Körpə ölümü cəzasız qalmadı 

6 ildən sonra nəhayət 2 həkimə həbs cəzası kəsilib

   Nəfəs almaqda çətinlik çəkdiyindən xəstəxanaya yerləşdirilən və ağciyər çatışmazlığı diaqnozu qoyulan 6 aylıq körpənin ölümünə görə 2 həkimə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. “Şərq” “NTV com.tr”-yə istinadən bildirir ki, hadisə 2015-ci ildə Türkiyənin İstanbul şəhərində yaşanıb.  Miray adlı 6 aylıq körpə nəfəs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya yerləşdirilib. 

Lakin xəstəxanada körpə vəfat edib. Körpələrinin ölümündə həkimləri günahlandıran valideynlər məhkəməyə müraciət ediblər. Məhkəmə istintaqı başlayıb və həkimlərin müalicədə səhvə yol verdikləri məlum olub. Körpənin anası Nurcan, atası Şahin Türkan xəstəxana  həkimlərinə güvənərək körpələrini onlara etibar etdiklərini, lakin həkimlərin vəzifələrini icra edə bilmədiyini deyib. Vəfat etmiş körpənin anası müalicə həkimləri barədə “biri savadsız, digəri səhlənkar, məsuliyyətsiz idi.

 Dərman müalicəsiylə körpəmiz vəfat etdi”, deyib. Körpənin atası Ş.Türkan isə məhkəmə prosesinin 6 ildir davam etdiyini vurğulayaraq, nəhayət, günahkarlartın cəzalandırılmasını tələb edib. Təqsirkar qismində prosesdə iştirak edən Nurəddin Onur Kutlu isə iddiaları qəbul etməyərək müalicə müddətində assistent həkim olaraq çalışdığını, xəstəxanaya müntəzəm deyil, yalnız çağırıldığı zaman gəldiyini deyib. 

N.Kutlu körpənin ağır formada ürək çatışmazlığı, müəyyənləşməmiş metabolik xəstəliyi olduğunu söyləyib,  körpənin ölümünə çox üzüldüyünü ifadə edib.

 Məhkəmə körpənin müalicəsində dərman preparatlarının dozadan artıq istifadə edildiyini, şahid ifadələrini, xəstəxananın ictimai olmasını, valideynlərə dəyən mənəvi ziyanı əsas alaraq “səhlənkarlıqdan ölümə səbəbolma” maddəsiylə həkimlər N.Kutlu və Elvis Krajanın 3 il 6 ay azadlıqdan məhrum edilməsinə qərar verib.