"Biz düşmən deyilik"

Razi Nurullayev: "Məgər ölkə naminə doğruları demək, problemi göstərmək dövlətə qarşı çıxmaqdır?!"


“Çoxları düşünür ki, müxalifət olmaq asandır. Hətta müxalifətin məsuliyyətsiz kəsimi də müxalifətçiliyi kamera qarşısında artistlikdə görür”. Bunu millət vəkili Razi Nurullayev Milli Məclisin dünənki iclasında deyib. Deputat deyib ki, müxalifət elə siyasət aparır ki, sanki müxalifətçi olmaq - barışmaz olmaq və yaxşını da ən sərt şəkildə tənqid və təhqir etməkdir: “Bu təbliğatla hara gedirik? Onların bu cür hərəkəti bizim də parlamentdə əl-qolumuzu bağlayır. Bundan sui-istifadə edən vəzifəli şəxslər var ki, bizim də tənqidi çıxışlarımızı birbaşa ölkənin birinci şəxsinə qarşı yönəltmək istəyirlər. 

Məgər ölkə naminə doğruları demək, problemi göstərmək dövlətə qarşı çıxmaqdır?! Əsla! Bu, dövlətçi olmaq, dövləti sevmək həqiqətlərini cəsarətlə deməkdir! Biz düşmən deyilik. Müxalifət olaraq 44 gün cənab Prezidentin yanında dayandıq və bu gün də yanındayıq. Belə bir zamanda Prezident İlham Əliyevə qarşı çıxmaq Azərbaycana xəyanətdir, çıxanlar da xəyanətkardır. Çünki elə bir dövrdən keçirik ki, bütün proseslərin hərəkətverici qüvvəsi və xilaskarı odur. Qarabağ yarası sağalmayıb və onu Prezident İlham Əliyevdən yaxşı sağalda bilən ikinci şəxsi görmürəm”. 

R.Nurullayev parlamentdə olan müxalifətə səslənib: 

“Toplaşaq, müzakirə edək, məzmun və formatı dəyişək. Xalq və millət qarşısında məsuliyyət daşıyırıq. Ölkədə siyasi mədəniyyətin formalaşması üçün bəlkə də tarixi məsuliyyət bizlərin üzərinə düşüb. Əks halda, onlar müxalifətçiliyi ildə bir-iki aksiya ilə yola verəcək, illuziya yaradıb bizim də etdiklərimizi məhv edəcəklər. Bəzi hökumət üzvləri, məmurlar da bizi yola verəcəklər, deyəcəklər “oturun yerinizdə, şükür edin”.