Oğluna yalvarmır...

Sürücülük vəsiqəsini yeniləyən 100 yaşlı qadın hara istəyir özü gedir

   İtaliyanın şimalındakı Vicenza əyalətinin sakini, 100 yaşlı Candida Uderzo sürücülük kursunda görmə testindən keçərək yeni sürücülük vəsiqəsi alıb. “Şərq” “NTV.com.tr”-yə istinadən xəbər verir ki, Candida gənc yaşlarından etibarən  avtomobil sürdüyünü, indi də yaşının çox olmasına baxmayaraq sükan arxasında əyləşməyi sevdiyini deyib: ”Müstəqil olmağı sevirəm. 

Məni harasa aparsın deyə, oğluma yalvarmaq məcburiyyətində qalmıram, hara istəsəm, maşınımı sürüb özüm gedirəm”, söyləyən Candida İtaliyada bir əsrdən artıq sükan arxasında olan 3 qadından biridir. 

Candida sağlamlığı və avtomobil idarə etmək istəyi barədə İtaliyanın “Corriera della Sera” qəzetinə müsahibə verib. “Sürücülük vəsiqəsini yeniləmək məni xoşbəxt etdi. Özümü daha da müstəqil hiss etməyimə səbəb oldu.

 Oğluma məni gəzdirməsi üçün təzyiq etmək istəmirəm. Şanslıyam. 100 yaşındayam və sağlamam. Bu, mənim üçün də gözləmədiyim sürprizdir. Qətiyyən dərman içmirəm.  Bəzən yuxu dərmanı qəbul edirəm. Ancaq bu qədər”, deyən Candida görmə qabiliyyətinin də çox yaxşı olduğunu, qəzetləri eynəksiz oxuduğunu söyləyib. 

Candida Uderzonun yeganə kədəri ömür-gün yoldaşını erkən itirməsidir. Lakin bu itkidən sonra Candida həyatdan zövq almaqla həyatda sağlam qala biləcəyini dərk edib və dostlarıyla yürüşlərə çıxmağa başlayıb.

 Təqaüdə çıxdıqdan sonra səyahət edən bir qrupa üzv olub və onlarla birlikdə günlərini maraqlı keçirməyə başlayıb. Hər bazar günü səhər saat 6-da oyanıb qrupdakı dostlarıyla qaçışa çıxıb, səyahətə gedib. İtaliya qanunlarına görə, avtomobil sahibləri 80 yaşdan sonra 2 ildən bir sürücülük vəsiqələrini yeniləməlidir. 

Bunun üçün testlərdən keçməli, fiziki sağlamlıqları, görmə qabiliyyətlərinin sürücülük üçün uyğun olduğu yoxlanmalıdır. 100 yaşlı Candida bütün testlər üzrə müsbət nəticə göstərib və yeni vəsiqəyə sahiblənib.