Alimlərdən SOS siqnalı! - "Yüksək temperaturlu hava ölümcül dəri xərçəngi yaradır"

İngiltərədə aparılan araşdırmaya görə, yüksək temperaturlu havalar ölümcül dəri xərçəngi (melanoma) xəstəliyinin geniş yayılmasına səbəb olacaq.
“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, klimatoloqlar araşdırma zamanı insanların günəşdə çox vaxt keçirdikləri və ultrabənövşəyi radiasiyaya daha çox məruz qaldıqları təqdirdə, onların sağlamlıqlarında ciddi problemlərin yaranacağını bildiriblər. İngiltərəli alimlər ölkələrində qeydə alınan tarixin ən yüksək temperaturuna – 40,2 dərəcə selsiyə diqqət çəkiblər. Onların fikrincə, isti havalar iqlim böhranının nəticəsidir.
Lids Universitetində melanoma tədqiqat qrupuna rəhbərlik edən klinisist alim Kuliya Nyuton-Bişop bu barədə şərh verib.
 "Melanoma əsasən günəş yanıqlarından qaynaqlanır və bu hava o qədər istidir ki, günəş yanıqlarının və daha sonra xəstələnmə hallarının artacağından narahatam",- deyə qeyd edib.
Tədqiqat haqqında danışan Şeffild Universitetinin tibbi onkologiya professoru Sarah Danson  da melanoma xəstələrini müalicə edən bir klinisist kimi, isti yaylarda davam edən tendensiyanın daha çox xəstəliyə və ölümə səbəb olacağından narahatlığını ifadə edib.
Məlumat üçün bildirək ki, “Cancer Research UK”-nin datalarına görə, 1970-ci illərdən bəri İngiltərədə dəri xərçəngindən ölüm nisbətləri üç dəfədən çox artıb.