Azərbaycanda bütün sığınacaqların eyni problemi var

Belə təşkilatlara şəhərə yaxın və həyət-bacası olan bina verilməsi zərurətdir

Millət vəkili Razi Nurullayev rəhbərlik etdiyi Milli Cəbhə Partiyasının Qadınlar Şurası ilə birlikdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olub. Deputat mərkəzin rəhbəri Kəmalə Ağazadə ilə görüşüb və mövcud problemlərlə bağlı müzakirə aparıb. Parlament üzvü vurğulayıb ki, Azərbaycanda müxtəlif əhali qrupuna xidmət edən sığınacaqların eyni problemləri var və onların institusional və sistemli şəkildə həll olunması vacibdir: 

“Ayrı-ayrı ayrılıqda dövlət orqanlarına müraciət edilən zaman laqeyd qalmırlar, amma məsələlər kökündən həll edilmədiyindən eyni problemlər üzrə təkrar-təkrar müraciətlər edilir. 

Birinci növbədə sığınacaq kimi fəaliyyət göstərən təşkilatlara dövlət tərəfindən ehtiyacları ödəyəcək böyüklükdə, şəhərə yaxın və həyət-bacası olan bina verilməsi zərurətdir. Torpaq alıb tikmək istəyənlər də var, amma xərci dövlət tərəfindən ödənilsə, çox yaxşı olardı. Əlavə olaraq deyim ki, sığınacaqlara ianə verilməlidir, layihələrin də olması vacibdir. Amma bunlar əlavə xidmətlərin göstərilməsi üçün zəruridir. Əsas xərclər isə illik olaraq büdcə vəsaitləri hesabına ödənilməlidir”. 

Bakıda fəaliyyət göstərən üç təşkilat tanıdığını qeyd edən deputat regionlar üzrə də belə təşkilatların olmasının əhəmiyyətini diqqətə çatdırıb: 

“Bütün dünyada belədir ki, idarəçilik ictimai əsaslarla fəaliyyət göstərən təşkilatlarda olur, hökumət isə vəsait verir. Aidiyyəti təşkilatlara müraciət edirəm ki, birləşib vahid bir müraciət hazırlayıb mənə göndərsinlər. Bu məsələlərin aidiyyəti qurumlarla müzakirəsini aparıb konkret nəticələrə nail olmağa çalışaq”.