Kənd təsərrüfatı yarmarkalarının təşkili müsbət haldır

Ancaq elə etmək lazımdır ki, sahibkar, fermer məhsulunu özü bazara çıxara bilsin

"Əsl yarmarka təşkil etməyin sadə yolu kəndlinin kənddən şəhərə gəlişini təmin etmək, becərdiyi məhsulun sərbəst satışına şərait yaratmaqdır"

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 Kənd Təsərrüfatı Nazirliyi “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil edəcək. Qeyd edək ki, “Kənddən-şəhərə” yarmarkaları ənənəvi hal alıb artıq. Xüsusilə də bayramqabağı günlərdə, əlamətdar tarixlərdə, həmçinin payız-yay mövsümündə kənd təsərrüfatı yarmarkalarının təşkilində əsas məqsəd həm paytaxt sakinlərinin tələbatını qarşılamaq, uyğun qiymətə təzə, keyfiyyətli məhsullar əldə etmək, həm də fermerlərin, sahibkarların qazanc əldə etməsinə, becərilən məhsulun ilk əldən satışa çıxarılmasına və məhsulun əsl sahibinin gəlir əldə etməsinə yardım   göstərməkdir.

Bu da ölkədə sahibkarlığa və liberal iqtisadiyyata dəstəyin bariz nümunəsidir. Liberal iqtisadiyyatın inkişafı üçün sahibkarlığın inkişafı əsas şərtdir. Kənd Təsərrüfatı Nazirliyi isə bunu bölgələrdə fermer təsərrüfatı olan, tərəvəzçilik, bostançılıqla məşğul olan yerli əhalinin becərdiyi məhsulu sərbəst şəkildə bazara çıxarmasına  yardım etməklə göstərir. 

Nazirliyin məlumatında bildirilir ki, “Kənddən şəhərə” yarmarkaları həftəsonları Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək. Yarmarkaların təşkili ilə yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaranır, eyni zamanda şəhər sakinləri təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin edilirlər. 

Budəfəki yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana biləcəklər. 

Qeyd edək ki, yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunacaq. Belə ki, yarmarkada iştirak edəcək fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarını yarmarka ünvanlarına çatdırmaqda çətinlik çəkən fermerlərə loqistik dəstək göstəriləcək. “Kənddən şəhərə” yarmarkalarının ünvanları KTN-in internet səhifəsində də paylaşılıb. 

Kənd təsərrüfatı yarmarkalarının təşkili ilə bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov bunun müsbət hal olduğunu, lakin bəzi məsələlərə diqqət edilməsinin vacibliyini vurğuladı: 

- Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili son illər ənənəvi xarakter alıb və bu, çox müsbətdir.  Bilirik ki, yarmarkalarda qiymətlər bazar və marketlərə nisbətən ucuz olur. Yəni əslində ucuz olmalıdır. Təəssüf ki, bəzən bunun əksi də müşahidə edilir, bu da fikrimcə, işlərin təşkilində boşluqlara yol verilməsindən qaynaqlanır. Yarmarka təşkilatçılarının əsas vəzifəsi məhsulun satışının fermerin özünün təşkil etməsinə çalışmaqdır. Yarmarkanın əsas qayəsi budur ki, yarmarkalarda sahibkarlar,  fermerlər piştaxta arxasında dayansın, alverçilər yox. KTN yarmarkalara alverçilərin, monopolistlərin daxil olmasına imkan verməməlidir. Belə olarsa, fermer də razı qalacaq, əhali də.  Əhali yarmarkalara nisbətən münasib qiymətlərə keyfiyyətli məhsul əldə etmək məqsədilə gedir. Qiymətlər əlçatan olmalıdır. Səhv etmirəmsə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rəşad Kərimov yarmarkalarla bağlı bildirib ki, müraciət edən fermerlərə ödənişsiz şəkildə hər cür şərait yaradılır. 

Əlbəttə, kəndli becərdiyi məhsulu özü yarmarkaya gətirib satışa çıxarsa tutarlı qazanc əldə edər. Zəhmətinin bəhrəsini həm özü görər, həm də vətəndaşlar ucuz və keyfiyyətli məhsul əldə edər. Kəndli əziyyət çəkərək əkib-becərdiyi məhsulun satışını özü etməlidir. 

Bu, kəndliyə - fermerə qazanc əldə etmək, becərdiyi məhsuldan gəlir götürmək imkanı yaradır, məhsul becərməyə həvəsini, həm də marağını artırır, əlavə stimul verir. 

Fermer becərdiyi məhsulu özü satışa çıxardıqda təmiz, halal qazanc əldə etmiş olur. Nə qədər çox əziyyət çəksə də, məhsulu əhali üçün əlçatan qiymətə satır. İşbazlara, alverçilərə məhsulla “alver etmək” imkanı vermir.  

F.İbrahimov onu da qeyd edib ki, yarmarkaların təşkili zamanı qarşıya qoyulan məqsədə nail olunması üçün fermerlərə hərtərəfli şərait yaradılmalıdır: 

- Fermerlərə şərait yaradılsın deyəndə, yarmarkaya məhsul gətirmiş kəndli üçün qalacağı yer, məkan olmalıdır. Əks halda, fermer gecələmək üçün otaq kirayələməlidir, deməli, qazanacağı puldan kirayə haqqı ödəyəcək. Bu, fermerə sərf etməz. Ona görə də bəzi hallarda fermerlər gətirdikləri məhsulu bir əldən başqa birisinə satıb rayona, kəndə qayıdır. Belədə yarmarkanın mahiyyəti pozulmuş olur. Məhsul ikinci, üçüncü ələ keçir. Qiymət də artır. Yarmarkalar ənənəvi bazarlarla yanaşı təşkil edilməməlidir. Bazar satıcıları yarmarkalara cəlb edilməməlidir.

 Əsl yarmarka təşkil etməyin  sadə yolu kəndlinin kənddən şəhərə gəlişini təmin etmək, becərdiyi məhsulun sərbəst satışına şərait yaratmaqdır. Monopoliyanın qarşısı alınırsa, bu, müsbət haldır.  Məlumatda qeyd olunan müsbət hal budur ki, fermerlərə logistik dəstək veriləcək. Bu da çox önəmlidir. Çünki fermerlər məhsulun daşınmasında da problemlə üzləşir. 

Hər fermerin şəxsi nəqliyyat vasitəsi yoxdur ki, yarmarkaya məhsul gətirsin. Kəndlilərə məhsulun daşınmasında, nəqliyyat xərclərində kömək göstərilsə, daşınma daha rahat başa gələr.