Azər Həsrətə beynəlxalq etimad 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “bayraqdar.info” saytının qurucusu və baş redaktoru Azər Həsrət nüfuzlu beynəlxalq jurnalist yarışmasının eksperti seçilib.
Bu haqda “Sherg.az”a Azər Həsrətin özü verib.
Jurnalist bildirib ki, ona “Fetisov Jurnalistika Ödülləri” (FJA) adlı beynəlxalq yarışmada ekspert kimi iştirak təklif olunub:
“Bununla bağlı müraciət edildi, bir qədər düşündükdən sonra təklifi qəbul etdim. Düşünürəm ki, bu nüfuzlu platformada Azərbaycanlı olaraq iştirakım həm də ölkəmiz və jurnalistikamız üçün əlavə üstünlükdür”.

A.Həsrət onu da əlavə edib ki, artıq ikinci dəfədir ki, qeyd olunan yarışmanın Ekspert Şurasına seçilir. O, 2021-ci ildə də FJA-nın beynəlxalq ekspertlərindən biri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, FJA əsasən sülhə üstün töhfə, vətəndaş hüquqlarına töhfə, üstün araşdırmaçı jurnalistika və ətraf mühit jurnalistikasında fərqlənmə istiqamətlərində mükafatlar təqdim edir. Mükafat fondu 130 min İsveçrə frankı (230 min manat) olmaqla jurnalistika sahəsində bütün tarix boyu ən böyük məbləğ hesab edilir. FJA-nın təltifetmə mərasimləri bir qayda olaraq İsveçrədə keçirilir. 2021-ci ilin qaliblərinin təltifetməsi 2022-ci ilin aprelində canlı iştirakla nəzərdə tutulsa da pandemiya üzündən onlayn keçirilib. Əlavə edək ki, A.Həsrət bir sıra beynəlxalq jurnalist və insan haqları qurumlarıyla uzun illərə söykənən iş təcrübəsinə malikdir. Onun fərqli dillərdə jurnalistika ilə məşğul olması, yenilikçiliyi və özəlliklə də qlobal platformalara bələd olması beynəlxalq qurumların da diqqətini cəlb etdiyindən müxtəlif nüfuzlu qurumlardan tez-tez təkliflər alır.