İcra başçısı olmayan rayonlardan şikayət olmur

Millət vəkili deyib ki, lazımsız qurumlar ləğv edilməlidir


  Dünən Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. İclasda 2021-ci ilin dövlət büdcəsinin icrası müzakirəyə çıxarılıb. Qanun layihəsini parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili təqdim edib. İclasda Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd olunub ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri isə 3,9 faiz az olub. 

“2022-ci ilin dövlət büdcəsinə yenidən baxılsın”

Deputat Elman Nəsirov deyib ki, 2022-ci ildə dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulub. Parlament üzvü bildirib ki, Azərbaycan 2021-ci ildə 173 milyon 271 min barel neft ixrac edib. Amma indi fərqli proseslər gedir: 

“Bu gün Brent markalı neftin qiyməti 123 dollara gəlib çatıb. Buna görə də büdcəyə yenidən baxmaq artıq zərurətə çevrilib. Bu istiqamətdə konkret addımlar atılmasının vaxtı gəlib çatıb. Xüsusilə də biz 2 il ərzində azad olunmuş torpaqlarımızın bərpasına 4,4 milyard manat vəsait ayırmışıqsa, neftin qiymətində bu kəskin artımı nəzərə alaraq, azad olunmuş ərazilərə daha çox vəsait ayrılmasına ehtiyac var. Müdafiə, təhlükəsizlik xərcləri artan xətlə getməlidir. Nə qədər ki, Ermənistanda revanşist qüvvələr var, hərbi və təhlükəsizliklə bağlı xərclər çox olmalıdır”.

"Azərbaycanda xeyli sayda lazımsız qurum və quruluşlar var"

Millət vəkili Fazil Mustafa rayon camaatından gələn şikayət məktublarından söz açıb. Deputat bildirib ki, hansı rayonlarda icra başçısı yoxdur, ya vəfat edib, ya həbs olunub, həmin rayonlardan şikayət daxil olmur. F.Mustafa qeyd edib ki, deməli, həmin rayonların icra hakimiyyətinin binaları rayonu təyin edilən icra başçılarından daha yaxşı idarə edir: “Azərbaycanda xeyli sayda lazımsız qurum və quruluşlar var. Bunları aşkara çıxarıb, ixtisara salınması məsələsini həll etmək üçün xüsusi komissiya yaratmaq lazımdır. Lazımsız ştatların sayı müəyyən edilməlidir. Bir sıra qurumlar yaradılır, sonra ləğv edilir və ya başqa strukturun tabeçiliyinə verilir. BNA, TƏBİB, ABAD, DOST və başqa qurumların vəziyyəti ilə bağlı nəticələrin araşdırılmasına ehtiyac var”. 

Deputat eyni zamanda vurğulayıb ki, Sumqayıtda, Gəncədə, Bakıda yüzlərlə sovet dövründən qalma müəssisələr özəlləşdirilib: “İndi onların əksəriyyəti xaraba qalıb. Ya sahibkarın pulu yoxdur, ya da kredit faizləri çox yüksəkdir. Ona görə də bu məsələ öz həllini tapmalıdır”.

“Dərman sənayesi ilə bağlı problemlərimiz var”

Fazil Mustafa Azərbaycan və Türkiyənin dərman sənayesinin birləşdirilməsini təklif edib. Deputat bildirib ki, dərman sənayesi ilə bağlı problemlərimiz var: “İki dövlət, bir dərman, bir millət olaq. Bu gün biz onkoloji xəstəlikləri də icbari tibbi sığorta ilə əhatə etməliyik. Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burda zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur”.

“Pilot var, amma təyyarə yoxdur...”

Deputat Elşən Musayev bildirib ki, Zaqatala Hava Limanının bağı da, bağbanı da, kafesi də, hətta pilotu da var, amma bircə təyyarəsi yoxdur. Onun sözlərinə görə, bu problem hələ də qalmaqdadır: “Bunu məsələ kimi Parlamentdə qaldırmağı özümə borc bilirəm. Hökumət üzvlərindən xahiş edirəm ki, bu istiqamətdə ciddi addımlar atsınlar. Çünki bildiyiniz kimi, Zaqatala turizm imkanları geniş olan şəhərimizdir”.

“Erməni cinayətlərinin Milli Arxiv İdarəsində saxlanılmasına səbəb nədir?!”

Deputat Əziz Ələkbərov Ermənistandan gələn azərbaycanlı qaçqınların pasportlarının aqibəti ilə maraqlanıb. O, diqqətə çatdırıb ki, azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı sənədlər, demək olar ki, yox səviyyəsindədir: “Milli Arxiv İdarəsinin rəisi isə mənə bildirdi ki, bu sənədlər məxfi fondda saxlanır. Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmamışıq. Bu sənədlər alimlərin, dövlət qurumlarının əlində kifayət qədər deyil. 1988-ci ildə ermənilərin bizim torpaqlarımızda törətdiyi cinayətlərin Milli Arxiv İdarəsində məxfi fondda saxlanılmasına səbəb nədir?! Milli Arxiv İdarəsi buna cavab versin. Qərbi Azərbaycanda erməni vandallığı ilə bağlı bütün sənədlərin alınıb ortaya qoyulmasını təklif edirəm. Ermənistandan gələn qaçqın vətəndaşlardan onların Ermənistan vətəndaşı olmasını sübut edən pasportlar Daxili İşlər Nazirliyi tərəfindən yığıldı. Bu pasportların taleyi barədə məlumat Milli Arxiv İdarəsində varmı? Həmin pasportlar bizim Ermənistan vətəndaşlığımızı sübut edən ən tutarlı sənəddir. Bizim Ermənistanda olan bütün arxivlər yandırılıb. 20-30 il sonra biz sübut etməyə çətinlik çəkəcəyik ki, Qərbi Azərbaycanda, o torpaqlarda 200-300 min azərbaycanlı yaşayıb”.

“Milli Arxiv Fondu sənədi saxlayan qurumdur”

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov deputata cavab olaraq deyib ki, Milli Arxiv Fondu sənədi saxlayan qurumdur: “Məxfi sənəd kimi 10 mindən artıq sənəd var. Son dövrlər 1988-ci ildə Qərbi azərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlərə müraciət edənlər var. Xarici İşlər Nazirliyi bu sənədlər əsasında arayışlar da hazırlayır”.

“Bütün xəstəliklər tibbi Xidmətlər Zərfinə daxil edilməlidir”

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, 2021-ci ilin büdcəsində səhiyyə xərcləri ilk dəfə 1,4 milyard manat təşkil edib. Komitə rəhbəri vurğulayıb ki, bu gün icbari tibbi sığorta sahəsində uğurlarımızla bərabər problemlərimiz də qalmaqdadır: “2021-ci ilin dövlət büdcəsinin qəbulunda biz Samir müəllim qarşısında səhiyyə xərcləri ilə bağlı bir sıra məsələləri qabartmışdıq. Bu gün bu məsələlərin bir neçəsi öz həllini tapıb. Əsas problemlərdən biri klinikalarda olan tibbi avadanlıqların sıradan çıxması ilə bağlı idi. 2022-ci ildən başlayaraq bu istiqamətdə işlər görülür. İcbari tibbi sığorta ilə bağlı xidmətlər günü-gündən artır. Ancaq əhali arasında böyük tələfat verən xəstəliklər var ki, xidmətlər zərfinə daxil edilməyib. Bunlardan biri də onkoloji xəstəliklərdir. Hökmən onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Hesab edirəm ki, hər hansı bir xəstəlik icbari tibbi sığortadan kənar qala bilməz və bütün xəstəliklər xidmətlər zərfinə daxil edilməlidir. Digər tərəfdən, yüksək maliyyə tutumlu əməliyyatlar həyata keçirilir, amma icbari tibbi sığorta çərçivəsində növbələr var. Bu problem də həllini tapmalıdır”.

Parlamentin yaz sessiyasında 70 qanun və qərar qəbul edilib

İclasın sonunda spiker Sahibə Qafarova Milli Məclisin yaz sessiyasını bağlı elan edib. Parlament sədri bəyan edib ki, Milli Məclisin yaz sessiyası çərçivəsində 13 plenar iclas keçirilib, 70 qanun və qərar qəbul edilib: “Parlamentin yaz sessiyasının iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının və digər qurumların hesabatı, məruzə və məlumatları da dinlənilib. Eyni zamanda parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində tədbirlər görülüb”. 

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. 

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.