Bir yandan isti, bir yandan tıxac...

Bakı avqust ayında heç vaxt bu hala düşməmişdi

"Paytaxt hər gün yox, hər dəqiqə böyüyürsə, işıqforlara da yenidən baxılmalıdır, yol infrastrukturu da şəraitə uyğun yenilənməlidir"

  Avqust ayında paytaxtda tıxaclar görünməmiş haldır. Paytaxtda tıxaclar adətən yeni tədris ilindən dərslər tam bitənədək, eləcə də, əhalinin işçi təbəqəsi məzuniyyətini bitirib şəhərə dönəndə yaşanır. Amma son həftədə artıq neçənci dəfədir ki, Bakı Nəqliyyat Agentliyi yollardakı tıxaclar səbəbindən ictimai nəqliyyatdakı gecikmələr barədə məlumat paylaşır. Dünən səhər saatlarında da paytaxtda “yol fəlakəti” yaşanıb. 

Vahid Dispetçer Xidmətinin dünən səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə 86 avtobusun hərəkət intervalında gecikmələr yaranıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, gecikmələr əsasən Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 10-12 dəqiqə gecikmə müşahidə olunub. Həmçinin “3-cü mkr dairəsi” istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmələr olub.  Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə nəqliyyat sıxlığı müşahidə edilib. Bu yolla hərəkət edən avtobusların intervalında da gecikmələr yaranıb. Binəqədi şosesi – Şəhər istiqamətində, Zabrat şosesi – Şəhər istiqamətində, Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində,  Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində, Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində,  Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində... qısası, şəhərin, demək olar bütün əsas yollarında sıxlıq müşahidə edilib. Bu, şəhər əhalisinin adət etdiyi durumdur. Lakin niyə avqustun sonu? 

  Nəqliyyat məsələləri üzrə ekspert  Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında avtomobil sıxlığı və tıxacların yaranmasına xeyli sayda səbəbləri olduğunu dedi:

 - Bir səbəb deyil ki deyək, məhz bu səbəbdən yollarda sıxlıq, tıxac yaranır. Səbəblər olduqca çoxdur, müxtəlifdir. Yol infrastrukturunun düzgün qurulmaması, parklanma yerlərinin olmaması, yaxud düzgün olmaması, avtomobillərin yol kənarlarını – hərəkət zolaqlarını, avtobus dayanacaqlarını zəbt etməsi, avtobus dayanacaqlarının düzgün quraşdırılmaması, xaotik tikililər, yolların əsassız yerə daraldılması, hərəkət zolaqlarının azaldılması, köhnə avtomobillərin çoxluğu, qəza vəziyyətlərinin yaranması, sürücü səriştəsizliyi... Görün, nə qədər səbəb var. “20 Yanvar” dairəsində avtobuslar dayanacaqlara daxil ola bilmir. 

Bu cür çox yerlər var. Avtobusun dayanacağa daxil olub çıxması dəqiqələrlə vaxt aparır. Taksi xidmətləri hər yerdə pərakəndə fəaliyyət göstərir. Avtomobillərin, avtobusların qarşısını kəsirlər.  Bəzi yerlərdə işıqforlar düzgün quraşdırılmayıb. Vaxtilə hərəkət seyrəkliyi olan ərazilərdə işıqforlarda qısa müddətə yaşıl işıq yanır. Halbuki, artıq o istiqamətlərdə hərəkət intensivləşib, lakin işıqforlarda yaşıl işıq əvvəlki kimi 15-25 saniyəlikdir.  Bu da yolda sıxlığın yaranmasına səbəb olur. Bir istiqamətdən gələn avtomobillər sürətlə hərəkət edir, qarşı istiqamətdəki avtomobillər dəqiqələrlə dayanıb gözləməli olur. Bunlar hamısı strateji planlamanın düzgün aparılmamasının nəticəsidir. Paytaxt hər gün yox, hər dəqiqə böyüyürsə, işıqforlara da yenidən baxılmalıdır, yol infrastrukturu da şəraitə uyğun yenilənməlidir. 
  
E.Cəfərov qeyd etdi ki, yol tikintisi, yollarda aparılan təmir işləri də tıxaclara səbəb olur: 

- Hazırda Tbilisi prospektində yol təmir edilir. Ona görə də “20 Yanvar” və şəhər-mərkəz  istiqamətində tıxac yaranıb. İnsanlar saatlarla yollarda qalır. Bir yandan isti, bir yandan da tıxac. İnsanların səbri tükənir, psixoz vəziyyətə düşürlər. Havaların isti keçdiyini nəzərə alıb, təmir işlərini axşam, gecə saatlarında da icra etmək olar. Sadəcə, onda fəhlələrə bir qədər artıq əmək haqqı vermək lazım gələcək, bunu da məmurlar, görünür ki, istəmirlər.

 Paytaxtın bəzi yolları isə əsassız daraldılır. A.Nemətulla küçəsi, Ə.Rəcəbli, S.Ə.Şirvani küçələrində yol, əsaslı bir səbəb göstərilmədən daraldı. S.Ə.Şirvani küçəsində sonradan gördülər ki, dəhşətli vəziyyət yaranıb, yolu əvvəlki halına qaytardılar. Hazırda Yeni Günəşli və Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən yolun bir hissəsində uzun müddətdir istinad divarının tikintisi gedir, həmin yolda 1 ilə yaxındır ki, sürücülər də əziyyət çəkir, vətəndaşlar da. İstinad divarı yolun daraldılması hesabına çəkilir və 4 zolaqlı yolun yalnız bir zolağı ixtisar edilib. 

Onsuz da həmin yol dar idi, indi lap daralıb. İki avtomobil yolla yanaşı hərəkət edə bilməz. Deyilənə görə, yolun daraldılması məqsədli şəkildə edilib, yolun bir hissəsi kəsilərək qəbiristanlıq ərazisinə düşəcək. Amma Avtomobil Yolları Dövlət Agentliyi bu iddiaları rədd edib. Bildirilib ki, istinad divarı qəbiristanlıq ərazisindəki sürüşmənin qarşısını almaq məqsədilə hörülür. İşlər başa çatandan sonra yol yenə də 4 zolaqlı olacaq. Yaşayarıq, görərik. Bilirsiz, mən həqiqətləri söyləyəndə, üzərimə hücuma keçirlər.

Halbuki, söylədiklərim əhalinin, vətəndaşların rahatlığı üçündür. Məmurlarsa, öz rahatlıqlarını, gəlirlərini düşünür.