Bakının dayanacaq dərdi... - Nə BNA həll edə bilir, nə də BŞİH

“Müşahidələrimiz göstərir ki, hansısa sahibkar və müəssisə tərəfindən  qanunsuz parklanma yerinin yaradılması  şəhərsalma konsepsiyasında dayancaq probleminin vaxtında həll edilməməsindən qaynaqlanır. Təəssüflər olsun ki, bu  günə qədər istər paytaxtda, istərsə də regionlarda  bununla bağlı konkret konsepsiya hazırlanmayıb. Fikrimcə, bunun əsas səbəbi   adıçəkilən sahədə məqsədli şəkildə pərakəndəlik yaratmaqla bəzi işbazlara əlavə qazanc gətirməkdir”.

Bu barədə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli  “Sherg.az”a paytaxtın mövcud parklama problemi haqqında danışarkən bildirib. O, qeyd edib ki, hazırda ölkədə kifayət qədər avtomobil var və bunların hər biri gündəlik olaraq dayancaqdan istifadə edir:

“2019-cu ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 1.418.404 ədəd olub. Dövlət Statistika Komitəsinin hər il açıqladığı statistikalara görə, hələ 2015-ci ildə Bakıda 728.706 avtomobil qeydiyyatdan keçib. Belə təxmin etmək olar ki, hazırda paytaxtda bu rəqəm 1.5 milyona çatıb. Hər avtomobil sahibi gün ərzində dayanacaqdan istifadəyə görə bir manat xərcləsə, gündəlik 1.5 milyon manat, aylıq 45 milyon, illik isə 540 milyon manat edir. Demək, sahənin bu gün pərakəndə və “sahibsiz” qalmasının kökündə məhz bu məqam və bu rəqəm dayanır. Problemin həlli də ilk olaraq  burdan başlanmalıdır”. 

V.Tofiqli hesab edir ki, qanunsuz parklamanın həll yolu ümumi konsepsiyadan keçir:

“Yəni, sahənin de-fakto “sahibsiz qalması” nəticədə  sahibkara özünəməxsus problem yaradır və nəticə etibarilə “həyatını” təhlükə qarşısında qoyaraq  parkinqi özü yaratmağa cəhd edir. Paytaxtın dayanacaq problemi bu gün hər kəsi narahat edir və narahat da etməlidir. Gündəlik həyatda istifadə etdiyimiz avtomobili saxlamağa demək olar  ki, yer tapmırıq, günün xeyli bir hissəsi də məhz maşını saxlamağa gedir. Baxmayaraq ki, son illərdə yeraltı və yerüstü dayanacaqlar inşa edilir və edilməkdədir. Ancaq avtomobillərin say çoxluğu, sahənin idarəetməsindəki pərakəndəlik, sahə uğrunda gedən mübarizənin açıq-aşkar hiss edilməsi nəticə etibarilə problemin həllinə imkan vermir”.

Ekspertin sözlərinə görə, fakitiki olaraq, bu gün dayanacaq probleminin həlli Bakı Nəqliyyat Agentliyinə həvalə edilib: 
“İlin əvvəlində BNA-nın dayanacaqla bağlı apardığı “mübarizə” və sahəyə de-fakto nəzarəti ələ keçirməyə cəhd etməsi BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsiylə nəticələndi. Altı aya yaxındır ki, BNA-nın  BŞİH-ə verilməsi başa çatmadığından prosesə BŞİH də nəzarət edə bilmir. Onu da nəzərə alaq ki,  prosesin uzanması problemin həllinin uzanmasına da səbəb olur. 

Düşünürəm ki, hazırda de-yure prosesə nəzarət etməli olan Bakı Şəhər İcra Hakimiyyəti hərəkətə keçərək bu sahədəki özbaşınalığa son qoymalıdır.  Qurum həm sakinləri, həm sürücüləri, həm də sahibkarları narahat edən məsələnin həllinə öz töhfəsini verməli və ən əsası əldə edilən maliyyə vəsaitindən  də bələdiyyə büdcəsinə  qanunla nəzərdə tutulan maliyyənin də vaxtlı-vaxtında köçürülməsini təmin etməlidir”.