Hər mənzildə od söndürən balon olmalıdır

Yay aylarında baş verən yanğınların əsas səbəblərindən biri elektrik naqillərinin qızmasıdır

"Yay aylarında yanğın təhlükəsini önləmək məqsədilə yaşıllıqlara, park ərazilərinə, istifadəsiz yerlərə nəzarət artırılmalıdır. Ərazidəki quru otlar təmizlənməlidir, çünki quru otlar tez alışır və yanğının əhatəsi genişlənir"


     Havaların isti keçdiyi günlərdə yanğın barədə məlumatlar narahatlıq doğurur. Bu günlərdə paytaxtda bir neçə belə hadisə baş verib. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”ın ərazisində baş vermiş yanğın nəticəsində 500kv.m. sahədə quru ot yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürülərək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib. Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib. E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib. Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə göndərilib. 

     İsti havalarda yanğın təhlükəsinin artdığı nəzərə alınaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zəruridir. Yanğın təhlükəsizliyi dövlət orqanları, idarə və müəssisələrlə yanaşı, əhalinin də diqqətində olmalıdır. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, yanğın təhlükəsizliyi qaydalarına riayət etmək vacibdir: 

- Bütün dövlət qurumları yanğın təhlükəsizliyinə məsuliyyət daşıyır. Bədbəxt hadisələr baş verməsin deyə, yanğından mühafizə və təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir. Əgər bir müəssisədə işçilərin sayı 15 nəfərdən artıqdırsa, həmin müəssisədə könüllü yanğınsöndürənlər dəstəsi formalaşmalıdır. Bu əməkdaşlara kurs keçilməlidir, onlar yanğın zamanı ilkin tədbirlər haqqında məlumatlandırılmalıdır. Təsəvvür edək ki, əgər bir müəssisədə yanğın hadisəsi baş veribsə və əməkdaşlar Dövlət Yanğın Nəzarəti Xidməti gələnədək yanğının yayılmasının qarşısını alacaqsa, yanğınsöndürənlərə lazımi məlumatları vaxtında çatdıracaqsa, həm yanğının qarşısı qısa zamanda alınacaq, həm də xəsarət və itkilər də dəfələrlə az olacaq. 

Yanğın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi əsas şərtlərdən biridir. Hər bir idarə və müəssisədə yanğından mühafizə xidməti, yanğına qarşı lazımi avadanlıqlar, su nasosu, yanğınsöndürən balonlar olmalıdır. Bütün alətlər işlək vəziyyətdə saxlanmalıdır. Əməkdaşlar təxliyə çıxışları barədə məlumatlı olmalıdır. Bütün bunlar yanğının qarşısının qısa zamanda alınmasına və əməkdaşların vaxtında təxliyə edilməsinə, ziyanın minimum olmasına şərait yaradır. Yanğın zamanı ən vacib əşyalar ilk növbədə yanğın sahəsindən çıxarılmalıdır. Ümumiyyətlə, hər bir idarə və müəssisədə yanğından mühafizə sistemi qurulmalıdır. Biz tikinti materialları bazarında, alış-veriş mərkəzlərində baş verən yanğınların hansı fəsadlara səbəb olduğunu gördük. Əgər həmin məkanlarda yanğından mühafizə sistemi olsaydı, təhlükəsizlik qaydalarına riayət edilmiş olsaydı, zərər o qədər böyük olmayacaqdı. 

     E.Nurəliyev qeyd etdi ki, yanğınların böyük əksəriyyəti elektrik naqillərinin nasazlığı ucbatından baş verir: 

- Müəssisələrdə hər il, yaşayış binalarında, mənzillərdə isə heç olmasa 2 ildən bir elektrik naqilləri yoxlanmalıdır. Elektrik naqilləri ən çox yüklənməyə məruz qalır. Bir mənzildə eyni vaxtda baxırsan ki, paltaryuyan maşın da işləyir, tozsoran da, “Tefal” çaydan da elektrik cərəyanına qoşulmuş vəziyyətdədir. Havalar istidirsə, kondisioner də işləyir. Xüsusilə söhbət yay aylarından gedirsə, bu, real təhlükə deməkdir. Çünki isti havalarda elektrik naqilləri adi vaxtdan 2-3 qat artıq qızır. Yay aylarında baş verən yağınların əsas səbəblərindən biri elektrik naqillərinin qızmasıdır. Naqillər isinir, qızır və nəhayət, alışma baş verir. Elektrik naqillərinin keyfiyyətli olub-olmadığı mütləq yoxlanmalıdır. Həm də elektrik naqilləri həddindən artıq yüklənməməlidir. Mənzildən çıxarkən elektrik avadanlıqlarını cərəyandan mütləq ayırmaq lazımdı. Ümumiyyətlə, hər bir mənzildə od söndürən balon olmalıdır. Avropada, Pribaltika ölkələrində hər mənzildə belə balonlar var. 6 kiloqramlıq balon 6-8 kvadrat metr ərazidə yanğını söndürə bilir. Deməli, bir mənzildə yanğın baş versə, qonşular həmin od söndürən balonlarla yanğının qarşısını ala bilir. Yanğınsöndürənlər gələnədək özləri təhlükəni aradan qaldıra bilirlər. Bizdə isə bir hadisə baş verdikdə hamı dayanıb yanğınsöndürən maşının gəlməsini gözləyir. Yay aylarında yanğın təhlükəsini önləmək məqsədilə yaşıllıqlara, park ərazilərinə, istifadəsiz yerlərə nəzarət artırılmalıdır. Ərazidəki quru otlar təmizlənməlidir, çünki quru otlar tez alışır və yanğının əhatəsi genişlənir. Zibilliklər vaxtlı-vaxtında təmizlənməli, zibillər tez-tez daşınmalıdır. Zibillikdəki adi şüşə parçası da üzərinə günəş şüasının düşməsiylə böyük yanğına səbəb ola bilər. 

Qəsdən yanğın törədilməsi hadisəsinə gəlincə, E.Nurəliyev hadisəyə hüquqi qiymət verildikdən sonra mahiyyətin nədən ibarət olduğunun anlaşılacağını dedi: 

- İndi biz mülahizə irəli sürə bilərik. Bəlkə o şəxsin psixi problemləri var, bəlkə kiminləsə şəxsi-qərəzliyi?! Ola bilər kiminləsə aralarında mübahisə yaransın və acığa düşüb ərazini yandırsın. Və yaxud ərazidə yanğın siqaret kötüyündən, bir qığılcımdan da yarana bilər. Yəqin ki, bu hadisə araşdırılacaq və yanğının əsl səbəbi bilinəcək. Bütün hallarda yay aylarında yanğın təhlükəsi daha artıqdır və müvafiq qurumlar bunu nəzərə alaraq qabaqlayıcı tədbirlər həyata keçirməlidir.