Yeni proses başlayır


Azərbaycanlı və erməni gənclərin sülh müzakirələri faydalı nəticələr verə bilər

“Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində 10 azərbaycanlı gənc 6-10 iyun tarixlərində Strasburqda səfərdə olacaq. Fransa səfiri Zakari Qross deyib ki, azərbaycanlı gənclər orada fransız, alman və erməni gənclərlə görüşəcək. Səfirin sözlərinə görə, Fransa, Almaniya və Avropa İttifaqının dəstəklədiyi Azərbaycan və Ermənistan arasında sülh danışıqları kontekstində OFAJ ermənilərlə azərbaycanlılar arasında barışıq prosesində iştirak etmək məqsədi güdür: 

“Bu təşəbbüs Brüsseldə müzakirə olunub və ötən ilin dekabrında liderlərin görüşündə razılaşdırılıb. Bu, Almaniya və Fransanın birgə təşəbbüsüdür və “Şərq Tərəfdaşlığı” çərçivəsində reallaşdırılır”.

Diplomat bildirib ki, Almaniya-Fransa barışıq prosesinin Ermənistan və Azərbaycan arasında da reallaşması mümkündür, onlar buna inanır: 

“Strasburqda ilk belə görüş baş tutacaq. Biz çox şadıq ki, gənc nəsil bu regionda sülh və barışa dəstək verir. Artıq həm siyasi, həm diplomatik, həm elmi, həm də mədəni səviyyələrdə sülh yaratmağın zamanıdır. Bilirəm, bu, çətin ola bilər, amma vacibdir”. Almaniya səfiri Volfqanq Maniq deyib ki, Fransa və Almaniya Xarici İşlər nazirlikləri də bu təşəbbüsə dəstək verir: “Almaniya və Fransa arasında münaqişə yüz illər davam edib. Amma biz artıq öz regionumuzda sülhə nail olmuşuq. Bu günlərdə İrəvandakı həmkarlarımız da sizinlə təmas quracaq erməni gənclərlə görüşür. Hər iki ölkənin gəncləri bir araya gələrək ortaq gələcəyi müzakirə edəcəklər. Bizim regionun uğuru gənclər üçün ilham mənbəyi olacaq. Bu çətindir, amma biz prosesi başlatdıq. Əminik ki, siz, Fransa və Almaniya xalqından öyrənəcəksiniz. Bizim ölkələrimizin nailiyyəti göstərir ki, sülh və barışıq mümkündür. Mən ümid edirəm ki, oxşar gələcək bu regionda da mümkün olacaq”. Analitiklər də hesab edirlər ki, Azərbaycan-Ermənistan rəhbərliyinin, eyni zamanda nazirlərin və digər rəsmi şəxslərin görüşü fonunda ictimaiyyət nümayəndələrinin də təmasları mütləqdir. 

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə deyib ki, iki ölkənin nümayəndələri arasında təmaslar əvvəlki dövrlərdə də baş tutub. Ekspertin fikrincə, müharibədən öncəki görüşlər birmənalı qarşılanmır, ictimaiyyətin tənqidinə, narazılığına səbəb olurdu:

 “Torpaqlarımızın işğaldan azad edilməsindən sonra rəsmi Bakı İrəvanla ciddi şəkildə sülh prosesinə start verib. Azərbaycan Rusiya və digər beynəlxalq qurumların vasitəçiliyi ilə Ermənistanla imzaladığı anlaşmaların, razılaşmaların hamısına sadiq qalır və üzərinə düşəni edir. Yəni biz erməni tərəfi ilə hərtərəfli sülh danışıqlarına, fərqli müstəvidə müzakirələrə hazırıq. 

Brüssel görüşlərində müəyyən siyasi razılıqlar əldə olunub və müəyyən tədbirlər görülməyə başlanılıb. Belə məqamda “xalq diplomatiyası” adlanan prosesin də işlək olması, deputatların, ziyalıların, mədəniyyət xadimlərinin, xüsusi olaraq gənclərin də ara-sıra təmas qurması, müzakirələr aparması faydalı nəticələr verə bilər.

 Avropa İttifaqının bu məsələdə təşəbbüsü təqdirəlayiqdir. Əminik ki, Azərbaycan gəncləri istənilən məkanda ölkəmizin milli maraqlarına uyğun davranış və mövqe sərgiləyəcəklər. Bizi düşündürən həssas məqamlardan çıxış edəcəklər. 

Təbii ki, əsas məqsəd erməni gənclərlə qarşılıqlı ünsiyyət qurmaq, etimadı yüksəltməkdir. Bu cür təşəbbüslər birgəyaşayış üçün önəmlidir. Əgər hər iki ölkə sülhə hazırlaşırsa, xalqlar, cəmiyyətlər də sülhə öz töhfəsini verməlidir”.