Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət mühüm amildir

Əliməmməd Nuriyev: "Bu sahədə aparılan ardıcıl və məqsədyönlü işlər çərçivəsində son zamanlar bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilib"

İctimai və dövlət maraqlarının müdafiəsi

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev bu ilin aprel ayında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edilirdi ki, Fəaliyyət Planının təsdiqi dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi daşıyır.

 Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etməlidir. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə müvəkkil, Mərkəzi Bank və Hesablama Palatası, habelə bələdiyyələrin milli assosiasiyalarına Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək tapşırılır. Diqqət çəkən həm də budur ki, Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır. Bu da onu göstərir ki, cənab Prezident inidiyədək olduğu kimi bundan sonra da dövlət maraqlarının təminatında ictimaiyyətə güvənir, ictimaiyyətdən gələn mesajları diqqətə alır, qərarların qəbulunda ictimaiyyətin maraqlarını dövlət maraqlarından ayırmır. Əslində, cənab Prezidentin çıxışlarına, əhali ilə görüşləri zamanı səsləndirdiyi fikirləri xatırlasaq, dövlət başçısının ən dolğun informasiyaları məhz ictimaiyyətdən aldığını görərik. Prezident özü bunu dəfələrlə bəyan edib. Korrupsiyaya qarşı mübarizədə biz bunun şahidi oluruq. Korrupsioner məmurların ifşa olunmasında, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutanların əməllərinin üzə çıxarılmasında ictimaiyyətdən – vətəndaşlardan daxil olan şikayətlər əsas götürülür. Məsələn, Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri bu günlərdə ifşa edilib. Baş Prokurorluğun məlumatında qeyd olunur ki,  Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

 Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu səpkili təxirəsalınmaz əməliyyatlar lazım olduğu anda həyata keçirilir. Bundan öncə  Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri həbs edilmişdi. İndiyədək vəzifəli şəxslərdən bir çoxu, bir neçə rayonun icra başçıları korrupsiyaya yol verdiklərinə görə məsuliyyətə cəlb olunub. Əlbəttə, vəzifəli şəxsin korrupsiyaya bulaşması, vətəndaşların problemlərini həll etməməsi və ya rüşvət müqabilində həll etməyə cəhd göstərməsi vətəndaş inamını azaldan amildir. Dövlət başçısı da məhz buna görə korrupsiya ilə mübarizəni dövlətçiliyin vacib elementi kimi vurğulayır, bu işdə ictimaiyyətin aktiv olmasını, rastlaşılan korrupsiya halları ilə bağlı aidiyyəti orqanlara dərhal məlumat çatdırılmasını vətəndaşlara tövsiyə edir.     

Korrupsiya ilə mübarizədə dövlət-vətəndaş birliyinin vacibliyini qeyd edən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında bu sahədə ictimaiyyətin dəstəyin önəmini vurğuladı: 

- Azərbaycan dövlət siyasətinin, eləcə də cənab Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri, əlbəttə ki, korrupsiyaya qarşı mübarizədir. Bu sahədə aparılan ardıcıl və məqsədyönlü işlər çərçivəsində son zamanlar bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilib, zəruri institusional tədbirlər həyata keçirilib və keçirilməkdədir. Bir müddət əvvəl Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda "dəyirmi masa" təşkil olunmuşdu. Tədbirdə Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində verdiyi tövsiyələr, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıldı. Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət mühüm amildir. Bu işdə QHT-lər də əhəmiyyətli rola malikdir.  Qeyri-hökumət təşkilatları dövlət qurumları ilə tərəfdaşlıq əsasında tədbirlər həyata keçirməli, ictimai nəzarət mexanizmlərinin hazırlanmasında iştirak etməlidirlər. Bu prosesdə  vətəndaşlarla sıx təmasda fəaliyyət göstərilməlidir. İctimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması da çox vacibdir. 
Ə.Nuriyev bildirdi ki, korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi ilə dövlət başçısının konkret tövsiyələri var: 
- Ölkəmizdə ictimai nəzarətin hüquqi əsasları və institutları mövcuddur. Sadəcə, bu sahədə fəallığın artırılması gərəkdir. Dövlət qurumları yanında yaradılan ictimai şuraların fəaliyyəti prosesin daha çevik aparılmasına kömək edə bilər. İctimai nəzarətsə mütəmadi, davamlı olmalıdır. Məsələn, hazırda Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələlərinin nəzarətdə saxlanılmasında vətəndaşlar aktiv olmalıdırlar. Çünki bu, bizim hamımızın ümumi işimizdir. İqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranır. Vətəndaş müraciətləri əsasında prokurorluq orqanları, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi əməliyyatlar keçirir. Bu cür müraciətlər bütün sahələrə aid olmalıdır. Vətəndaş harada dövlət maraqlarının, ictimai maraqların zərbə altında qaldığını görürsə, əlində dəqiq informasiyalar varsa, əlaqədar orqanlara məlumat verməlidir. Bunu bizdən dövlətimiz tələb edir.