə təcili olaraq xəstəni xəstəxanaya aparmaq lazımdır”.

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq” açıqlamasında bildirdi ki, hər hansı bir zədələnmə zamanı həkimə qədər ilk yardımın böyük əhəmiyyəti var: 

- Dünyada, o cümlədən də bizdə zəhərli ilanların sancmasından hər il çoxlu adam ziyan çəkir. Havaların həddən artıq isti keçdiyi yay aylarında bu təhlükə daha da artır. Məlumdur ki, yay aylarında insanlar adətən istirahət guşələrinə, şəhər kənarı qəsəbələrə, müxtəlif bölgələrə səfər edir. Ancaq belə yerlərdə bəzi təhlükələrin ola biləcəyini də unutmamalıyıq. Ən böyük təhlükə də ilanlardır. Vaxtında tibbi müdaxilə edilmədikdə ilan sancmaları ölümlə nəticələnir. Çünki ilan zəhərinin tərkibində əsəb sisteminə təsir göstərib iflicə səbəb olan, qandakı qırmızı qan hüceyrələrini, qan damarının divarlarını parçalayaraq qansızmaya səbəb olan, qanın laxtalanma qabiliyyətini azaldan və ya artıran fermentlər vardır. Təkcə ilan yox, zəhərli hörümçəklər, müxtəlif böcəklər də təhlükəlidir. Ən əsası bu kimi hallarda hansı ilkin yardım tədbirlərinin görülməsini bilməkdir. Əvvəla, ilan olması ehtimal edilən ərazilərdə gəzərkən ehtiyatı əldən verməmək, diqqətli olmaq lazımdır. Belə halda hər hansı bir əşya ilə və ya ayaqla yeri, daşı, kolluğu döyəcləmək, sonra sakitcə dayanıb diqqətlə qulaq asmaq lazımdır. Əgər ilan varsa, bu səsdən qorxub fısıldayaraq özünü büruzə verəcək. 

İlan sancıbsa və ya insan onu nəyinsə sancdığını zənn edirsə, əvvəlcə dəqiqləşdirmək lazımdır ki, bu, həqiqətən ilan sancmasıdır, ya yox. Zədələnən yerdə - ilan dişi batan hissədə iki iri qırmızı nöqtə görünürsə, bu, zəhər dişlərinin yeridir və sancmış ilanın zəhərli olduğunu göstərir.

 Əgər 2 cərgə çoxsaylı kiçik qırmızı nöqtələr görünürsə, bu, xırda yem dişlərinin yeridir və deməli, zəhərsiz ilan sancmışdır. Bu halda ilan sancmış adamı yerindən tərpətmək olmaz. Çünki hər tərpəniş ilan zəhərinin daha çox nahiyəyə yayılmasına səbəb olacaq. 

İlan vurmuş adamı bacardıqca rahat şəkildə uzandırmaq və onu yaxınlıqdakı tibb müəssisəsinə, poliklinika, xəstəxana varsa, xəstəxanaya çatdırmaq lazımdır. Bölgələrdəki tibb müəssisələri ilan sancmasına qarşı zərdablarla təmin edilməlidir. Xəstə mütləq həkim nəzarətində olmalı, vəziyyətinin yaxşılığa doğru dəyişdiyi, ya da ağırlaşdığına diqqət edilməlidir. Tibbi müdaxiləyə ehtiyac varsa, yerinə yetirilməlidir.