“Toyota Prius” taksilər yollarda “kamikadze”yə çevrilir! - Qorxunc vəziyyət!

“Şəxsən mənim ətrafımda nə qədər insan var ki, taksi sifariş verəndə “Toyota Prius” gəlməsin deyə şərt qoyurlar”

 “Əsl günahkar sürücüləri səkkiz saatdan artıq işlədən sahibkar və şirkətlərdir” 

Son zamanlarda “Toyota Prius” markalı avtomobillərlə törədilən qəzalar gündəmi zəbt edib. Mütamadi olaraq, qəza xəbərlərində bu markalı avtomobillərin adı ilə  rastlaşırıq. Bu gün də “Toyota Prius” markalı avtomobilin 40 nömrəli avtobusla toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb”, - məlumatda bildirilib.

Bəs, “Toyota Prius” markalı avtomobillərin daha çox qəza törətməsinin səbəbi nədir?

Sualımızı cavablandıran nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Sherg.az”a açıqlamasında bildirib ki, səbabkar həmin avtomobilləri idarə edən intizamsız, iş və istirahət rejimi bəlli olmayan, sağlamlığı yoxlanılmayan sürücülərdir:

“Onlar transmilli şirkət sayılan “Uber” və “Bolt” kimi şirkətlərdə işə düzəlirlər və gündəlik onlarla sərnişini daşıyırlar. Şəxsən mənim ətrafımda nə qədər insan var ki, taksi sifariş verəndə “Toyota Prius” gəlməsin deyə şərt qoyurlar. Çünki həmin markalı avtomobili sürənlər o qədər dəhşətli mənzərə ortaya qoyublar ki, vəziyyət qorxunc həddə çatıb. Ona görə sağlamlığını düşünən vətəndaşlar “Prius” taksilərdən imtina edirlər. Yenə də qeyd edirəm ki, burada günah avtomobil markasında yox, onu idarə edən sürücülərdədir”.

E.Muradlı qeyd edib ki, daha dərinə baxsaq, əsl günahkar sürücüləri səkkiz saatdan artıq işlədən sahibkar və şirkətlərdir: 

"Düşünürəm ki, bu problemi kökündən həll etmək üçün prosesin dərininə enmək lazımdır. Həmin adını çəkdiyim şirkətlər sərnişin daşıma ilə bağlı xarici transmilli şirkət olsa da, Azərbaycanda hegemonluq edirlər və qiymət siyasətini müəyyənləşdirirlər. Bu düzgün deyil. Qiymət siyasətini Azərbaycan dövləti müəyyənləşdirməlidir,  Tarif Şurası qərar verməldir. Daha sonra sürücülərin işə götürülmə prosesi müəyyən olmalıdır. Biz ilk növbədə taksi sürücüsü dedikdə kimi nəzərdə tutduğumuzu aydınlaşdırmalıyıq. Bu gün buna adi heç bir standart yoxdur. İstəyən hər kəs taksi sürücüsü ola bilir”.

Ekspertin sözlərinə görə, sözügedən şirkətlər barədə nə qədər yazılsa da, heç bir tədbir görülmür:

“Artıq ehtimal edirəm ki, bu işin arxasında çox böyük əllər, güclü insanlar dayanıb. Ona görə bu qədər qəzanın içində “Bolt” və “Uber”ə “gözünün üstə qaşın var” deyən yoxdur. Ona görə də bu özbaşınalıq davam edir. Düşünürəm ki, ciddi şəkildə bu məsələnin üstünə düşmək lazımdır. Bu şirkətlər Prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmandan üstün ola bilməz. Bu fərmanda hər şey açıq-aydın yazılıb. Ardınca Baş Nazir sərəncam imzalayıb. 

Üstündən 6 aya yaxın vaxt keçsə də, hələ də ortada bir iş yoxdur. Nədənsə bu sahədə çox ləng proses gedir. Aidiyyəti qurumlar sanki yerlərində sayırlar. Biraz ciddi işləsələr, nəticə yaxşı olar”.