Meriya işə vicdanla, planla girişməlidir

3 milyon 777,2 min manat böyük məbləğdir

Amma hər dəfə eyni küçələrin asfalt örtüyü təzələnir, eyni məhəllələr, eyni parklar abadlaşdırılır

   Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda məhəllədaxili yolların və səkilərin asfalt örtüyünün təmirinə, həmçinin bəzi yaşayış binalarının təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün bu işləri icra edəcək şirkətlərə 3 milyon 777,2 min manat ödəyəcək. Söhbət  BŞİH-yə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin paytaxtda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin, eləcə də dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının, inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurulmasından gedir. 

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Xezer-Construction", "Creat Company" MMC-lər və "Cronos" Mənzil-Tikinti Kooperatividir. Qalib şirkətlərə müvafiq olaraq 2 milyon 510,7 min manat, 285,6 min manat və 980,9 min manat, ümumilikdə isə 3 milyon 777,2 min manat ödəniləcək. Bu xəbəri oxuyanda istər-istəməz “yenə də asfalt, yenə də yol tikintisi?!” deyib təəccüb və təəssüf etməmək mümkün deyil. Bakının yolları nə gündədir ki, 21-ci əsrin başlanğıcından bugünədək elə hey təmir olunur, amma yollar bitib tükənmir. Sanki bu şəhərin dərdi ancaq yollardır, bir də binaların fasad hissəsinin üzlənməsi, rənglənməsi. Bəs binaların zirzəmilərində göllənən və iylənən çirkab suları nə zaman çəkiləcək? Paytaxt sakinlərinin canı, həm də yayın istisində ağcaqanadlardan nə zaman xilas olacaq? Hələ sakinlərin “liftdə ölmək istəmirəm”, deyib 7-9-cu mərtəbəyə payi-piyada qalxmaqları... 

Problem təkcə bunlar deyil. Paytaxtın mərkəzdən kənar elə məhəllələri var ki, ildə bir dəfə ya təmizlənə, ya təmizlənməyə. Onlar kimsənin yadına da düşmür. Yağış yağanda dəryaya çevrilən yollar, su altında qalan həyətlər, mənzillər, zibilləri dizə çıxan ara küçələr. Kanalizasiya suları yollara axan məhəllələr. Bunlar paytaxta aid deyil?! Bakı ancaq mərkəzi küçələrdən ibarətdir. Gəl ki, heç bu mərkəzi küçələrdə də düz-əməlli iş aparılmır. Məsələn, 5-6 ağac kəsiləndən sonra aidiyyətli qurumlar birdən yuxudan “ayılır” və “ağac qatillərini” axtarmağa başlayırlar.  Amma ki, faydasız. İnkar etmirik. Paytaxtda abadlaşan, gözəlləşən bağlar, parklar var. Lakin sakinlər o park və bağlardan ayrılıb mənzillərinə yol aldıqda yenə köhnə problemlərlə üz-üzə gələcəklərini bildiklərindən az qalırlar gecəni də parkda keçirsinlər. Demək ki, sakinlərin problemləri həllini tapmır. Bir parkla iş düzəlmir. Bakı Şəhər İcra Hakimiyyətində mart ayının əvvəli bir müşavirə keçirilmişdi. Müşavirədə yaz mövsümünün başlanmasıyla əlaqədar şəhərdəki park, istirahət bağları, “Abad məhəllə”lərdə cari təmir işlərinin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə dair tapşırıqlar verilmişdi. Görürsünüz, yenə də park, bağ, yaşıllıqlar. Bir dəfə də binaların zirzəmiləri haqqında tapşırıq verilsin, camaat da “əhsən”, desin. 

Məsələ ilə bağlı “Şərq”ə danışan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı qeyd etdi ki, 3 milyon 777,2 min manat böyük məbləğdir. Bu məbləğə hansı işlərin görüləcəyi konkret göstərilməlidir: 

- Əsas məsələ tenderlərin şəffaflığının təmin edilməsidir. Bilirsiz ki, bizim ölkədə tenderlərə münasibət birmənalı deyil. İndiyədək çox belə hallarla qarşılaşılıb ki, rəsmi orqanlar, yüksək vəzifəli məmurlar yaxınlarının, qohum-əqrəbalarının adına olan şirkətləri tender qalibi elan edib, dövlət büdcəsindən ayrılan vəsaiti həmin şirkətlərin hesabına köçürüb, sonra da məlum olub ki, qeyd olunan işin heç yarısı görülməyib, ortada böyük yeyinti var. BŞİH-yə məxsus MMC-nin tender qalibi elan etdiyi şirkətlərdən söhbət getmir. Biz bilmirik bu şirkətlər hansı işi görəcək, necə görəcək. Bunu zaman göstərəcək. Lakin ümumiyyətlə, tenderlər şəffaf keçirilməli, ayrılan vəsaitin hara, necə xərcləndiyinə dair açıq məlumatlar olmalıdır, vətəndaş da bilsin ki, dövlət vəsaiti hara xərclənir. Tenderdə işin həcmi təyin edilir, şirkətlər də müsabiqədə iştirak edir, kimisi qalib olur, kimisi yox. İctimaiyyəti, paytaxt sakinlərini narahat edən görülən işin keyfiyyəti və ayrılmış vəsaitə nə dərəcə uyğun olmasıdır. 

M.Zülfüqarlı qeyd etdi ki, hər il təxminən eyni miqyaslı işlərin icra edilməsi narazılıq doğurur: 

- Hər dəfə təxminən eyni küçələrin asfalt örtüyü təzələnir, eyni məhəllələr, eyni parklar abadlaşdırılır. Paytaxtın gözdən-könüldən uzaq məhəllələri yenə əvvəlki kimi asfaltsız, natəmiz vəziyyətdə qalır. Mərkəzi küçələr abadlaşır, kənar küçələr olduğu kimi qalır. Belə çıxır ki, BŞİH kənar məhəllələrin, qəsəbə yollarının abadlaşmasına zərurət görmür. Bakının problemləri çoxdur.

 İctimai nəqliyyatdan tutmuş, tıxaclara və binaların zirzəmilərinə qədər. Amma nə görürük, binaların fasadı rənglənir, ağaclara əhəng çəkilir, dövlət strukturlarının inzibati binalarının önü abadlaşır, gül-çiçəyə bürünür. Bununla da iş bitir. Hər inzibati rayonun illik büdcəsi var. Hər inzibati rayonda il ərzində görülməsi vacib işlər müəyyənləşməlidir və bu işlərin icrası aparılmalıdır. Bunun üçün də hər bir məmur vəzifəsinə vicdanla yanaşmalıdır. 

Hər inzibati rayonun icra orqanı öz ərazisində hansı işlərin görülməli olduğunu, sakinlərin nədən narazı qaldığını bilməlidir. Təəssüf ki, belə deyil.