“Buna hazırlıqlı olmaq üçün ölkəmiz sosial-iqtisadi vəziyyətdə ciddi dəyişiklik etməlidir”
“Ciddi kataklizmlərə hazırlıqsızıq"
Rusiya Prezidenti Vladimir Putinin "qismən səfərbərlik" qərarından sonra minlərlə rus və ya Rusiya vətəndaşlığı olan qeyri-ruslar ölkəni tərk etməkdədir. Səfərbərlikdən qaçanlar əsasən Gürcüstana, Qazaxıstana və Avropa ölkələrinə, ABŞ-a, o cümlədən Azərbaycana üz tuturlar. Təbii ki, bizim üçün maraqlı olan Azərbaycandır. Deyilənə görə, xeyli rus, o cümlədən Rusiya vətəndaşı olan azərbaycanlılar artıq ölkəmizə gəlib. Köç prosesinin davam etdiyi deyilir. Azərbaycanın quru sərhədlərinin bağlı olması prosesi məhdudlaşdırsa da, hava nəqliyyatı ilə sərhədi keçmək niyyətində olanların da kifayət qədər çox olduğu bildirilir. Bəzi ekspertlərin fikrincə, rusların, yaxud öz soydaşlarımızın Azərbaycana kütləvi axını müəyyən iqtisadi problemləri də özü ilə gətirə bilər.
İqtisadçı Natiq Cəfərli "Şərq"ə bildirib ki, Rusiya əhalisinin bir hissəsi səfərbərlikdən yaxa qurtarmaq üçün ölkədən qaçmağa çalışır. Ancaq ekspertin sözlərinə görə, Rusiyanı tərk etmək istəyənlərin sayı mediada iddia edildiyi kimi çox deyil:
"Son bir həftədə Gürcüstana 80 min, Qazaxıstana 100 minə, Avropa Birliyi ölkələrinə 66 min insanın keçdiyi deyilir. Ümumilikdə təqribən 300-400 min arası Rusiya vətəndaşından söhbət gedir. Ölkə əhalisinin 148 milyon olduğunu nəzərə alsaq, Rusiyadan gedənlərin sayının çox kiçik, əhəmiyyətsiz olduğunu görərik.
Əlbəttə, Rusiyada yaşayan soydaşlarımızın istənilən problemlə üzləşməsi, çıxılmaz vəziyyətdə qalması Azərbaycan hökumətinin diqqətində olmalıdır.
Burada iki problem var. Rusiya vətəndaşlığı almış azərbaycanlılar da çağırışçı hesab olunurlar. Amma Azərbaycan vətəndaşı olduğu halda Rusiyada leqal və ya qeyri-leqal yollarla çalışan həmvətənlərimizin müharibəyə çağırılması mümkün deyil.
Qanun buna icazə vermir. Lakin ümumən Rusiyada sosial və iqtisadi vəziyyətin çətinləşməsi, dolanışığın mürəkkəbləşməsi onların da Azərbaycana geri dönməsinə şərait yaradır. Açığını deyək ki, Azərbaycan infrastruktur baxımından, sosial-iqtisadi cəhətdən bu köçə hazır deyil.
Onsuz da ölkədə ciddi işsizlik və sosial problemlər mövcuddur. Əgər belə köç dalğası olarsa, buna hazırlıqlı olmaq üçün Azərbaycanda sosial-iqtisadi vəziyyətdə ciddi dəyişiklik edilməlidir. Yeni iş yerləri açılmalıdır. Ciddi kataklizmlərə hazırlıqsızıq".