"Türkiyə yaratdı, biz də yaradaq
"Dezinformasiyalarla Mübarizə Mərkəzi Azərbaycana da vacibdir"
Türkiyədə Dezinformasiyalarla Mübarizə Mərkəzi yaradılıb. Bu barədə ölkənin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviter səhifəsində yazıb. Onun sözlərinə görə, İdris Kardaş mərkəzin koordinatoru təyin olunub. Altun bildirib ki, məqsəd Türkiyəyə qarşı aparılan sistemli dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaqdır.
Media eksperti Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, ayrıca bir qurumun yaradılması problemi kökündən həll etmək üçün yetərli deyil. Onun sözlərinə görə, sosial media dövründə yaşayırıq və burada hər kəs istədiyi platformada istədiyini yaza bilir: “Belə ortamda yanlış informasiyaların yayılması ehtimalı yüksəkdir. Bəzən bunu qəsdən edirlər, bəzən isə bilmədən dezinformasiya yayırlar. O səbəbdən yanlış məlumatların yayılmasının qarşısını birdəfəlik almaq qeyri-mümkündür. Amma ayrıca mərkəzin yaradılması özlüyündə informasiyaları təhlil etmək, onların məqsədli şəkildə yayılıb-yayılmamasını müəyyənləşdirmək, qaynaqlarını araşdırmaq baxımından faydalı ola bilər. Bilirsiz ki, dezinformasiyanı bir qayda olaraq konkret mərkəzlər istehsal edir və dövriyyəyə buraxır. Məsələn, Azərbaycanın ətrafında yerləşən ölkələr - Rusiya, İran, Ermənistan ölkəmizə qarşı mütəmadi dezinformasiya yaymaq üçün xüsusi xidmət göstərirlər, canfəşanlıq edirlər. Belə məqamları aşkarlamaq və qarşısını almaq üçün müəyyən addımlar atıla bilər. Təkrar edirəm, ümumilikdə məsələni birdəfəlik həll etmək mümkün görünməsə də, ən azından informasiyaları nəzarət və müşahidə altına almaq baxımından belə bir təşəbbüs təqdirəlayiqdir”.