Erməni əsgərlər qorxurlar


Ona görə Azərbaycanla sərhəddə spirtli içki qəbul etmədən xidmət aparmaq istəmirlər

Ermənistanın Müdafiə Nazirliyi mayın 28-də Azərbaycanla sərhəddə David Vardanyan adlı bir əsgərlərinin ağır yaralandığını, daha sonra öldüyünü bildirmişdi. Təbii olaraq Ermənistan bu hadisədə Azərbaycan tərəfini suçlayırdı. Lakin Azərbaycanın müvafiq qurumları İrəvanın ittihamlarına dərhal cavab verdi və iddiaların əsassız olduğunu bəyan etdi. Eyni zamanda vurğulandı ki, Ermənistanın qərəzli yanaşması və rəsmi Bakını suçlaması sülh prosesinə zərbə vurur. Azərbaycanın Dövlət Sərhəd Xidməti daha ətraflı məlumat yayaraq bildirdi ki, Ermənistan Silahlı Qüvvələrinin əsgəri David Vardanyanın qətlə yetirildiyi dislokasiya yerindəki çadırda əvvəlcə bir güllə səsi eşidilib. 8 dəqiqə sonra isə daha iki dəfə atəş açılıb. Bir müddət sonra bir nəfər çadırdan evakuasiya edilib. Yəni məlum olub ki, baş vermiş insident Ermənistan hərbçilərinin sərxoş vəziyyətdə olmasından qaynaqlanıb. 

Millət vəkili Sahib Alıyev deyib ki, ümumiyyətlə, son zamanlar sərxoşluq zəminində Ermənistan hərbçilərinin bir-birini güllələdikləri haqda erməni mediasında xeyli xəbərlər yayılır. Deputatın sözlərinə görə, burada diqqət çəkən məqamlar var: 

“Birincisi odur ki, Ermənistan ordusunda nizam-intizam çox zəifdir. Əsgərlər ya qorxduqları üçün, ya da başqa səbəblərdən Azərbaycanla sərhəddə spirtli içki qəbul etmədən xidmət aparmaq istəmirlər. Digər məqam isə ondan ibarətdir ki, rəsmi İrəvan Brüsseldə üzərinə götürdüyü öhdəliyə əməl etmək fikrində deyil. Məhz o səbəbdən sərhəddə sərxoşluq zəminində baş verən olayı Azərbaycanın ayağına yazmağa çalışır. Amma unudur ki, Azərbaycan Silahlı Qüvvələri onların hər addımını, hətta hərbçilərinin yaşadıqları çadırda nələrin baş verdiyini belə dəqiqliklə izləyir”.