Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırdı, DEPUTAT ONU QINADI 

 Razi Nurullayev:"Düşünürəm ki, hər halda vətəndaşlar bu cür hərəkətlərə əl atmazdan öncə, dövlət qurumları ilə görüş keçirməldirlər. Eyni zamanda, millət vəkillərinə müraciət etsinlər, jurnalistlərdən kömək istəsinlər"


Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub. APA-nın yerli bürosunun xəbərinə görə, Şəmkir rayonunun Yeni həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.
Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
Son zamanlar insanların müxtəlif hakimiyyət orqanlarının önündə özünə xəsarət yetirməsi, habelə, özünün yandırması diqqət çəkir. Vətəndaşların öz etirazlarının bu şəkildə bildirməsi həm ürək ağrıdan, həm də sual yaradan məqamdır.  

Maraqlıdır, niyə insanlar bu cür əməllər əl atırlar, onları buna kim və nə məcbur edir ?

Sualımızı cavablandıran millət vəkili Razi Nurullayev “Sherg.az”a açıqlamasında bildirib ki, insanların özünü yandırmasına, özünə xəsarət yetirməsinə yaxşı hal kimi baxmıram:

“Nə olursa, olsun, insan öz canına qəsd etməməlidir. İnsan bunu etməklə, öz ailəsini, uşaqlarını, qohumlarını və yaxınlarını pis vəziyyətdə qoyur. Öz vəziyyətini də daha da ağırlaşdırmış olur. Bu səbəbdən bu üsula əl atmaq düzgün deyil”.
Deputat qeyd edib ki, həmin şəxsi bu hadisəni törətməyə təhrik edən səbəblər araşdırılmalıdır:
“Düşünürəm ki, hər halda vətəndaşlar bu cür hərəkətlərə əl atmazdan öncə, dövlət qurumları ilə görüş keçirməldirlər. Eyni zamanda, millət vəkillərinə müraciət etsinlər, jurnalistlərdən kömək istəsinlər. Məsələ bu və digər şəkildə araşdırılsın. Şəxsən mənə müraciət edən insanların problemlərini  araşdırırıq. Amma özünün yandırmaq halı doğru yanaşma deyil. Lakin burada həmin şəxsin nə qədər haqlı olub – olmaması haqqında heç nə bilmirəm”.