Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıbş.Hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi "Mercedes Galendevagen" markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına qəzəblənib.Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyev onu saxlayan polisə "Nə həyasız adamsan?Sirena yandırdığımı görmürsən" deyib.Yol polisi isə cavabında ona "Cənab general, nömrədə yazılmır axı sürən kimdir?!Bizə deyiblər ki, siqnal olmaz"-,deyə bildirir.Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək ordan uzaqlaşıb.Xatırladaq ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilib.
Məsələyə münasibət bildirən Azərbaycan Milli QHT Forumunun sədri, hüquq müdafiəçisi Rauf Zeyni bu haqda “Sherg.az”a danışarkən bildirib ki, bu hadisələr illərdir, bizim düşüncəmizdə kök salmış fikirlərlə bağlıdır:
“Biz necə düşünürüksə,o cür də məmur oluruq . Heç kimə sirr deyil ki, bütün məmurlar özlərini yüksək imtiyazlı hesab edirlər.Fikirləşirlər ki, onları polis saxlaya bilməz. Saxlayırsa, demək onu tanımayıb. Burda bir gerçəklik var. Əgər qanunların aliliyi hamıya şamil edilirsə, polis yol hərəkəti qaydasını pozan generalın da, polkovnikin də ,istənilən məmurun da avtomomobilini saxlaya bilər. Amma zamanla bizim düşüncəmizdə elə bir fikir formalaşıb ki, məmurlara söz demək olmaz”.
R.Zeyni diqqətə çatdırıb ki, dövlət və qanun sevgisi övlad sevgisindən yüksəkdə olmalıdır:
“Nə qədər ki, bizdə şəxsi ambisiya, şəxsi maraq milli maraqlardan, dövlətçilik marağından üstün tutulacaq o zamana qədər də cəmiyyətdə belə hallar olacaq. Biz bunları düzəltməkdən ötrü əvvəlcə cəmiyyətdəki düşüncəni dəyişməliyik. Məmur da, vəzifəli şəxs də sadə olmağı bacarmalıdır”.
R.Zeyni vurğulayıb ki, başqa ölkələrdə məmurlar olduqca sadədir:
“Bizdə isə bəzi məmurlar özlərini elə aparırlar ki, adam onlara yaxınlaşmağa qorxur. Axı niyə belə olmalıdır? Əgər ölkənin prezidenti özü gəncindən yaşlısına qədər bütün kateqoriyalardan olan insanlarla ünsiyyətdə olursa, məmur niyə özünü “göylə aparmalıdır?”. Artıq biryolluq vəzifə şöhrətini ağlımızdan çıxarmalıyıq”.