Yayda hər kəs istirahətə can atır

Ancaq bütöv bir sinfin şagirdlərini naşı avtobus sürücüsünə etibar etmək olmaz

"Şəxsi tanışlıqla avtobus kirayələyir, pul toplayırlar. Tur təşkil edənlərin sayı-hesabı yoxdur.  Yığma avtobuslarla səfərə çıxırlar. Kimsə nə təhlükəsizliyə zəmanət verir, nə mənalı istirahətə"

Bakı-Şamaxı yolunda 56 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi səyahət və turlar problemini gündəmə gətirib. Məktəblilərin iştirakı ilə səyahət və ekskursiyaların təşkili yenilik deyil. Bunlar həmişə, bütün dövrlərdə olub. Və təqdir də edilib. Şagirdlər sosiallaşmalıdır, istirahətləri, tətilləri mənalı, tədrisə dəstək olacaq səviyyədə təşkil edilməlidir. 

Məlum məsələdir ki, səyahətlər, ekskursiyalar uşaqların biliklərinin daha da möhkəmlənməsinə, əlavə biliklər əldə etməsi üçün lazımdır. Uşaqlar səfər etdikləri yerdə tarixi öyrənir, ölkəsinin coğrafiyasını tanıyır, yurduna bələd olur. Üstəlik, şagirdlərin birgə səyahəti onlar arasında ünsiyyətin, mehribanlığın formalaşmasına kömək edir. Əlbəttə ki, gözlənilməz hallara da hazır olmaq lazımdır. Tanınmayan əraziyə səyahət zamanı hər cür hadisə baş verə bilər. Səyahətlər planlaşdırılarkən də iqlim şəraitindən tutmuş, gediləcək məkanın relyefinədək hər bir detal araşdırılmalıdır. Bəzən səyahətlər məktəb yaşlı uşaqlara uyğun gəlmir. 

Böyüklər səyahətləri öz istəklərinə uyğun təşkil edirlər.  Səyahətlər müxtəlif formalarda olur, valideynlə, valideynsiz.  Səyahətdə valideynlər də varsa, təbii ki, uşaqların təhlükəsizliyinə ciddi yanaşmalıdırlar, onları nəzarətsiz qoymamalıdırlar.  Lakin valideyn övladını müəllimə etibar edirsə, müəllimin də vəzifəsi uşaqları qorumaqdır. Qəzalardan kimsə sığortalanmayıb. Amma qəzadan sonra ortaya çıxan problemlər səyahət və turların təşkilində boşluqlar olduğunu göstərir.  Təhsil naziri Emin Əmrullayev məlum qəza hadisəsinə münasibətində bu məsələlərə toxunub: “İki tədbiri bir-birindən ayırd etməliyik. Biri dövlət qurumu tərəfindən keçirilən, biri də valideyn qruplarının təşkil etdikləri tədbirlərdir.  Məsələn, biz, Şuşaya səfər təşkil etmişdik. Təxminən 300-ə yaxın şagird getmişdi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq etmişdik. Hansısa valideynlər öz övladları ilə harasa getmək istəyirsə, bu halda tövsiyə edərdim ki, ehtiyatlı olsunlar”. 

Nazir bildirib ki, dövlət qurumlarının təşkil etdiyi tədbirlər zamanı müvafiq tədbirlər görülür. Səhiyyə qurumları ilə, polislə daim əməkdaşlıq edilir: “Təşəkkür edirəm ki, bu istiqamətdə bizə dəstək olurlar. Amma ayrı-ayrı valideyn qruplarının belə tədbirlər təşkil etməsinə nəzarət bir o qədər asan məsələ deyil. Çünki Azərbaycan azad ölkədir və istənilən valideyn qrupu öz övladları ilə harasa gedə bilərlər. Bu zaman qəzaların baş verməsi nə qədər xoşagəlməz olsa da, heç kim bundan sığortalanmayıb. Məktəb rəhbərliyi tərəfindən kütləvi tədbirlər təşkil olunarsa, mütləq qaydada dövlət strukturlarından, Təhsil Nazirliyindən dəstək almaq imkanları var”. Təhsil nazirinin sözlərinə görə, hazırda məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir: “Biz istənilən halda, həmişə uşaqların yanındayıq və istəyirik ki, hansısa mürəkkəbləşmə olmasın. Qəza nəticəsində xəsarət alan uşaqlar var. Onların müalicəsi davam etdirilir. Şükür ki, daha ciddi fəsadlar olmayıb. Gələcəkdə inanırıq ki, bu məsələni təşkil edənlər diqqətli olacaqlar. İstəməzdik ki, belə hallar olsun, amma Azərbaycanda yol qəzaları olur”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi də rayonlara səfərlə bağlı valideynlərə çağırış edib. Çağırışda qeyd olunur ki, dərsdənkənar vaxtlarda və tətil müddətində bu kimi səfərlərə təşəbbüs göstərərkən müvafiq normalara cavab verən qurumlarla qanunauyğun şəkildə tərəfdaşlıq etmək zəruridir.

“İyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar Şamaxı, Qobustan və Bakıdakı müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər. Səhər saatlarına olan məlumata görə, Şamaxı və Qobustandakı xəstəxanalardan 1 nəfər ağır və 2 nəfər orta ağır xəsarət alanlar paytaxtdakı müxtəlif tibb müəssisələrinə köçürülüb. İnsan tələfatının olmadığı bildirilir. Yüngül xəsarət alanlar müvafiq tibbi yardım və müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Xatırladaq ki, qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər lV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub. Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə bir günlük gəzinti-istirahət məqsədilə təşkil olunub”.
“Kimdir müqəssir” isə həmişəki kimi cavabsız qalan sualdır. Biri sürücünü, başqası müəllim və valideynləri, digəri daxili turlar təşkil edənləri qınayır. Ortada olan faktlar isə günahkarların üzə çıxarılması üçün yetərlidir. 

Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında qeyd etdi ki, məsələ uşaqlardırsa, valideyn də, müəllim də, səyahət təklif edən şirkətlər və sükan etibar edilən sürücülər xüsusilə ehtiyatlı olmalıdır:    

- İndiki vəziyyətdə məsuliyyət sürücünün üzərindədir. Sürücünün vəsiqəsi yoxlanmalı, vəsiqəni necə əldə edib, araşdırılmalıdır. Avtobus sürməyə yetərlidirmi vəsiqəsinin kateqoriyası, özünün yaşı, sürücülük stajı? Əgər bu məsələlərdə boşluqlar, qanun pozuntusu varsa, tur şirkəti cəzalandırılmalıdır. Şirkət məsuliyyətə cəlb edilməlidir ki, sürücünü hansı əsaslarla işə qəbul edib, bir avtobus uşağın məsuliyyəti necə  ona etibar edilib? Qanun-qaydanı heç kim vecinə almır. Hamı məsuliyyətinin fərqində olmalıdır. Bir tur üçün 600 manat almağı bilirlər, təhlükəsizliyin təminatını isə bilmirlər. Məlumatlara görə, sürücü “başqa işə tələsirəm” deyib, sürət həddini keçib, dönmə qaydasına əməl etməyib. Əgər o dəmirlər olmasaydı bir avtobus adam uçuruma yuvarlanacaqdı. Səyahətlər üçün daha etibarlı turizm şirkətləri, daha etibarlı, kateqoriyalı sürücülər seçilməlidir. Təəssüf ki, bu, həmişə mümkün olmur. Hamı səyahətə can atır. Şəxsi tanışlıqla avtobus kirayələyir, pul toplayırlar.  Tur təşkil edənlərin sayı-hesabı yoxdur.  Yığma avtobuslarla səfərə çıxırlar. Kimsə nə təhlükəsizliyə zəmanət verir, nə mənalı istirahətə. 

Hazırkı istirahətlər selfi çəkdirib paylaşmaqdan o yana keçmir. Səhər saat 06:00-da yola çıxan avtobus gecə 12-də geri qayıdır. Uzaq məsafələrə səyahətlər gecələməklə olsa yaxşıdır. Sürücü də yorulmaz, gecə qaranlıqda avtobus idarə etməz. 

Tələsməz. Bunun üçün də istirahət məkanlarında ucuz, əlçatan qiymətlər olmalıdır ki, valideynlər övladları ilə normal istirahət edə bilsin.