“Son zəng” qalib xalqa uyğun şəkildə təşkil olunmalıdır

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


Bu gün məktəblərdə “Son zəng” çalınacaq və minlərlə gənc həyatın yeni -  özünütəsdiq mərhələsinə qədəm qoyacaq. Necə davranacaq Azərbaycan gəncliyi, özünü necə təsdiq edəcək, şəhid və qazilərimizin qəhrəmanlıq estafetini qəbul edib, əmanət olunan Vətən torpaqlarını qoruya biləcəkmi, ölkəmizin adını ucaldacaqmı, müasir dünya gəncliyi ilə birləşərək sağlam gələcək qurucusuna çevrilə biləcəkmi? 

Bu sualların cavabı illər öncə - orta məktəbdə təhisl aldığı illərdə həm ailə, həm də məktəb tərəfindən yeniyetmələrin düzgün təlim-tərbiyəsi vasitəsilə hazırlanıbsa, onlar  müstəqil həyatda büdrəməyəcək, ölkəyə layiqli vətəndaş olacaqlar. Bunun üçün yeniyetmə və gənclərlə işləyən nazirliklər, dövlət orqanları, təşkilatlar da üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir. 

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Emin Əmrullayevin təhsil naziri təyin edilməsiylə bağlı video-formatda qəbulu, həmçinin Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən çıxışı zamanı gənclərin milli-vətənpərvərlıik ruhunda tərbiyəsinin önəmli olduğunu xüsusi vurğulamışdı: “Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. 

Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır”. Cənab Prezident çıxışı zamanı gənclərin tərbiyəsində vətənpərvərlik hisslərinin ön planda olmasının zəruriliyini qeyd etmişdi və 44 günlük Vətən müharibəsini örnək göstərmişdi:  

“Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var.  ...Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq”. Prezident qeyd etmişdi ki, bu şanlı tarixi yaşatmaq və qorumaq, gəncləri bunun əsasında tərbiyə etmək vacib məsələdir və bu işdə hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. 

“Son zəng” tədbirləri də bu kontekstdə təşkil edilməlidir. 2021-2022-ci tədris ilinin məzunlarını ötən illərin məzunlarından fərqləndirən əsas cəhət onların qalib ölkənin gəncləri olmasıdır. Deməli, “Son zəng” tədbirləri də qalib ölkə və qalib xalqa uyğun şəkildə təşkil olunmalıdır. Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin isə idman və ya akt zallarında təşkil olunacaq. 

“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək. Bununla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib. BDYPİ-nin müraciətində qeyd olunur ki, bu gündən etibarən doğma məktəbdən ayrılan məzunlarımız həyatlarının yeni mərhələsinə qədəm qoyacaq, planlaşdırdıqları hədəflərə doğru addımlayacaq, təhsilini ali məktəbdə davam etdirəcək, hansısa ixtisasa yiyələnəcək və ya Vətənin keşiyində durmaq üçün hərbi xidmətə yollanacaqlar. Lakin harada olmalarından asılı olmayaraq onlar yol hərəkəti iştirakçısı olaraq qalacaqlar. Son illərin təcrübəsi göstərir ki, bəzən şagirdlər “Son zəng” günü valideynlərinə və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək əyləncə təşkil etmək məqsədilə sükan arxasına əyləşirlər. Avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi isə olduqca təhlükəli əməldir. Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladılır ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Çox təəssüf ki, bəzən bu cür səhlənkarlığa yol verən valideynlərə rast gəlinir, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır. 

“Son zəng”in gənclərin yaddaşında təkcə əyləncələrlə deyil, həm də vətənpərvərlik hisslərinin tərənnümü kimi qalması üçün hansı işlər görülməlidir? 

Bərdə rayonu, 6 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini, Bərdə Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında xüsusilə 44 günlük Vətən müharibəsindəki şanlı və tarixi qələbəmizdən sonra orta məktəblərdə keçirilən “Son zəng” tədbirlərinin də mahiyyətinin dəyişdiyini dedi: 
- 44 günlük Vətən müharibəsi ümumilikdə xalqımıza elə bir qürur yaşadıb ki, bu, hər sahədə hiss olunur, xüsusilə də orta məktəblərdə, yeniyetmə və gənclər arasında.  Tədris olunan dərslərin məzmunu da müsbətə doğru dəyişib, vətənpərvərlik hissləri ön plana çıxıb. Bundan əvvəl də orta məktəblərdə pedaqoji heyət yeniyetmələrin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm  verirdi, çünki qarşıda bizi böyük bir sınaq – torpaqlarımızın işğaldan azad olunmasının gözlədiyini hamı bilirdi. Qarabağ müharibəsi, erməni işğalı, şəhidlərimizin qəhrəmanlığı tədris və təlim-tərbiyə prosesində ana xətti təşkil edirdi. İndi isə artıq qalib xalq kimi qələbəmizdən, şücaətli ordumuzdan danışırıq və bu, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əsas rol oynayır. Hesab edirəm ki, “Son zəng” tədbirlərinin məzmunu və forması da artıq dəyişməlidir. “Son zəng” günü gənclərin yaddaşında yalnız əyləncələrlə deyil, həm də vətənpərvərlik ruhunun təbliği kimi qalmalıdır. Bu gün şəhid məzarları, Şəhidlər Xiyabanı ziyarət edilməlidir, “Son zəng” tədbirlərinə şəhid ailələri, şəhid anaları, şəhid övladları mütləq dəvət edilməlidir. Elə məktəblərimiz var ki, hansısa şəhidin adını daşıyır, elə məktəblər var, orada şəhid balaları təhsil alır. “Son zəng”, eləcə də digər ölkə miqyaslı tədbirlərdə şəhid ailələri öndə olmalı, onlara xüsusi diqqət ayrılmalıdır. 

“Son zəng” tədbirləri də milli-mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi ruhunda keçirilməlidir. Müstəqil həyata addımlayan gənclərimiz onlardan hansı gözləntilərimiz olduğunu bilməlidirlər.