FHN - Fövqəladə Hadisələr Nüvəsi və ya polkovnikin gizli sərgüzəştləri...

Qulu Məhərrəmli:“Qadınları istismar edib, videoya çəkənlər bir cür əclafdır, bu videonu mübarizə və təzyiq vasitəsi kimi yayanlar da başqa cür əclafdırlar”

Ələsgər Məmmədli:“Olay şəxsin özünə aid məkanda yox,  ictimai yerdə baş verdiyindən hadisənin xəbər dəyəri var”
 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial media seqmentindəki yayılan qeyri-etik görüntüləri ölkə gündəmində şok effekti yaradıb. Cəmiyyətdə ciddi reaksiya dalğası ilə qarşılaşan görüntülər demək olar ki, hər kəsin narazılıq və tənqidinə səbəb olub. Lakin məlum video yalnız sosial şəbəkələrdə deyil, bəzi qeyri-peşəkar və naşı media quruluşları həmin görüntüləri olduğu kimi yayınlayıb. Məhz bu hal ikili yanaşmanın ortaya çıxmasına səbəb olub. 

Əksər media mənsubu jurnalistikanın etik kodekslərini nümunə gətirərək, bu tip xəbərlərin yayılmasını düzgün hesab etməyib. Onların fikrincə, ayrı-ayrı insanların şəxsi həyatına müdaxilə etmək, bu haqda faktları yaymaq yolverilməzdir. Hərçənd ki, bu fikirlərlə razılaşmayanlar da var. Bu qisim insan isə şəxsiyyətin həyatı barədə faktların cəmiyyətin hüquq və qanuni mənafelərini müdafiə etmək naminə yayılmasının tərəfdarıdır.

Professor, media eksperti Qulu Məhərrəmli “Sherg.az”a məsələ ilə bağlı münasibətini bildrirərkən qeyd edib ki, bu o qədər iyrənc mövzudur ki, adam danışmaq istəmir. 

Professor əlavə edib ki, qadınları istismar edib, videoya çəkənlər bir cür əclafdır, bu videonu mübarizə və təzyiq vasitəsi kimi yayanlar da başqa cür əclafdırlar.

 Media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, bu hadisənin xəbər dəyəri var:

“Hadisə dövlət qurumunda baş verib. Önəmli funksiya və formanı daşıyan şəxs dövlət qurumunda öz fərdi məqsədlərini reallaşdırıb. Mövcud qanunvericiliyə görə, bu ciddi bir suçdur. Eyni zamanda baş verənlərin lentə alınması da qanundan kənardır. Çünki gizli çəkiliş qarşı tərəfin həyatı ilə bağlıdır. Bu ictimai əhəmiyyət daşıyır. Jurnalistlər cəmiyyətin ümumi maraqlarına xidmət edən informasiyaları önə çəkirlər. Burada dövlət obyektinin istifadəsi, onun səlahiyyətlərindən sui-istifadə, yaxud tabeliyində olanlara qarşı seksual qısnama cəmiyyətin maraqlarını təşkil edir. Bütün bunlar ictimai əhəmiyyət daşıdığı üçün xəbər predmeti ola bilir. Bunu şəxsi həyat sirləri ilə qarışdırmaq lazım deyil. Hadisə şəxsin özünə aid məkanda yox,  ictimai yerdə baş verdiyindən hadisənin xəbər dəyəri var. Ona görə də xəbərin yayılmasına yönəlik hansısa məhdudiyyət düşünülə bilməz”.