Dünya Azərbaycanı artıq ədaləti bərpa etmiş ölkə kimi tanıyır

Bundan sonra da diasporamız uğurlu fəaliyyətini davam etdirərək haqq səsini yüksəldəcək

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

  Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ulu öndər, bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq idi. Diaspor fəaliyyətinin inkişafı istiqamətində atılan ən mühüm addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. 

Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymuşdu. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsi tarixi zərurətə çevrilmişdi. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlirdi. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Prezidentin "Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir. 
  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, Komitə 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən təsis olunub. Sədrin sözlərinə görə, bu təsisat ilə ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi kurs istiqamətində ilk genişmiqyaslı işlərin təməli qoyulub. Dünyada artıq 70-dən çox ölkədə müxtəlif növ istiqamətdə fəaliyyət göstərən diaspor qurumunun mövcud olduğunu bildirən Komitə sədri bunların ümumilikdə uzaqgörən siyasətin nəticəsi olaraq formalaşdığını, yumşaq güc rolunu oynadığını xatırladıb: “Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində torpaqlarımıza qayıtmışıq, amma 30 il bundan öncə bu məsələlər çox aktual idi və dünya ictimaiyyəti yeni texnologiyaların nəticəsi olan sosial şəbəkələrdə qlobal informasiya məkanında birləşməmişdi. Bizim üçünsə yaşadığımız ölkələrdə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırması çox vacib bir amil idi. Belə vaxtlarda Azərbaycan diasporunun təşkilatlanması, vahid məqsəd ətrafında birləşməsi olduqca vacib idi”. 

  Artıq dünyanın 51 ölkəsində birbaşa diasporun fəaliyyət göstərdiyini, 80-ə yaxın ölkədə Azərbaycan diaspor nümayəndəsinin olduğunu qeyd edən Komitə sədri Şuşada keçirilən Zəfər Qurultayından söhbət açıb. Prezident İlham Əliyevin ölkəmizin diasporunun əməyinə verdiyi qiyməti gələcək fəaliyyət istiqaməti üçün böyük stimul olduğunu bildirib:

 “Bu günə qədər 18 Azərbaycan evi açılıb və bu proses bütün dünyada davam edir. Eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şənbə-bazar məktəbləri fəaliyyət göstərir. Biz inanırıq ki, ilin axırına qədər bu məktəblərin sayı iki dəfə artacaq”. Azərbaycan dövlətinin imkanlarının genişliyindən və informasiya mübarizəsində diasporla müntəzəm, intensiv çalışan ekspertlərin çox fəal olduğundan danışan F.Muradov hər bir diaspor təşkilatının ölkəmizin apardığı mübarizədə rolunu qeyd edib: “Son dörd ildə 30-dan çox missiyanın bizim diaspor nümayəndələri tərəfindən işğaldan azad olunmuş torpaqlara səfəri təşkil olunub, bu səfərlərin çərçivəsində həm ekspertlər, həm də tarixçilər, jurnalistlər reallığı görərək dünyaya çatdırıblar. Eyni zamanda, diasporun qazandığı nailiyyət Müzəffər Ali Baş Komandanımızın, Azərbaycan xalqının Qələbəsinin nəticəsidir”. Qəhrəman şəhidlərimizin, əsgərlərimizin Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamasında, bərpasında çox mühüm işlər gördüyünü, hər ay diaspor nümayəndələrimizin xarici ölkələrdə keçirdiyi tədbirlərə şəhid ailələri və qazilərin dəvət olunduğunu vurğulayan Fuad Muradov qarşıda xeyli işlərin olduğunu bildirib: “Dövlətimizin başçısı tərəfindən Şuşa şəhərindəki Zəfər Qurultayında bir neçə istiqamətin vurğulanması bizim üçün yol xəritəsidir”. Gənclər üçün yay məktəblərinin təşkilinin zərurətə çevrildiyini deyən Komitə sədri belə məktəblərdən birinin bu il avqustun 2-8-də Şuşa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacağını qeyd edib.

  Millət vəkili Azər Badamov “Şərq”ə açıqlamasında bildirib ki, dünyanın hər bir guşəsində azərbaycanlılar yaşayır. Deputatın sözlərinə görə, ikinci dəfə qazanılmış müstəqilliyimizin ilk illərində dövlət rəhbərliyində olanlar dünyada yaşayan həmyerlilərimizi unutmuşdu: 

“Məhz xaricdə yaşayan həmyerlilərimizə laqeyd münasibət göstərməsindən sui-istifadə edən ermənilər uzun illər formalaşdırılmış diasporanın gücü uilə beynəlxalq arenada antiazərbaycan fəaliyyəti aparırdı. Ermənilər dünya ictimaiyyətini yalan məlumatlara inandırmışdı. Amma 2003-ci ildə ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə qayıtması ölkə daxilində dövlət sütunlarını möhkəmlətdiyi kimi xaricdə yaşayan həmvətənlərimizlə də koordinasiya olunmuş fəaliyyətin təşkilinə başlanıldı. Ulu öndərin bütün xarici səfərlərində o ölkələrdə yaşayan həmyerlilərimizlə görüşür və onlara öz tövsiyələrini bildirirdi. Nəhayət, 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmlənməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. 5 iyul 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı. Məhz belə dövlət qurumu yaradıldıqdan sonra dünyada yaşayan azərbaycanlılarla koordinasiya olunmuş iş aparılmağa başlandı. Ulu öndərin əsasını qoyduğu diaspor fəaliyyəti Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi”. 

  Parlament üzvü vurğulayıb ki, bu illər ərzində keçirilmiş Dünya azərbaycanlılarının qurultaylarında soydaşlarımız qarşısında müəyyən vəzifələr qoyuldu, hədəflər müəyyənləşdirildi:

 “Müxtəlif ölkələrdə diaspor təşkilatları yaradıldı. Həmin təşkilatlara həmyerlilərimiz dəvət olunaraq təşkilatlanmış iş aparılmağa başlandı. Məhz Leyla xanım Əliyevanın rəhbərliyi altında diaspor təşkilatlarımız müxtəlif ölkələrdə çoxlu tədbirlər keçirdi. Dünyaya Azərbaycanın həqiqətləri tanıdıldı. Ermənilərin lobbi fəaliyyəti nokaut vəziyyətinə salındı və dünya erməninin iç üzünü tanımağa başladı. Təbii ki, bizə erməninin işğalçı və vandalist  üç üzünü tanıtmaq vacib idi. 44 günlük Vətən müharibəsi zamanı da diasporalarımız tərəfindən bir çox ölkələrdə tədbirlər təşkil edildi. 

Azərbaycan şanlı qələbəsi ilə uzun illər pozulmuş ədalətin bərpasına əsaslandığını dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 ili qeyd olunur. Bu 20 ildə dünyada yaşayan azərbaycanlıların arasında milli birlik və həmrəylik yaradılaraq beynəlxalq informasiya müharibəsində ermənilərin yalan informasiya maşınının sındırıldığını deyə bilərik. Artıq Azərbaycanı dünya qalib və ədaləti bərpa etmiş ölkə kimi tanıyır. Xaricdə yaşayan hər bir azərbaycanlı qalib ölkənin soydaşları olaraq başını dik tutaraq qürurla gəzir, azərbaycanlı olmağıyla fəxr edir. 

Təbii ki, Böyük Qələbəmizdən sonra da Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında yeni vəzifələr qoyulub. İnanıram ki, bundan sonra da müstəqil Azərbaycan dövlətinin milli maraqlarına uyğun olaraq azərbaycanlıların lobbiçilik fəaliyyəti təşkilatlanmış şəkildə daha geniş davam etdiriləcək”.