"Ağ ciyərlərimiz" yanır! - Meşə yanğınları ekoloji fəlakətdir

Elmar Nurəliyev: "İnsan faktorunun bu faciədə böyük rolu var"

  Bir müddət öncə Azərbaycanın müxtəlif regionlarında başlayan meşə yanğınları hələ də davam etməkdədir. Şimal rayonlarımızdan başlayan yanğınlar digər rayonlara da keçib. Bir neçə gün əvvəl Qəbələ, Şabran, Quba və Siyəzəndəki meşəlik ərazilər alışmağa başlayıb. İsti və küləkli hava  şəraiti yanğın ocaqlarının söndürülməsinə çətinlik yaratsa da, FHN xüsusi heyət və helikopterlərin köməyi ilə dağlıq-meşəlik ərazilərdəki yanğınları söndürməyə müvəffəq olub.  Hazırda isə Şəki və Oğuzda meşələrin yanması davam edir. Şəkidəki yanğının söndürülməsi üçün ETSN-in yerli qurumlarının 100-ə yaxın əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri çalışır. Eyni zamanda Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.
  Baş verən yanğınlardan və onların yaranma səbəblərindən “Sherg.az"a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, meşə yanğınları bütün dünyada baş verir. Onun sözlərinə görə, həm qonşu ölkələrdə, həm də okeanın digər tayında yanğınlar tüğyan edib: “Burada ən təhlükəli məqam yanğınların çətin relyefli ərazilərdə baş verməsidir. Bu səbəbdən meşə yanğınlarının qarşısını almaq mürəkkəb prosesə çevrilir və yanğın qısa müddət ərzində geniş əraziyə yayılır. Təbii ki, bu da ekologiyaya, insanlara, flora və faunaya külli miqdarda ziyan vurur. Meşə yanğınlarından qorunmaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. 
  Meşə yanğınlarının başvermə səbəbləri müxtəlifdir. Burada texnogen, insan və digər faktorlar ola bilər. Havaların kifayət qədər isti keçməsi də meşə yanğınlarının yayılmasına təkan verir. Yay fəsli ilə bağlı insanların təbiət ilə təmasının artması, onların dağlıq və meşəlik ərazilərə üz tutması yanğınların yaranması üçün əsas amilə çevrilib. Ümumiyyətlə, meşə yanğınlarının yaranmasında insan faktorunun xüsusi payı var. Meşəətrafı ərazilərdə otlaq sahələrinin, əkin-biçin yerlərinin yandırılması, pikniklərin təşkili, plastik, şüşə tullantılar, yandırılan ocaqların sönməsindən əmin olmadan ərazini tərk etmək kimi hərəkətlər nəticədə böyük ölçülü meşə yanğınlarına gətirib çıxarır. Bu səbəbdən meşəlik ərazidə yaşayan insanlar, orada fəaliyyət göstərən turizm şirkətləri və bələdçilər yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər. Turistlər və əhali bu mövzuda əlaqədar qurumlar tərəfindən məlumatlandırılmalıdırlar”.