Təhlükə hər gün yeni şəkil alır

Pandemiya valideynləri smartfon bataqlığına salıb

Uşaqların telefondan necə istifadə etdiyini, kiminlə yazışdığını müəyyənləşdirmək olmur

Sosioloq: "Təhsil Nazirliyi ilə Rabitə, Yüksək Texnologiyalar Nazirliyi birgə işləməli, dövlət proqramı hazırlanmalıdır. Yetkinlik yaşına çatmamış şəxslərin telefonlarına xüsusi filtr proqramları yüklənməlidir"

  “Koronavirus pandemiyası bizi həm də smartfon bataqlığına saldı. Uşaqlar evdə onlayn dərslərə qoşula bilsin deyə, valideynlər məcburiyyət qarşısında onlara müasir mobil telefonlar aldı, amma nəzarət məsələsi yenə arxa planda qaldı. Hətta 8 yaşlı uşağın da şəxsi smartfonu, planşeti var. Bu vəziyyətdə uşaq təhlükəli oyunlara da baxa bilər, tanımadığı, şübhəli, alçaq məqsədlər güdən şəxslərlə mesajlaşa, tanış olub görüşə də bilər”. Bu fikri “Şərq”ə açıqlamasında sosioloq Lalə Mehralı 2021-ci ildə Zabrat qəsəbəsində azyaşlı qıza qarşı edilmiş əxlaqsız hərəkətin başvermə səbəbləri barədə danışarkən dedi. Hadisə barədə məlumat bundan ibarətdir ki, Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Ənvər Dadaşov yetkinlik yaşına çatmayan Gülşənə (adlar şərti verilib - red.) əxlaqsız hərəkətlər edib. KIV-də yer alan məlumatda qeyd olunur ki, hadisə bu il aprel ayının 1-də Zabrat qəsəbəsində baş verib. 

Ənvər özünə məxsus "Skoda Rapid" markalı avtomobilin arxa oturacağında cinsi ehtirasını təmin etmək məqsədilə Gülşənin öz razılığı ilə əxlaqsız hərəkətlər edib. İstintaq orqanı tərəfindən Ənvərin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.  Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ənvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  O bildirib ki, 2021-ci il iyulun əvvəllərində "İnstaqram" sosial şəbəkəsində Gülşən adlı qızla tanış olub: "Gülşənin yaşını soruşmasam da, onun azyaşlı olduğunu bilirdim. Onun fotoşəkillərinə baxmışdım və ondan çox xoşum gəlmişdi. Gülşən ilə "İnstaqram" sosial şəbəkəsində bir müddət yazışdıqdan sonra görüşmək qərarına gəldik. İlk olaraq birinci dəfə Gülşən ilə 20 iyul 2021-ci ildə Zabrat qəsəbəsi, İstixana Kombinatında görüşdük. Gülşən idarə etdiyim "Skoda Rapid" markalı avtomobilimə əyləşdi. Gülşən ilə bir az söhbət etdikdən sonra onu evlərinə yola saldım".   Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün aralarında hər hansı bir münasibət olmayıb: "Gülşənlə yalnız söhbət etdik. Sonra Gülşən ilə yenə də "İnstagram" sosial şəbəkəsində danışarkən aramızda müəyyən anlaşılmazlıq olduğu üçün sözlə mübahisə etdik. Gülşən profilimi blok etdi. Sonra başqa profil açaraq Gülşənə yazdım və nə üçün məni blok etdiyini, onunla yenidən görüşmək istədiyimi bildirdim. Lakin Gülşən cavab yazmadı. Bir neçə gün keçdikdən sonra Gülşənlə yenidən danışmağa başladıq". Ənvər qeyd edib ki, 1 aprel 2022-ci ildə Gülşən ona yazaraq görüşmək istədiyini bildirib: "Mən də razılaşdım. Həmin gün onunla Zabrat qəsəbəsində İstixana yolunda görüşdük. Gülşən yenidən idarə etdiyim avtomobilimə əyləşdi. Gülşənin razılığı ilə ona yaxınlaşdım. Azyaşlı olduğu üçün onunla cinsi əlaqədə olmadım. Gülşən xahişimlə intim hərəkətlərimizi mobil telefonla videoya çəkdi". Ənvər ifadəsinin sonunda etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş tərəfdən etdiyi əmələ görə üzr istədiyini deyib. Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxlılıb. Məhkəmənin hökmü ilə Ənvər 2 il müddətinə azadlıqdan məhrum edilib.
  Sosioloq Lalə Mehralı bu səpkili hərəkətlərin baş verməsində ilk növbədə valideyn nəzarətsizliyini əsas gətirir: 
- Məsələnin kökündə yenə də valideynlərin məlumatsızlığı, savadsızlıq, cahillik, övlada lazımi qaydada nəzarətin olmaması, səhlənkarlıq dayanır. Bunların hamısı bir-biriylə bağlı səbəblərdir. Mən “savadsız” dedikdə valideynin ali təhsilsiz olmasını qətiyyən nəzərdə tutmuram. Söhbət ali və ya orta, yaxud da ümumiyyətlə, təhsilli-təhsilsiz olmaqda deyil. Elə təhsilsiz valideynlər var ki, bilikli, istedadlı, ailəyə, ümumiyyətlə, Azərbaycan ailə dəyərlərinə uyğun övlad yetişdirirlər, el-oba onlarla fəxr edir. Və əksinə, ali təhsilli, yüksək vəzifə sahibi valideynlər var ki, övladları, cəmiyyətin üz qaralarıdır. Məsələ, valideynin övladına hansı formada nəzarət etməsindədir. Demirəm, uşağın hər addımı izlənməlidir, halbuki, yaşadığımız həyat, əslində bunu tələb edir. Uşağa elə formada nəzarət etmək olar ki, onun özü bundan xəbərsiz olsun. Daim ata-ananın gözünün onun “üstündə” olduğunu hiss etməsin. Sərbəst hərəkət etsin, özünü müstəqil hesab etsin. Belədə uşaqda müsbət keyfiyyətlər, bacarıqlar üzə çıxa bilər. Lakin valideyn gizli-aşkar, daim övladına nəzarət etməlidir. Kiminlə dostluq edir, dostu ilə münasibətləri necədir, sinif yoldaşları ilə necə davranır, onunla necə davranırlar.  Yetkinlik yaşındakı övlada isə xüsusi nəzarət lazımdır. Mən 15 yaşlı oğlumun hər addımından xəbərdaram. Çünki onu hansı təhlükələrin gözləyə biləcəyini dərk edirəm, bilirəm. Valideyn övladının salamat olmasını, sağlam şəraitdə böyüməsini istəyirsə, ciddi nəzarət etməlidir. Nəzarət də təkcə gecə-gündüz uşağı izləməkdən ibarət olmamalıdır. Valideyn övladının maraqlarını, istəklərini bilməlidir, onunla daim ünsiyyətdə olmalı, hansı problemlər yaşadığını bilməlidir. Belədə nə valideyn övladını “itirəcək”, nə də övlad ata-anasını. Və onlar arasında mənəvi bağ yaranacaq. Açıq deyirəm, pandemiya biz valideynləri samrtfon bataqlığına saldı. Məcburiyyət qarşısında qalıb uşaqlara smartonlar alındı ki, onlayn dərslərə qoşula bilsinlər. Bəzən uşaqlar da onlayn dərsləri bəhanə edib ata-anadan mobil telefon, planşet tələb etdilər. Belə bir çıxılmaz vəziyyət yarandı. Lakin bu, o demək deyildi ki, valideyn uşağın  onlayn dərsdən sonra mobil telefonda nələrə baxdığı, nələri izlədiyini, kiminlə danışdığını və tanışdığı ilə maraqlanmasın. Xüsusi filtr proqramlar var, hansı ki, zərərli videolara, zərərli şəbəkələrə girişi bloklayır. Təəssüf ki, valideynlərin çoxu bundan xəbərsizdir, məlumatları yoxdur. Valideynlər heç özləri də təsəvvür etmir ki, övladları hansı zərərli sosial şəbəkələrə qoşula bilər, onları hansı təhlükə gözləyir.  Çünki məlumatsızdılar.
  L.Mehralı qeyd etdi ki, smartfonlara xüsusi izləmə proqramları da yükləmək mümkündür, bunun sayəsində övladın hansı saatda harada olduğunu bilmək olar: 
- Müasir texnologiyalar geniş imkanlar verir. Filtr proqramlarla yanaşı, izləmə proqramları da yükləmək olar. Satış mərkəzləri üçün bu, maraqlı deyil, onlar satış barədə düşünür. Amma valideynlər məlumatlı olsalar, elə satış məntəqəsində bu proqramları smartfonlara yükləyə bilərlər. Uşaqların nəzarətsiz qalmasının bir səbəbi də repetitor hazırlıqlarıdır. Məlum məsələdir ki, valideynlər məktəb direktorları ilə razılığa gəlir, uşaqlar məktəbə yox, repetitor dərslərinə gedir, məktəbdən evə dönmək zamanı bilinmir, dərsdə olmurlar, deyirlər, dərsdəyik, məktəb şagirdə, valideyn də övladına nəzarəti itirir. 14-15 yaşlı oğlan və ya qız, hansı səbəblə, dərsdən sonrakı vaxtda evdən kənarda qalır? Qohumugilə gedirsə, qohumla əlaqə saxlansın, kənar məşğələlərə gedirsə, yenə də məşğələ müəllimi ilə əlaqə saxlanmalıdır. Ata-ana uşağın harda, kimin yanında olduğunu, nə işlə məşğul olduğunu bilməlidir. Valideyn telefonlara baxsın, görsün, uşaq kiminlə danışır, kiminlə yazışır. Ümumiyyətlə, bu məsələ ilə bağlı, hesab edirəm ki, Təhsil Nazirliyi ilə Rabitə, Yüksək Texnologiyalar Nazirliyi birgə işləməli, dövlət proqramı hazırlanmalıdır. Yetkinlik yaşına çatmamış şəxslərin telefonlarına xüsusi filtr proqramları yüklənməlidir. Bu, kiminsə təkbaşına, fərdi qaydada öhdəsindən gələcəyi iş deyil. Burada birgə iş, əməkdaşlıq lazımdır.